Bu gün:

Marsdakı zəhərli toz astronavtlar üçün ciddi risklər yaradır



ABŞ-nin Cənubi Kaliforniya Universitetinin (USC) Keck Tibb Məktəbi tərəfindən aparılan yeni araşdırma, Marsda toz fırtınalarının tənəffüs problemlərinə və xəstəlik riskinin artmasına səbəb ola biləcəyini ortaya qoyub.

Marsda toz fırtınaları indiyədək əsasən robot missiyaları üçün risk kimi qəbul edilib. Belə ki, bu zamanadək fırtınalar elektron sistemlərdə nasazlıqlara səbəb olub. Bundan əlavə, günəş panellərində toplanaraq enerji istehsalının qarşısını da alıb. 2018 və 2022-ci illərdə NASA-nın "Opportunity" roveri və "InSight" eniş aparatı toz fırtınaları səbəbindən yararsız hala düşüb. Bununla belə, alimlər bildirirlər ki, bu fırtınalar insanlı missiyalar üçün daha böyük risklər yarada bilər.

Araşdırmaya rəhbərlik edən USC Tibb Məktəbindən Dr. Custin L. Vanq və komandası Mars tozunun insan sağlamlığına təsirlərini ətraflı şəkildə araşdırıb. Tədqiqatda NASA-nın Conson Kosmik Mərkəzi, UCLA Kosmik Tibb Mərkəzi və Kolorado Universitetinin Aerokosmik Mühəndislik Departamentinin tədqiqatçıları da iştirak ediblər.

Doktor Vanq, Marsın səthində bol olan bazalt və nanofazalı dəmirdən əmələ gələn dəmir tozunun tənəffüs yolu xəstəliklərinə səbəb ola biləcəyini ifadə edib. Mars tozunda olan silisium (silikon dioksid) birbaşa ağciyər xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, Marsda toz hissəciklərinin ölçüsü ağciyərlərdəki selikli təbəqənin xaric edə biləcəyindən kiçik olduğu üçün bədəndə toplana və xəstəliklər törədə bilər.

Belə sağlamlıq risklərini azaltmaq üçün NASA və digər kosmik agentliklər xüsusi qoruyucu örtüklər, elektrostatik spreylər və tozu dəf edə bilən yeni texnologiyalar üzərində işləyirlər. "Artemida" proqramı və gələcək Mars missiyaları irəlilədikcə kosmik tibbdə əhəmiyyətli irəliləyişlər gözlənilir.


Mənbə: BBC News

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et