24media.az-ın budəfəki qonağı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadədir. O, uşaq sığınacaqlarının fəaliyyəti, zorakılığa məruz qalmış uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası haqqında danışıb.-Cəmiyyətin uşaq sığınacaqlarına qarşı mövqeyi necədir? Onlar zorakılığa məruz qalan və valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı nələrə diqqət etməlidir?
Cəmiyyət sığınacaqları və uşaq evlərini hər zaman qarışdırır. Uşaq evləri valideyn himayəsindən məhrum olmuş, çətin situasiyada olan və ya valideyn hüquqları qismən məhdudlaşdırılmış uşaqların yerləşdiyi və daha çox çətin şəraitdə yaşayan valideynlər üçün, ən çox da səhhətində problemi olan qadınların uşaqlarının qəbul edilməsi, onlara təhsil barədə dəstək verilməsi, təhlükəsizliklərinin təmin edilməsi məqsədi daşıyır.
Sığınacaqlar isə bir növ həmin müəssisələrə uşağın transfer olunması istiqamətində daha çox fəaliyyətini formalaşdıran bir mərkəzlərdir. Uşaq sığınacağı tranzit funksiyasını daşıyır. Məsələn: əgər hələ bu uşağın valideyni zorakılıq qurbanıdırsa, onun valideyninin hüquqları məhdudlaşdırılmayıbsa və uşaq tibbi, sosial, hüquqi, psixoloji dəstəyi almaq üçün mütləq şəkildə reabilitasiyası keçməsi lazımdır. Və reabilitasiyası artıq sığınacaqlarda olur. Bu bir aylıq da olur, qısa müddətli də olur, 3 aylıqda, 6 aylıqda ola bilər. Bu onun hüquqi sənədləşməsinin hansı səviyyədə olmasından asılıdır.
Və artıq bütün o prosedurlar bitdikdən, reabilitasiya həyata keçirdikdən sonra uşağın ailəyə dönüşü mümkündürsə, ailəyə; mümkün deyilsə, dövlət müəssisələrinə istiqamətləndirilir. Biz daha çox sığınacaqlar olaraq tranzit xarakter daşıyırıq. Ümumiyyətlə, sığınacaqlar daha çox ailələrlə də iş apardığına görə biz əsasən fokuslanırıq ki, uşaqların ailələrə dönüşünü tənzimləyək. Təəssüf ki, zorakılıq varsa və bu zorakılıq ailədə baş veribsə, bunu eləmək o qədər də asan olmur.
-Bu sığınacaqların fəaliyyətində hansı çətinliklərlə üzləşirsiniz?
Ümumiyyətlə, bu daha çox mediaya da aid ola bilər. Məncə, paylaşımlar etdikdə diqqət olunmalıdır ki, uşağın məxfiliyi və təhlükəsizliyi qorunsun. Məsələn, mən daha çox müəyyən adı və soyadı olmayan, sadəcə bir hekayəni cəmiyyətin diqqətinə çatdırmağa çalışmışam. Əsas məqsədim isə maarifləndirmə və uşaqlara qarşı olan təhlükələrin qarşısının alınması istiqamətində cəmiyyətlə müzakirələr aparmaq olub.
Sığınacaqların fəaliyyətində çətinliklər çoxdur. Maliyyələşmə dövlət proqramı çərçivəsində olur. Təəssüf ki, bu gün heç bir sığınacaq – əlbəttə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər Agentliyinin tabeçiliyində olan, həssas qrupdan olan uşaq, yeniyetmə və böyüklər üçün nəzərdə tutulmuş sığınacaqlar və Daxili İşlər Nazirliyinin insan alveri qurbanlarına, zərərçəkmişlərə yardım məqsədilə yaradılmış sığınacaqlar istisna olmaqla – bu gün çox ciddi maliyyə problemləri ilə qarşılaşırlar. Təhlükəsizliyin təmin olunması ilə bağlı problemlərlə üzləşirlər. Və müəyyən hüquqi prosedurlarda da çətinliklər olur. Ən çox da bizim üzləşdiyimiz problemlərdən biri valideynlə sığınacaqların qarşı-qarşıya qalmasıdır. Çünki təhlükəsizlik baxımından xüsusi qorumalar yoxdur.
-Uşaqların psixoloji və sosial reabilitasiyası prosesində qarşılaşılan əsas maneələr hansılardır? Uşaqlara psixoloji və emosional cəhətdən dəstək göstərmək üçün hansı addımlar atılır?
Uşaqların psixoloji və sosial reabilitasiya prosesində qarşılaşılan əsas maneələr travmanın xarakterindən asılıdır. Uşaqlar müxtəlif travmalar və zorakılığın müxtəlif formaları ilə üzləşdiyinə görə, onlarla işləyərkən ilk iş onların güvənini qazanmaq olur. Adaptasiya üçün bu vacibdir.
Daha çox bizə ya 5 yaşa qədər olan uşaqlar daxil olur, ya da 18 yaş arasında olan uşaqlar üstünlük təşkil edir. Ən çox isə 12-18 yaş arası qızlar. Əsasən qızlar üstünlük təşkil edir. Burada cinsi zorakılıq qurbanları, erkən evliliyin və erkən nişanlılığın qurbanları, eləcə də valideyn diqqətindən kənarda qalan uşaqlar üstünlük təşkil edir.
Bu uşaqların hamısı bir araya gəldikdə, qrup şəklində deyil, fərdi plan tərtib olunaraq xüsusi yanaşma ilə işlənilir. Əsas maneələrdən biri kadr çatışmazlığıdır. Çünki maliyyə imkanlarımız məhduddur və əsasən könüllülər çalışır. Yəni, hər hansı digər sığınacaqda da eyni situasiya ilə qarşılaşmaq mümkündür.
İlk olaraq uşağın təhsilinin bərpasına diqqət yetirilir – əgər yarımçıq qalıbsa, davam etdirilməsi təmin edilir. Uşağın peşə bacarıqları inkişaf etdirilir, ailə davranışları formalaşdırılır və ünsiyyət bacarıqları gücləndirilir. Psixoloqlar və hüquqşünaslar bu prosesdə iştirak edir, həmçinin ailələrlə görüşlər keçirilir.
Məktəblərdə uşaqların davamiyyəti hər gün sosial müşayiətlə həyata keçirilir. Maneələr əlbəttə ki, olacaq. Bu, əsasən uşağın ailəsinə bərpası zamanı ola bilər, çünki bir çox hallarda zorakılıq ailələrdə baş verir. Demək ki, onun ailəyə dönüşündə problem yaranır. Uşaq müəssisələrində yer yoxdur. Həqiqətən də, hazırda uşaq müəssisələrində yer dolub. Uşaqları tək böyüdən qadınların sayı çoxdur və artır. Bu isə uşaqların birtərəfli inkişafına gətirib çıxarır. Uşaq artıq tabe olmayan davranış pozuntusundan əziyyət çəkir, şəxsiyyət dəyişkənliyi ilə qarşılaşır. Yəni, bu hallar olduqda da, əlbəttə ki, maneələri dövlət qurumları ilə birgə aşmalıyıq. Bəzən koordinasiyalarda problem yaranır. Bu, o demək deyil ki, qurumlar bizimlə işləmir, ancaq bəzən qanunvericilikdə olan bəzi məqamlarda problemlər olur. Bu, daha çox uşaqların doğum faktının təsdiq olunması, vəsiqənin alınmasında uşağın qeydiyyat yerinin göstərilməsi ilə bağlıdır. Bu olduqca ciddi bir problemdir. Biz uşağa vəsiqə ala bilmiriksə, onun imtahana buraxılmasında problem yarana bilər. Uşaq dedikdə, artıq yeniyetmədən söhbət gedir. Hazırda bizim bir qızımız var, onu kursa göndərmək istəyirik, dövlət sifarişli kursdur. Amma vəsiqə olmalıdır və vəsiqədə qeydiyyat yoxdur. Niyə yoxdur? Çünki 14 yaşdan sonra ananın qeydiyyat yerinin rəsmi sənədi təqdim olunmalıdır. Bu olmadığı halda uşaq havada qalır. Yəni, maneələrdən hüquqi tərəfdən ən əsas olanlar bunlardır. Digər maneələr valideynlər cəlb olunduqda ciddi ünsiyyət baryerlərinin yaranmasıdır. Ailənin sosial portretini yaratdığımız zaman görürük ki, o, özü zamanında sevgi görməyən biri olub, özü zorakılıq qurbanı olub, özü ciddi travmalar yaşayan biri olub. Biz bu günlərdə uşaqları psixoloji cəhətdən psixoterapiya ilə sağaldırıq. Uşaqların peşə bacarıqlarını inkişaf etdirməklə, onların şüuraltı təsirlərini əl işlərinə hazırlamaqla, onları motivasiya təlimlərinə cəlb etməklə, öz vasitəsilə ev təsərrüfatını inkişaf etdirməklə, birgə məişət fəaliyyətini formalaşdırmaqla, təhsillərini bir yerdə müzakirə etməklə, peşə seçimlərini birgə müzakirə etməklə, onları ağır situasiyalardan çıxarırıq.
Qeyd etdiyim kimi, qızlar üstünlük təşkil edir. Oğlanları, təəssüf ki, götürə bilmirik, çünki bunun üçün yaş məhdudiyyəti qoymuşuq. Biz 10 yaşa qədər oğlanları qəbul edirik. Sığınacaqda uşaqların sayı 45-i keçib. Onların yalnız 8 nəfəri oğlandır və ən böyüyü 13 yaşındadır. O, müəssisəyə köçürülməlidir, amma artıq 5 ildir bizim yanımızdadır. O artıq uyğunlaşıb. Necə gedəcək, mən bilmirəm, amma əslində getməlidir. Uşaqlar arasında cinsi zorakılıq qurbanı olan uşaqlarla işləmək isə olduqca çətindir. Mən düşünürəm ki, biz bu gün onların öhdəsindən gəlirik və bu işdə bizə həm cəmiyyət, həm də dövlət qurumları dəstək verir.
Amma bu günlərdə bizim üçün ən böyük hadisələrdən biri, gələcək işlərimizin daha da mükəmməl təkmilləşməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bizim üçün tikilən və bütün standartlara cavab verən, Azərbaycanda analoqu olmayan bir mərkəzin yaradılmasıdır.
Biz də cənab Prezidentin və Mehriban xanım Əliyevanın siyasətini əsas götürərək çalışırıq. Mehriban xanımın uşaq müdafiəsində böyük işlər gördüyü məlumdur və bu gün onun işini Leyla xanım Əliyeva davam etdirir. Onların etimadını doğrultmaq üçün əlimizdən gələni edəcəyik ki, uşaqlar daha çox inkişaf etsinlər, yaşadıqları travmalar təkrarlanmasın, onları unudaraq gələcəyə yararlı vətəndaşlar olsunlar.
Zeynəb Yunuszadə