Bu gün:

Heyvanların da insanlar kimi bənzərsiz barmaq izləri var?


Əlinizi bir səthə toxundurduğunuzda yaranan o xətli izlərin sizə məxsus olduğunu yəqin ki, bilirsiniz. Ancaq eyni səthə bir koala toxunduqda yaranan izlərin insan barmaq izlərinə inanılmaz dərəcədə bənzədiyini bilirdinizmi? Uzun illər ərzində barmaq izlərinin yalnız insanlara məxsus olduğu düşünülürdü. Lakin təkamül bu məsələdə müəyyən sürprizlər təqdim edir. Bəzi heyvanların da, insanlar kimi – bəzən isə daha da mürəkkəb – özlərinə xas izləri mövcuddur. Üstəlik, bu izlər yalnız görünüş baxımından deyil, funksional olaraq da mühüm rol oynayır.

İlk ağla gələn heyvanlar, şübhəsiz ki, meymunlar olar. Bəli, onlar da insanlar kimi barmaq izlərinə malikdirlər. Lakin əsas təəccüblü fakt Avstraliyanın sevimli canlılarından olan koalalarla bağlıdır. Koalaların barmaq izləri o qədər insan barmaq izlərinə bənzəyir ki, mikroskop altında belə fərqləndirilməsi demək olar ki, mümkünsüzdür. Maraqlısı budur ki, bu oxşarlıq təkcə qohumluqla izah edilə bilməz, çünki insanlar və koalaların son ortaq əcdadı təxminən 100 milyon il əvvəl yaşayıb.

Alimlər bu hadisəni "konvergent təkamül" — yəni müxtəlif növlərin eyni xüsusiyyətləri müstəqil şəkildə inkişaf etdirməsi ilə əlaqələndirirlər. Koalalar olduqca seçici heyvanlardır; yalnız müəyyən yaşda olan evkalipt yarpaqlarını yeyirlər. Bu səbəbdən, barmaq uclarındakı xətli quruluşun toxunma hissini gücləndirərək ideal yarpağı ayırd etməyə kömək etdiyi düşünülür.

Barmaq izləri dəri ilə təmasda olan cisimlərdə vibrasiyalar yaradır və bu vibrasiyalar sinir ucları vasitəsilə qəbul olunaraq detallı toxunma hissi yaradır. Hətta bəzi araşdırmalara görə, barmaq izləri bu vibrasiyaları 100 dəfə gücləndirə bilir.

Koalaların barmaq izləri o qədər insana bənzəyir ki, bəzən kriminal ekspertizalarda çaşqınlığa səbəb olub. Məsələn, illər öncə Avstraliyada bəzi cinayət hadisələrinin məlumat bazasında “insana aid olduğu düşünülən, lakin ehtimal ki, koalaya məxsus” barmaq izləri aşkar edilib. Hətta 2002-ci ildə İngiltərənin Hampshire polisi makakların barmaq izlərini öyrənmək məqsədilə bir zooparkla birgə tədqiqat aparıb. Məqsəd fərdləri tanımaq və qaçaqmalçılığın qarşısını almaq idi. Eyni dövrdə İngiltərədəki meymun sığınacaqlarında şüşələr üzərində yaranan izlərin hansı növə aid olduğunu müəyyənləşdirmək belə çətinləşməyib.

Koala və meymunlardan başqa, bir çox heyvanlarda barmaq izləri olmasa da, fərdi identifikasiyaya imkan verən fiziki əlamətlər mövcuddur. Məsələn, pişik və itlərin bığ quruluşu hər bir fərddə fərqlidir. Zebrların xətləri, leopardların ləkələri, xallı yunusların bədən naxışları və kambur balinaların quyruqlarının altındakı izlər belə onları bir-birindən ayırmaq üçün istifadə edilir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et