Bu gün:

Ekoloji cənnətlər: Dünyanın ən təmiz ölkələri


Müasir dövrdə ətraf mühitin qorunması, təmizlik və dayanıqlı inkişaf prioritet mövzulardan biridir. 2024-cü il üzrə Ətraf Mühitin Qiymətləndirilməsi İndeksi (EPI) dünyanın ən təmiz və ekoloji baxımdan ən dayanıqlı ölkələrini müəyyən edib. Bu siyahıda su və hava keyfiyyəti, tullantıların idarə olunması, bərpa olunan enerji mənbələrindən istifadə və ümumi gigiyena standartları kimi bir çox amillər nəzərə alınıb.


1. Estoniya
Estoniya dünyanın ən təmiz ölkəsi olaraq siyahının başında gəlir. 2024-cü il Ətraf Mühitin Qiymətləndirilməsi İndeksi (EPI) üzrə 75.3 bal toplayan bu Şimali Avropa ölkəsi təmizliyi ilə tanınır. Sağlamlığı dəstəkləyən və xəstəliklərin yayılmasının qarşısını alan praktikaları sayəsində Estoniya əla su keyfiyyəti, kanalizasiya və tullantıların idarə olunması ilə gigiyena sahəsində ən yaxşı nəticələri göstərir.

2. Lüksemburq
2024-cü il EPI-də 75 bal toplayan Lüksemburq əla kanalizasiya sistemi, güclü dayanıqlılıq tədbirləri və təsirli tullantıların idarə olunması ilə tanınır. Bu amillər ölkəyə sağlam ətraf mühiti qorumağa və beləliklə də infeksiya və xəstəliklərin yayılmasının qarşısını almağa imkan verir.

3. Almaniya
Əla su və hava keyfiyyəti ilə Almaniya 2024-cü il EPI-də 74.6 bal qazanıb. Ölkə ekoloji cəhətdən dostyana yanaşması, geniş yaşıllıqlar və davamlı yaşayışı təşviq edən infrastrukturla da tanınır.
4. Finlandiya
Dünyanın ən xoşbəxt ölkələrindən biri olan Finlandiya eyni zamanda ən təmiz ölkələr sırasındadır. Ətraf mühitdə zərərli maddələrin (çirklənmənin) minimuma endirilməsi istiqamətində göstərdiyi səylər heyranedici səviyyədədir. Finlandiya bərpa olunan enerji sahəsində liderdir – enerjisinin böyük hissəsi su, külək və taxta kimi biokütlədən əldə olunur. Nəticədə, ölkə 2024 EPI üzrə 73.7 bal toplayıb.

5. Birləşmiş Krallıq
2024 EPI-də 72.7 bal toplayan Birləşmiş Krallıq ətraf mühitin dayanıqlılığı sahəsində əhəmiyyətli irəliləyişlər əldə edib. Zəngin tarixi və böyük ədəbiyyatı ilə tanınan ölkə, eyni zamanda aşağı çirklənmə səviyyəsi və yüksək hava keyfiyyəti ilə də təmizlik baxımından yüksək nəticələr göstərir.

6. İsveç
İsveç ətraf mühitin qorunmasına olan güclü sadiqliyi ilə tanınır. Ölkə 1991-ci ildə ətraf mühit vergisi islahatını tətbiq edən ilk ölkə olub. Su və hava keyfiyyəti, eləcə də kanalizasiya sistemləri yüksək səviyyədədir. Bu səbəbdən İsveç 2024 EPI-də 70.5 bal toplayıb.

7. Norveç
Norveçin 2024 EPI-də 70 bal toplaması təəccüblü deyil. Ölkənin təmizliyi şübhəsiz şəkildə yüksək səviyyədədir. Effektiv tullantı idarəetməsi, yüksək təkrar emal səviyyəsi və minimum çirklənmə ilə Norveç təmiz təbiəti və havası ilə seçilir. Ən önəmlisi, ölkənin iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunmasına olan öhdəliyi Norveçi dünyanın ən təmiz və gözəl ölkələrindən biri kimi tanıdır.

8. Avstriya
Bərəkətli meşələri və ekoloji tarazlığa verdiyi töhfə ilə tanınan Avstriya, 2024 EPI-də 69 bal ilə səkkizinci yeri tutur. Yaşıllıqlarla zəngin olan bu ölkə tullantıların idarə olunması və hava çirkliliyinə qarşı tətbiq etdiyi ciddi standartlarla ətraf mühitin qorunmasına və ictimai sağlamlığa mühüm töhfə verir.

9. İsveçrə
Avropanın mərkəzində yerləşən İsveçrə, təbii gözəlliyi və təmiz ətraf mühiti ilə seçilərək 2024 EPI-də 68 bal ilə doqquzuncu yeri tutur. Ölkənin mühüm uğurlarından biri 2023-cü ildə qəbul etdiyi və 2050-ci ilə qədər sıfır karbon emissiyasına çatmağı hədəfləyən iqlim dəyişikliyi qanunudur. İsveçrə, həmçinin bərpa olunan enerjini təşviq etmək, istixana qazı emissiyalarını azaltmaq və meşələrini qorumaq istiqamətində əhəmiyyətli addımlar atıb.

Mənbə: Tempo.co


Tərcümə etdi: Arzu Qafarova
 

Paylaş
Şərh əlavə et