Bu gün:

Black Mirror Eulogy təsviri


Netflixdə yayımlanan Çarli Brookerin məşhur serialı “Black Mirror”un yeddinci mövsümündə yer alan və baş rolda Paul Ciamattinin oynadığı Eulogy adlı yeni epizod izləyiciləri emosional olaraq darmadağın edib.

2011-ci ildən bəri Çarli Brooker və Annabel Consun distopik antologiyası olan “Black Mirror” texnologiyanın qaranlıq tərəfini göstərən 34 fərqli hekayə ilə tanınıb: kompüter sistemlərinin və rəqəmsal cihazların insan həyatını necə təhrif edə və hətta sona çatdıra biləcəyini araşdırır. Serialda adətən şokedici və bükümlərlə dolu epizodlar yer alır. Ancaq bəzən texnologiyanın pozulduğu ssenaridən kənara çıxaraq insan varlığının qat-qat mürəkkəb duyğularını da nümayiş etdirən epizodlar olur. Bu yumşaq və emosional tərəf daha əvvəl “San Junipero” (2016) kimi sevilən epizodlarda da görünüb – iki qadın arasında 80-ci illərdə baş verən bir sevgi hekayəsi, əslində, ölülərlə dirilərin birgə mövcud olduğu virtual reallıqda cərəyan edir. “Be Right Back” (2013) süni intellekt və itki hissinin insanı necə texnologiyaya sarı çəkə biləcəyini göstərir. “The Entire History of You” (2011) isə yaddaşı qeydə alan implantlar vasitəsilə xəyanət və ehtiras mövzusunu dağıdıcı şəkildə təqdim edir.

Yeddinci mövsümdə yer alan Plaything və Common People kimi bir qədər absurd və apokaliptik texnologiya tənqidinə baxmayaraq, “Black Mirror”un gücü texnologiyanın əsas deyil, arxa plan olduğu, insani duyğuların önə çıxdığı hekayələrdə daha aydın hiss olunur. Yeni mövsüm də görünür, bu yanaşmanı daha çox mənimsəyib və bəlkə də serialın ən emosional mövsümüdür. Yeddi epizodun üçü sevgi hekayəsi ətrafında qurulub, lakin xüsusilə beşinci epizod olan Eulogy yayımlandığı gün izləyiciləri səssizcə sarsıdıb.

“Eulogy məni tamamilə gözləmədiyim şəkildə yıxıb”, – bir izləyici X-də (keçmiş Twitter) yazıb. Başqa biri isə epizodu “tamamilə ürək parçalayıcı, amma heyrətamiz bir televiziya işi… sadəcə gözəl və ağrılı” adlandırıb. Tənqidçilər də razıdır. Stylist jurnalından Keylih Drey “Eulogy məni sarsıdıb və düşünməyi dayandıra bilmirəm”,- deyib.

Brooker bildirib ki, atasının vəfatı və onun dəfnində etdiyi çıxış bu mövzunu onun üçün daha da emosional edib.

Eulogy – Brooker və Ella Roudun birgə qələmə aldığı epizod – Paul Ciamattinin canlandırdığı Filip obrazını təqdim edir. O, keçmiş sevgilisi Karol Roys üçün yazılacaq vida nitqinə kömək məqsədilə yaddaş çipi texnologiyasından istifadə etməyə razı olur. Epizodda texnologiya vasitəsilə Filip keçmiş fotoların içinə “daxil ola bilir” və həmin anları canlandıraraq keçmişini yenidən yaşayır. Bu vizual effektlər təsiredici olsa da, əsas emosional yük onun köhnə əşyaları və şəkilləri ilə birlikdə Karol ilə münasibətini yenidən qurmasından gəlir. Məlum olur ki, Filip Karola xəyanət edib, daha sonra isə dramatik bir evlilik təklifi edib, amma Karol onu tərk edib və bir daha heç vaxt geri dönməyib.

Filipin emosional sarsıntısı Ciamattinin güclü monoloqları ilə zirvəyə çatır. Ancaq “eulogy çipi”ndəki avatar bələdçisi vasitəsilə o, münasibətlərə başqa bir tərəfdən baxmağa başlayır və bəlkə də hər şeyi dəyişə biləcək həqiqətləri öyrənir, amma təəssüf ki, artıq çox gecdir.

Brooker bildirib ki, Eulogy əslində “Be Right Back” və “The Entire History of You” epizodlarının ruhdaşıdır və yaddaşın, fotoqrafiyanın və keçmişi subyektiv şəkildə necə təhrif edə biləcəyini araşdırır. Filip üçün nostalji artıq acı xatirələrə çevrilib. Gözəl olan hər şey keçmişdə qalıb və onun yerini peşmançılıq, küskünlük və ağrı alıb. Epizodun sonunda bir xoşbəxt son yoxdur, amma Filipə bir növ katarzis yaşamaq imkanı verilir, bu da izləyicilərin qəlbinə toxunan hissədir. Ciamatti də ssenarini oxuyarkən çox təsirləndiyini etiraf edib: “Sonda həqiqətən çox təsirləndim, bu hər zaman baş vermir”.

Ən sərt Black Mirror fanatları belə bu epizodun ən emosional və təsirli bölümlərdən biri olduğunu qəbul edir.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et