Kişilərin dikdaban geyinməsi sizə qəribə gəlirsə, keçmişə bir qədər daha yaxından baxmaq lazımdır.
Çünki modanın yaddaşı güclüdür. Bir zamanlar dikdaban ayaqqabılar kişiliyin, zadəganlığın və var-dövlətin simvolu sayılırdı. Zaman keçdikcə bu simvolik məna dəyişdi və yerini tamamilə fərqli mənalara verdi.
Bəs bu böyük dəyişiklik necə başladı və niyə bu gün hələ də geri dönmür?
Əslində, dikdaban ayaqqabılar uzun illərdən bəri kişilər üçün nəzərdə tutulub. Bu gün podiumda və ya qırmızı xalçada dikdaban geyinmiş bir kişi görəndə bunu “cəsarətli seçim” kimi qəbul etsək də, 17-ci əsrdə bu mənzərə olduqca adi sayılırdı. O dövrlərdə hündür dabanlı ayaqqabılar var-dövlətin, gücün və sosial statusun açıq göstəricisi idi.
Asiyanın qərbindən Avropaya idxal edilən dikdaban ayaqqabılar ilk dəfə 10-cu əsrdə at sürməyi asanlaşdırmaq məqsədilə hazırlanmışdı. Lakin zaman keçdikcə bu praktik məqsəd yerini simvolik mənalara verib.
Məsələn, Fransa kralı XIV Lüdovikin qırmızı dabanlı ayaqqabıları yalnız saray zadəganlarına icazə verilən bir sosial statusun göstəricisi idi və o qədər əhəmiyyətli idi ki, kral portretlərində ayaqlarını göstərmək üçün xüsusi pozalar verirdi.
Bəs nə oldu ki, bu güclü simvol bir anda “qadınsayağı” olaraq bilindi?
Bu dəyişiklikdən sonra dikdaban ayaqqabılar qadınlar üçün sadəcə estetik bir detal olaraq qalmayıb, onlar eyni zamanda sosial və siyasi bir mesaj daşımağa başlayıb. Zamanla qadın modasında dikdaban ayaqqabı yalnız bəzək vasitəsi deyil, həm də sıxışdırılmış bir zərifliyin simvoluna çevrildi. Kişilər güclərini sadə kostyumlarla göstərməyə başladıqda, qadınlara yüklənən ideal gözəllik anlayışı balaca ayaqlar və incə addımlar üzərində qurulub.
Dikdaban ayaqqabılar zamanla qadınların ayaqlarını daha kiçik göstərmək, yerişlərini dəyişdirmək və ümumi siluetlərini zərifləşdirmək məqsədilə dizayn edilib. Beləliklə, bir zamanlar kişi modasında güc göstəricisi olan dikdaban, qadın modasında arzunun və kövrəkliyin simvoluna çevrilib. Yəni eyni ayaqqabı, fərqli cinsiyyətlərdə tamamilə başqa mənalar qazanıb.
Son illərdə Jared Leto-dan tutmuş Jaden Smith-ə qədər bir çox kişi sənətçi dikdaban ayaqqabılar geyinsə də, bu hələ də qeyri-adi bir görüntü sayılır. Rick Owens kimi markalar podiumlarında dikdaban geyinmiş kişi modelləri təqdim etsə də, bu stil küçə modasında geniş yayılmayıb.
Araşdırmalar göstərir ki, kişilər hündür görünmək istəsələr də, dikdaban geyinməkdənsə, ayaqqabı içində gizli yüksəldicilərdən istifadə etməyə üstünlük verirlər. Çünki cəmiyyətin yazılmamış qaydaları hələ də dikdabanı “qadına aid” bir detal kimi qəbul edir.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
