1518-ci ilin iyul ayında baş verən rəqs vəbası Müqəddəs Roma İmperiyasının tərkibində olan Strazburq şəhərində qeydə alınan sirli və qəribə bir hadisədir.

Hər şey Frau Troffea adlı bir qadının küçəyə çıxaraq dayanmadan rəqs etməsi ilə başlayıb. Bir neçə gün fasiləsiz rəqs etdikdən sonra qadına onlarla, daha sonra isə yüzlərlə insan qoşulub. Təxminən 400 nəfər bir ay ərzində küçələrdə durmadan rəqs edib. Onlardan bəziləri yorğunluqdan yıxılıb, digərləri isə ürək tutması və ya insult səbəbilə həyatını itirib.
Şəhər rəhbərliyi və dövrün həkimləri vəziyyətə aydınlıq gətirməyə və buna qarşı tədbir görməyə çalışıblar. Əvvəlcə hesab olunub ki, bu hal bədənin həddindən artıq qızması ilə bağlıdır və bu insanlara özlərini tam ifadə etməyə imkan vermək lazımdır. Nəticədə, xüsusi səhnələr qurulub və musiqiçilər dəvət olunub. Lakin bu tədbirlər vəziyyəti daha da ağırlaşdırıb və rəqs edənlərin sayı artmaqda davam edib.
Daha sonra musiqi və rəqs qadağan edilib, dini mərasimlər təşkil olunub. Bu tədbirlər nəticəsində, vəziyyət nəzarət altına alınıb və hadisə tədricən səngiyib.
Hadisənin səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəzi tədqiqatçılar bunu çörəkdə bitən “ergot” adlı zəhərli göbələk növü ilə əlaqələndirirlər. Bu göbələk tərkibində LСD-yə bənzər psixoaktiv maddələr daşıyır və halüsinasiyalara səbəb ola bilir. Başqa bir yanaşmaya görə isə bu kütləvi psixoloji pozuntu idi — yəni aclıq, xəstəlik və sosial gərginlik nəticəsində yaranan ruhi sarsıntı insanların bu şəkildə davranmasına yol açıb.
Avropada VII–XVII əsrlər arasında oxşar hallar baş verib, lakin 1518-ci ildə Strazburqda yaşanan bu hadisə ən geniş şəkildə sənədləşdirilən və diqqət çəkən nümunə sayılır.
Mənbə: Cameralabs
Tərcümə etdi: İbrahim Çobanlı
