Bu gün:

Holy Grail filminin xülasəsi


“Monty Python and the Holy Grail” filminin çıxışından 50 il keçir. Film 1975-ci ilin aprelində çıxıb və o vaxtdan bəri ən möhtəşəm kinokomediya əsərlərindən biri kimi qalır. Filmin rejissorlarından biri olan Terry Gilliam deyir: “Hər dəfə izləyəndə təəccüblənirəm ki, bu film necə bu qədər gözəl ola bilər. Hələ də çox gülməlidir və hər şeyini sevirəm”.

“Monty Python” komandası ilk dəfə 1969-cu ildə BBC-nin “Monty Python’s Flying Circus” adlı televiziya seriyasında bir araya gəlib. Komandanın beş üzvü – Terry Jones, Graham Chapman, John Cleese, Eric Idle və Michael Palin – Oksford və Kembric universitetlərinin tələbə komediya qruplarında yetişib. Altıncı üzv olan Gilliam isə ABŞ-dən İngiltərəyə köçüb və onların sketçlərini birləşdirən animasiyalar yaradıb.

1971-ci ildə onların bəzi televiziya sketçləri film halına gətirilərək “And Now for Something Completely Different” adıyla təqdim olunub. Amma komandanın bir hissəsi tammetrajlı film çəkmək istəyib.

Holy Grail filmi çox az büdcə ilə çəkilib – cəmi 300,000 funt sterlinqdən də az. BBC maliyyə verməyib, amma Led Zeppelin, Pink Floyd kimi rok qrupları və bəzi musiqi şirkətləri kömək edib. Rejissor Gilliam deyib: “Yaxşı ki, rok musiqisi var idi!” Bu dəstək sayəsində film komandası sərbəst işləyə bilib. At almağa pul olmadığından aktyorlar piyada gedib, arxalarından isə xidmətçilər hind qozunun qabığını vuraraq at səsi çıxarıb. Bir neçə qala istifadə olunmalı idi, amma icazə verilmədiyi üçün yalnız Doune Castle çəkilib və müxtəlif bucaqlardan göstərilərək fərqli qəsrlər kimi göstərilib. Palin deyir: “İndi o qala Monty Python turizminin mərkəzidir və orada hind qozu qabı suvenirləri satılır”.

Realizm və absurdluğun mükəmməl vəhdəti

Terry Gilliam və Terry Jones filmin vizual realistikliyinə böyük önəm verib. Onlar istəyiblər ki, səhnələr Bruegelin rəsmlərini və Pasolininin filmlərini xatırlatsın, yəni real, tarixi və dolğun atmosferli olsun. Gilliam deyir: “Əgər zarafatlar gerçək görünən fonda olsa, daha gülməli olar”. Lakin bu yanaşma bəziləri üçün çətin idi. Bəzi aktyorlar soyuq və yaş geyimlərə dözə bilmirdilər. Gilliam deyir: “Mike (Palin) və Terry (Jones) razı olub, amma qalanları narazı olub”.

Əbədi miras

"Monty Python and the Holy Grail" təkcə böyük uğur qazanmayıb, həm də komediya janrını dəyişib. Bu film olmasaydı, sonrakı “Life of Brian” (1979) və “The Meaning of Life “(1983) filmləri də olmazdı. Hətta 2003-cü ildə Spamalot adlı müzikl Broadway-də səhnələşdirilib və “Ən yaxşı müzikl” üzrə Tony mükafatını alıb.

Filmdəki ifadələr Britaniya dilinə yeriyib. Məsələn, “Qara cəngavər” ifadəsi uğursuz siyasətçiləri təsvir etmək üçün istifadə olunur. “Knights Who Say Ni” obrazı da çox məşhurdur. Palin deyir: “Deyirlər ki, Elvis Presley ömrünün sonunda bu filmi çox izləyirdi. Onun ‘Ni’ dediyini təsəvvür etmək məni güldürür”.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et