Bu gün:

Kosmosda çəkilmiş fotolarda ulduzlar niyə görünmür?


Kosmosdan çəkilmiş fotolarda ulduzların görünməməsi ilk baxışdan qəribə görünsə də, bunun elmi izahı çox sadədir. Əsas səbəb ətraf mühitin yüksək səviyyədə işıqla dolu olmasıdır. Astronavtlar Yerə və ya Günəşə doğru baxdıqda bu obyektlərin yaydığı intensiv işıq ulduzların zəif parıltısını kölgədə qoyur. Bu, Yer üzündə gündüz vaxtı ulduzları görə bilməməyimizlə eyni səbəbə dayanır — güclü işıq zəif mənbələri görünməz edir.

Kameraların ulduzları qeydə ala bilməməsi də texniki səbəblərlə bağlıdır. Ulduzların görünməsi üçün kameraların uzunmüddətli pozlama rejimində işləməsi lazımdır. Ulduzlardan gələn işıq zərrəcikləri, yəni fotonlar çox zəifdir və onları görmək üçün zamanla toplanması tələb olunur. Lakin məsələn, Ay səthindəki bir astronavtı aydın çəkmək üçün qısa pozlama istifadə edilir, çünki uzun pozlama zamanı həmin obyektlər həddən artıq işıqlanaraq detalları itirə bilər. Bu səbəbdən NASA və digər kosmos agentliklərinin yayımladığı fotolarda ulduzlar çox vaxt görünmür.

Bundan əlavə, kosmosda da işıq çirkliliyi müşahidə oluna bilər. Məsələn, kosmik stansiyalar özləri də müəyyən miqdarda işıq yayır və bu da ətrafdakı zəif ulduz işığını təzyiq altında saxlayır. Məhz bu səbəbdən "James Webb" və "Gaia" kimi teleskoplar ulduzları müşahidə etmək üçün Günəş və Yerdən uzaqda yerləşən Laqranj nöqtələrinə göndərilir. Beləliklə, ulduzlar yalnız işıq təsirindən uzaq, xüsusi şəraitdə və düzgün texnika ilə müşahidə oluna bilir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et