Bu gün:

Richard Burtonun müəllimi


Richard Burton dünya kino tarixində dərin səs tonu, güclü oyunçuluğu və Elizabeth Taylor ilə fırtınalı eşq münasibəti ilə tanınan ulduz aktyor. Amma onun arxasında duran və bu ulduza çevrilməsində böyük rol oynayan bir insan olub– Philip Burton. 

Philip sadəcə bir müəllim olmayıb. O, Richardın həyatını dəyişən, ona yol göstərən, dəstək olan və onu öz qanuni himayəsinə götürən bir bələdçi olub. Richard hələ gənc, kasıb, həyatda istiqamət axtaran bir oğlan olanda, Philip onun səsində və istedadında bir parıltı görüb.

Philip özü də yoxsul bir ailədə böyüyüb. Atası mədəndə həlak olub, anası ilə yaxın olmayıb. 16 yaşında Cardiff Universitetinə qəbul olub. Teatra, ədəbiyyata böyük marağı vardı. İngilis cəmiyyətində qəbul olunmaq üçün öz ləhcəsini dəyişib. Həyatını sanki yenidən yaradıb.
Richard isə 13 uşaqdan biri, anasını erkən yaşda itirən, yoxsulluq içində yaşayan bir oğlan olub. 16 yaşında ailəsinə kömək üçün məktəbdən çıxmalı olub. Əksəriyyət onun mədəndə işləyəcəyini düşünüb. Amma Philip onu geri məktəbə qaytarıb, yaşadığı şəraiti dəyişib və onu gündəlik olaraq aktyorluğa hazırlamağa başlayıb.
Onun səsi, tələffüzü, duruşu dəyişib. Hətta adını da dəyişib – Richard Jenkins olub Richard Burton. Bu, təkcə bir ad dəyişikliyi deyil, yeni bir başlanğıc idi. Richard Philipin soyadını götürməklə həm onun himayəsində olduğunu göstərib, həm də sənət dünyasında daha çox qəbul olunmaq şansı qazanıb.


Bu münasibət haqqında bəzi dedi-qodular olsa da, xüsusilə, Philipin homoseksual olması ilə bağlı fərziyyələr –onları yaxından tanıyanlar deyirlər ki, aralarındakı münasibət tamamilə səmimi və təmiz olub. Philip sadəcə Richardın uğurlu olmasını istəyib.Richard aktyorluğa teatrla başlayıb, 1949-da ilk filmini çəkib. Daha sonra dünya şöhrətli filmlərdə rol alıb, 7 dəfə Oskara namizəd göstərilib, amma heç vaxt qazanmayıb.
Philip isə Amerikaya köçüb, orada teatr təhsili sahəsində önəmli işlər görüb. American Musical and Dramatic Academy-nin ilk direktoru olub. Eyni zamanda Dylan Thomas kimi yazıçıların əsərlərini radio üçün hazırlayıb.

Richard və Philip ömür boyu əlaqə saxlayıblar. Sadəcə bir dəfə – Richard Elizabeth Taylorla evlənib, ilk həyat yoldaşından ayrıldıqda – Philip bir müddət onunla danışmayıb. Çünki o, Richardın ilk həyat yoldaşı Sybilə sadiq idi. Maraqlıdır ki, onların barışmasına Elizabeth Taylor vasitəçi olub – o, Richard Hamlet roluna hazırlaşarkən çətinlik çəkib və Philipdən kömək istəyib. Richard 1984-cü ildə vəfat edib. Philip isə 1995-ci ildə 90 yaşında vəfat edib. Elizabeth Taylor onu xəstəxanada ziyarət edən son insanlardan biri olub.


Bu hekayə sadəcə bir aktyorun uğur yolu deyil, bu, bir müəllimin bir gəncin taleyini necə dəyişə biləcəyini göstərən dərin və təsirli bir hekayədir. Film də məhz bu gözəl dostluğa və Philipin xatirəsinə işıq tutur.


Mənbə: BBC News


Tərcümə etdi: Nigar Muştaqova
Paylaş
Şərh əlavə et