24media.az-ın budəfəki qonağı rəssam Suğra Bağırzadədir. O, incəsənətdə rənglər və formaların psixoloji təsirindən, əsərlərində təbiətə olan sevgisini və ruhunu necə əks etdirdiyindən danışıb.
-İncəsənətdə rənglər və formaların psixoloji təsiri haqqında nə düşünürsünüz? Hər bir rəssamın seçdiyi rəng palitrası onun daxili dünyasını necə əks etdirir?
Bu, hansı sənət əsərindən söhbət getdiyindən asılıdır. Əgər əsər rəsmdirsə, bir cür, heykəltəraşlıq nümunəsidirsə, tamam başqa cür dəyərləndirilir. Yəni sənətin növü burada əsas rol oynayır. Gəlin, öz yaradıcılıq formalarımdan danışım. Bildiyiniz kimi, mənim əsərlərim digərlərindən fərqlənir. Mən əsasən canlı güllərdən, bitkilərdən və təbiətin bizə bəxş etdiyi nemətlərdən istifadə edirəm. Bu materiallar mənim daxili aləmimə ən uyğun olan, Allahın bizə bəxş etdiyi hədiyyələrdir.
-Bir sənət əsəri sizdə hansı hissləri oyadır? Bəzi əsərlərin sizi çox təsirləndirməsi, digərlərinə nisbətən daha dərin emosiyalar yaratması nə ilə əlaqədardır?
Mən həmişə deyirəm ki, əsərlərimdə mənim ruhum yaşayır. Əslində bu, təkcə mənə aid deyil, çünki hər bir yaradıcı insanın əsərlərində onun ruhu, qəlbi, hissləri əks olunur. Mənim üçün isə bir prinsip var ki, həyatım boyunca ona sadiq qalmışam: ürəkdə ağıl, ağılda isə ürək olmalıdır. Çünki heç bir şeyi nə yalnız ağılla, nə də yalnız ürəklə dəyərləndirmək mümkündür. Elə buna görə də deyirlər ki, bir rəssamın əsərinə baxmaqla onun haqqında fikir yürütmək olar.
Mənim əsərlərim əsasən təbiətlə, güllərlə və gözəlliklərlə bağlıdır. Çünki mənim ruhum bu gözəlliklərə bağlıdır. İnsan ətrafında nə görürsə, bu, onun daxili dünyasının əksidir. Yəni əgər insan gözəllik görürsə, demək ki, onun qəlbi də gözəldir. Başqa cür ola bilməz. Məsələn, küçədə birisi yerdəki zibili görür, başqası isə çəməndə açan bir çiçəyi. Bu, insanın baxış bucağından və ruh halından asılıdır. Mən isə həmişə belə düşünürəm: əsər yaradanda mütləq musiqi səslənməlidir və ətrafda sakitlik hökm sürməlidir. Yalnız bu cür mən daxilimlə əlaqəyə keçə bilir və istədiyim əsəri ərsəyə gətirə bilirəm.
Burda məndə dağlardı və dağları yarıb çıxmış çəhrayı güllərdi. Yuxarıda da mavi-ağ buludlardı. Mən bunu sizə təhlil edim. Meşədə gəzərkən qurumuş kötüklərə rast gəldim. Onlara toxunanda gördüm ki, parçalanıb dağılırlar. Həmin an içimdə bir ilham doğdu – bu kötükləri yığdım və nə yaradacağımı dərhal bildim. Onlardan dağlar düzəltməliydim. Çünki bu qurumuş, qırıq kötüklər öz formaları ilə dağa bənzəyirdilər, təbii çıxıntılar kimi görünürdülər. Amma ilk növbədə onları təmizlədim, yudum və gecədən səhərə qədər suyu çəkilsin deyə kənara qoydum. Sonra isə dağ formasını vermək üçün kötüklərə əyriliklər əlavə etməyə başladım. Vacib bir məqam da var idi: bu kötükləri tam quruda bilməzdim. Əgər tam qurusaydılar, onları kəsmək və formaya salmaq çox çətin olardı.
Əsərlərim üzərində işləyərkən əvvəlcə kötükləri kəsdim, yığdım və ayırdım. Onlar quruduqdan sonra xüsusi məhlullarla işlədim ki, içlərində qurd və ya başqa zərərverici qalmasın. Daha sonra həmin parçaları emal edib əsərin üzərinə yığaraq dağ formasını yaratdım. Dağlar hazır olandan sonra onların üzərində canlı gülləri yerləşdirdim. Əsərin aşağı hissəsində, yəni dağın yamacında isə otluq sahə düzəltdim. Bu detalları düşünmək və görmək rəssamın bacarığıdır. Rəssam yalnız yaradıcı olmaqla kifayətlənməməli, ətrafını da dərinliklə müşahidə edib təhlil etməyi bacarmalıdır.
-Bir əsərdə istifadə olunan formalara baxaraq insanın emosional vəziyyətini necə təhlil edə bilərik?
Mənim əsərlərim üçün əvvəlcədən eskiz çəkmək mümkün deyil. Çünki kompozisiyalarım ilk olaraq qəlbimdə doğulur, sonra isə beynimdə formalaşır. Mən bu prosesi belə təhlil edirəm. Əsərlərimdə mənim ruhum, daxili aləmim, təbiətə olan dərin sevgim yaşayır. Hər bir işimlə insanlara təbiəti sevməyi, onu qorumağı və onun incə gözəlliklərini daha dərindən görməyi aşılamaq istəyirəm. Əsərlərimin məqsədi canlı təbiətin gözəlliyini ifadə edərək insanları düşündürmək və onlarda təbiətə qarşı daha böyük sevgi yaratmaqdır. İstəyirəm ki, mənim əsərlərimi görən hər kəs təbiətin nə qədər dəyərli və zərif olduğunu hiss etsin.
Əsərin adı “Çəhrayı xəyallar”dır. Ölçüsü 80x60 sm-dir. Üzərində 5 il işləmişəm. Bu əsəri 2014-cü ildən başlayıb 2019-cu ildə bitirmişəm.
Zeynəb Yunuszadə
