Bu gün:

"Peto Paradoksu" nədir?


Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər. Xüsusilə, onların bizdən minlərlə dəfə çox hüceyrəyə sahib olduğunu nəzərə alsaq, bu daha da qəribə olur. Bəs bu necə olur? Bu sualı verən alimlər bu maraqlı ziddiyyəti “Peto Paradoksu” adlandırıblar.

"Peto Paradoksu" 1977-ci ildə britaniyalı epidemioloq Riçard Petonun diqqətə çatdırdığı maraqlı və nəzəri cəhətdən ziddiyyətli bir mövzudur. Peto təbiətdəki çox hüceyrəli canlıların xərçəngə tutulma ehtimalının onların hüceyrə sayısına və bədən ölçüsünə görə nəzəri olaraq artmalı olduğunu düşünüb. Lakin gerçəkdə daha böyük heyvanlar, məsələn, fillər və balinalar kiçik heyvanlara nisbətən xərçəngə daha az tutulurlar. Bu hal tibb aləmində maraq doğurub və “Peto Paradoksu” olaraq tanınıb.


Teorik olaraq daha çox hüceyrəyə sahib olmaq daha çox mutasiya və xərçəng riskinin artması ilə nəticələnməlidir. Çünki xərçəng hüceyrələri DNT-dəki zədələnmələr və mutasiyalar nəticəsində yaranır. İnsanlar hüceyrə sayına görə nisbətən daha az risk daşıyır, lakin böyük canlılar bu nəzəri prinsipə zidd olaraq daha az xərçəng xəstəliyinə tutulurlar. Peto Paradoksu da burada ortaya çıxır, çünki bu paradoks hüceyrə sayısına baxmayaraq, böyük canlıların xərçənglə mübarizədə daha uğurlu olduğunu göstərir.


Böyük heyvanların hüceyrələri daha böyük olmasına baxmayaraq onlar daha yavaş bölünürlər. Bu hüceyrə bölünməsi prosesində daha az səhv və mutasiya olmasına səbəb olur. Nəticədə hüceyrələr xərçəngə səbəb ola biləcək zədələrdən və mutasiyalardan daha az təsirlənir. Eyni zamanda iri heyvanların metabolizmi daha yavaş işləyir, bu da hüceyrələrinin oksidləşdirici stresdən daha az zədələnməsini təmin edir. Məsələn, filin qırmızı qan hüceyrəsi siçanınkından dörd dəfə böyükdür və bu böyük hüceyrələr daha az zədələnir.


Bəzi araşdırmalar Peto Paradoksunun doğruluğunu təsdiq edir. 2015-ci ildə San Dieqo Zooparkında aparılan bir araşdırma 36 məməli növünü analiz edərək bədən ölçüsü ilə xərçəng nisbəti arasında heç bir əlaqə tapmadı. Məsələn, çöl siçanı və filin xərçəngə tutulma şansı demək olar ki, eynidir. Bu Peto’nun nəzəriyyəsini dəstəkləyən bir dəlil olaraq qəbul edilir.


Mənbə: Onedio

Tərcümə etdi: Mina  Yadigarlı


Paylaş
Şərh əlavə et