
50 000 il əvvəl Avropa neandertallara məxsus olub. Onlar daha güclü, dözümlü və sərt iqlimə mükəmməl uyğunlaşmışdılar. Amma çox keçmədən onların torpaqlarına əcdadlarımız – Homo sapiens-lər gəliblər. Və cəmi 10 000 il ərzində neandertallar həmişəlik yoxa çıxıblar. Bəs niyə biz buradayıq, amma onlar yox? Onları bizmi məhv etmişik, yoxsa səbəb tamamilə başqa bir şeydədir?
Məlum olub ki, bu iki insan növü əvvəl düşünüldüyündən daha dost münasibətlərdə olublar. Hətta elə hesab olunur ki, neandertal genomu olmadan Homo sapiens-lərin sərt Avropa iqlimində möhkəmlənməsi çətin olardı. Neandertallar Homo sapiens-lərlə müqayisədə daha əzələli olublar. Onların beyin həcmi də daha böyük olub. Buna baxmayaraq, onların növü yoxa çıxıb, bizim növümüz isə bu günədək inkişaf edib və yaşayır.
Əvvəllər düşünülürdü ki, neandertallar əcdadlarımız tərəfindən sıxışdırılıb və bu səbəbdən yoxa çıxıblar. Lakin son tədqiqatlar bu fərziyyəni tək səbəb olaraq qəbul etməyib, əksinə, onun yalnız bir hissə olduğunu göstəriblər.
1. Qadınlar uşaq doğmaqdan imtina ediblər
Alimlər müəyyən ediblər ki, bir müddətdən sonra neandertallar getdikcə daha az uşaq doğublar. Bu hal, yəqin ki, ətraf mühitin pisləşməsi və qida çatışmazlığı ilə bağlı olub. Fransız alimlərinin “Pub Med” adlı elmi jurnalda dərc etdikləri tədqiqat göstərib ki, cəmi 4%-dən az, lakin davamlı doğum səviyyəsinin aşağı düşməsi belə, gənc neandertal qadınların doğumunun azalması fonunda populyasiya dinamikasına ciddi təsir göstərib və onların yoxa çıxmasını sürətləndirib. Riyazi modelləşdirmə göstərib ki, doğum səviyyəsinin cəmi 2.7% azalması belə, 10 000 il ərzində neandertalların növ kimi yox olmasına gətirib çıxarıb.
2. Genetik faktorlar
Neandertal populyasiyalarının azalması yaxın qohumlu evliliklərin (inbridingin) artmasına səbəb olub. Genetik tədqiqatlar göstərib ki, bu hal zərərli mutasiyaların yığılmasına, immun sisteminin zəifləməsinə və anadangəlmə qüsurların artmasına gətirib çıxarıb. Nəticədə, sağlam nəslin doğulma ehtimalı azalıb və bu da neandertalların daha sürətli yox olmasına səbəb olub.
3. Epidemiya
Bir müddət sonra neandertallar herpes xəstəliyinə yoluxublar. Alman alimlərinin “National Library of Medicine” jurnalında dərc olunan məqaləsində qeyd olunub ki, təxminən 50 000 il əvvəl herpes neandertallar arasında sürətlə yayılmağa başlayıb. Bu xəstəlik ölümcül olmasa da, populyasiyaya ciddi ziyan vurub. Neandertallar dərhal ölməyiblər – sadəcə, get-gedə zəifləyiblər və nəhayət yox olublar. Herpes virusları uzunmüddətli infeksiyalar yarada biliblər – bu infeksiyalar insanı dərhal öldürməyib, lakin zamanla orqanizmi zəif salıblar. Nəticədə immun sistem zəifləyib və reproduktiv qabiliyyət azalıb.
4. Ovçuluq və ölüm riski
Neandertalların skeletlərində və sümüklərində vəhşi heyvanların vurduğu xəsarətlərin izləri tapılıb. Homo sapiens-lərdə isə belə xəsarətlərə rast gəlmə ehtimalı onlarla dəfə az olub. Bəs səbəb nədir? Ov strategiyasında fərq olub. Neandertallar yaxın məsafədən döyüşdə ustalaşıblar. Onlar Homo sapiens-lərdən daha əzələli olublar. Homo sapiens-lər isə uzaqdan hücuma üstünlük veriblər – onlar nizələrdən istifadə ediblər. Daha sonra isə ox və kaman ixtira ediblər. İkinci əsas səbəb – iqlim olub. Buz dövrü neandertallar üçün son zərbə olub. Onların populyasiyası sürətlə azalıb və sərt iqlim bu prosesi daha da sürətləndirib. Neandertallar ətraf mühitin sürətli dəyişikliklərinə uyğunlaşa bilməyiblər, bu isə onların yox olmasına gətirib çıxarıb.
5. Homo sapiens-lər sosial olublar
Homo sapiens-lər birlikdə yaşayıblar, hər kəsin cəmiyyətdə rolu olub. Onların liderləri, ovçuları, sənətkarları olub. Onlar bilik ötürməyi bacarıblar, yeni alətlər yaradıblar və sürətlə uyğunlaşıblar. Bu isə onlara resurs uğrunda rəqabətdə üstünlük verib. Neandertallar isə kiçik ailələr şəklində yaşayıblar. Homo sapiens-lər böyük qruplarda birləşməyi və birlikdə koordinasiyalı hərəkət etməyi bacarıblar. Onlar mürəkkəb sosial strukturlar qurublar – liderlər, ixtisaslaşmış ovçular, toplayıcılar və alət ustaları olub. Bu isə onların daha effektiv fəaliyyət göstərməsinə və ağır şəraitdə belə yaşamağına imkan verib.
6. Məhv etməyiblər, inteqrasiya ediblər
Genetik tədqiqatlar göstərib ki, təxminən 47 000 il əvvəl Homo sapiens-lərlə neandertallar arasında aktiv qarışıq nəsil əmələ gəlib. Homo sapiens-lərin say üstünlüyü nəticəsində neandertallar tədricən bu populyasiyalarda əriyib və yox olublar. Müasir Avropa və Asiya insanlarının DNT-sində 1-4% arasında neandertal genləri qalmaqda davam edir. Neandertallar Homo sapiens-lərdən sayca dəfələrlə az olublar. Nəticədə onlar bizim əcdadlarımızın tayfalarına qarışaraq tədricən assimilyasiya olunublar.
7. Neandertal DNT-si çox qiymətli olub
Yalnız neandertallarla qarışan Homo sapiens populyasiyaları inkişaf edə biliblər. Digər xətlər isə tədricən yox olublar. Növlərarası qarışma Homo sapiens-lərin sağ qalması üçün əsas amillərdən biri olub, – deyə Maks Plank Evolyusiya Antropologiyası İnstitutundan Pol Sümer bildirib. Neandertallar əcdadlarımıza bəzi vacib genləri veriblər ki, bu da Homo sapiens-lərə sərt Avropa şəraitində möhkəmlənməyə imkan verib. Bu genlərə immun sistemlə, az günəş işığında D vitamini mənimsənilməsi ilə bağlı genlər daxildir. Keratinin funksiyasına təsir edən neandertal genləri isə Avropa və Asiya insanlarının dərisinin daha açıq rəngli olmasına səbəb olub. Homo sapiens ən güclü olmaya bilib, amma ən dözümlü və yaşamağa qadir növ olub. Onlar uyğunlaşıblar, öyrəniblər, sağ qalıblar – və qalib gəliblər. Bu da təkamülün əsas qanunudur: ən güclü və ya ən ağıllı deyil, ən yaxşı uyğunlaşan sağ qalır.
Biz – yeganə sağ qalan növük. Amma kim bilir? Min illər sonra, bəlkə də, kimsə bizim DNT-mizi öyrənəcək və bizim niyə yoxa çıxdığımızı düşünəcək...
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Kərimli
