Bu gün:

Nuhun gəmisi Türkiyədədir?


Nuhun gəmisinin qalıqlarının olduğu güman edilən Ağrı dağı yaxınlığındakı ərazi illərlə davam edən araşdırmalardan sonra ilk dəfə qazıntı işlərinə hazırlanıb. Tədqiqatçılar yeraltını görmək və gəmini aşkar etmək üçün radar skanları aparıb və uyğun mühafizə planı yaradıldıqdan sonra qazıntı prosesini planlaşdırmağa başlayacaqlar.

Müqəddəs Kitabın ən məşhur hekayələrindən birinin ilham mənbəyi olan Nuhun gəmisi qədim daşqın zamanı bəşəriyyəti və heyvanları xilas etməklə tanınır.

Tədqiqatçılar dinlərin tarixini formalaşdıran taxta gəminin qalıqlarının Türkiyədə gizləndiyini düşünüblər.

Kaliforniyada yerləşən “Nuh's Ark Scans” şirkətinin mütəxəssisləri ölkənin şərqində 160 metr uzunluğunda qayıq formalı geoloji formasiya olan Durupınar Formasiyasını qazmağa hazırlaşır.

Limonit adlı dəmir filizi növündən ibarət olan ərazidən əvvəlcə ağac izləri üçün torpaq nümunəsi götürüləcək.

Bundan əlavə, "yeraltını görmək" və gəmi formalı obyektin əlamətlərini aşkar etmək üçün radar dalğaları göndərilməyə davam edəcək.

Tədqiqat qrupundan biri olan Endryu Cons Britaniyanın “The Sun” qəzetinə deyib: “Bu ərazi sərt qışları olan aktiv coğrafiyanın ortasındadır, ona görə də ərazini qorumaq bizim əsas prioritetimizdir”.

“Növbəti bir neçə il ərzində türkiyəli universitet tərəfdaşlarımız müəyyən etdiyimiz strukturların həqiqətən süni və ya sadəcə təbii formasiyalar olduğunu müəyyən etmək üçün torpaq nümunələri götürəcək və radar skanları aparacaqlar”, - deyə Cons bildirib. 

Kifayət qədər dəlil toplandıqdan və müvafiq konservasiya planı yaradıldıqdan sonra qazıntı prosesinin planlaşdırılmasına başlanılacaq.

Mənbə: Ntv
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et