Bu gün:

Soyuq işlərdə yeni ipuçları


Qətl qurbanlarının ailələri üçün "bağlanış" (closure) adlanan anlayış, itirilmiş bir insanın geri qayıtmayacağını qəbul etməklə məhdudlaşır. Hüquq professoru Susan Bandes bu anlayışı qeyri-müəyyən psixoloji vəziyyət kimi təsvir edir. O bildirir ki, ədalət sistemi qurbanların ailələrinə bağlanış hissini yaşatmağı hədəfləyir. Bu, əsasən günahkarı ölüm cəzası ilə aradan götürməklə və ya bərpaedici ədalət prosesinə dəstək verməklə həyata keçirilir. Bununla yanaşı, resursların işin həllinə yönəldilməsi də bağlanışın bir formasıdır.

“Qurbanların yaxınlarına bağlanış hiss edəcəkləri vəd edilib və onlar bunu gözləməyə başlayıblar,” Bandes yazır. “Hüquq-mühafizə orqanları da bu hissi təmin etməli olduqlarına inanırlar.”

Yəni, bağlanış anlayışının bir neçə fərqli mənası var. Bir cinayət işini həll etmək və ya naməlum qurbanın kimliyini müəyyənləşdirmək də bağlanış sayıla bilər, lakin bu, qurban ailələrinin gözlədiyi şəkildə olmaya bilər.

Unudulmuş qurbanların kimliyinin açıqlanması

Buna görə də bir çox ailələr gözləntilərinin doğrulmadığını hiss edirlər. Onlar üçün yaranan boşluq heç vaxt tam dolmur. Emosional bağlanış çətin olsa da, bir qurbanın kimliyinin açıqlanması və ya cinayətin həlli bəzi insanlar üçün həyatlarına davam etməyə kömək edə bilər. Bir qurbanın qohumu belə deyib: “Bilinməyən bir şey çox dəhşətlidir. Yəni, bu, əsl əzabdır.”

Eyni zamanda, kimliyi bilinməyən qurbanların qalıqlarını qoruyanlar da bağlanış hissinə ehtiyac duyurlar. Onlar sevdikləri bir insanın itməsi halında nə hiss edəcəklərini anlayaraq, bu qalıqların kimə aid olduğunu öyrənməyə və onların ailələrini tapmağa çalışırlar.

Bu cür işlərdə yeni texnologiyalar mühüm rol oynayır. Məsələn, ABC-Hulu-nun yeni sənədli filmi The Fox Hollow Murders və The Scientist and the Serial Killer adlı kitab, illər əvvəl aşkarlanmış qalıqları araşdıran və səhv məlumat verilmiş ailələrə həqiqəti çatdırmağa çalışan insanların fədakarlığını göstərir. Elmi araşdırmalar qədər ictimaiyyətin bu işlərə cəlb edilməsi də vacibdir. Çünki bağlanışın sosial təsiri də var – insanlar kömək etmək istəyirlər. Bu yeni səylər yeni ipucları əldə etməyə kömək edib.

Fox hollow farm cinayətlərinin araşdırılması

Hamilton County baş tibbi eksperti Jeff Jellison, 30 il əvvəl Fox Hollow Farm ərazisində aşkarlanan qalıqların kimliyini müəyyənləşdirmək üçün iş aparır. Bu mülk, seriyalı qatil Herb Baumeister və onun həyat yoldaşı Julie-yə məxsus olub. Polisə danışan bir sağ qalanın sözlərinə görə, Baumeister gecə klublarında tanış olduğu kişiləri evinə dəvət edirdi. Lakin Baumeister polisə evini axtarmağa icazə vermirdi və hava müşahidəsi ilə aparılan yoxlamalar nəticə verməmişdi.

Julie, polisin onun ərinə olan marağından xəbər tutdu və ərinin psixi problemləri olduğunu bilirdi. O, son vaxtlar kəskin əhval dəyişikləri yaşayırdı. 1996-cı ilin iyun ayında o, nəhayət, polisə ərazini axtarmağa icazə verdi. Oğlu, uzaq bir yerdə insan kəlləsi və sümüklər tapmışdı. Baumeister isə bunu atasının tibbi məktəbdən qalan skeleti kimi təqdim etmişdi. Amma Julie buna inanmadı. Polis ərazidə yanmış sümüklər tapdı və geniş miqyaslı qazıntı apardı. Nəticədə, 10,000-dən çox sümük və sümük qırıqları aşkarlanıb. Əvvəlcə, onların 11 nəfərə aid olduğu düşünüldü. Bu vaxt, Baumeister Kanadaya qaçdı və özünü güllələyərək intihar etdi.

Sekiz qurbanın kimliyi müəyyən edildi. Ancaq digər sümüklər illərlə universitet laboratoriyalarında saxlanıldı. Jeff Jellison isə bu vəziyyətlə barışmadı və araşdırmaları yenidən başladaraq müasir texnologiyalardan istifadə etdi. “Bu sümüklər sadəcə material deyil, onlar insanlardır. 26 ildir ki, bu insanlar rəflərdə qalıb. Bu, qəbuledilməzdir. Onları ailələrinə qaytarmaq üçün əlimizdən gələni etməliyik,” – deyə o vurğulayıb.

Qurban ailələrinə kömək çağırışı

Bu məqsədlə, tədqiqatçılar 1980-ci illərdən 1990-cı illərin ortalarına qədər Indiana və qonşu ştatlarda itkin düşmüş kişilərin qohumlarından DNT nümunələri təqdim etməyi xahiş edirlər. Artıq qalıqların 17-20 nəfərə aid ola biləcəyi düşünülür.

Bu səylər mediada geniş işıqlandırıldıqdan sonra ictimaiyyətin dəstəyini qazanıb. “500-dən çox zəng, e-poçt, mətn mesajı və Facebook ismarıcı aldıq. İnsanlar bizə itkin düşmüş şəxslər haqqında məlumat verirlər. Hətta cinayət istintaqı üçün də bəzi ipucları əldə etmişik,” – Jellison deyib.

Bu araşdırmalar təkcə hüquqi və elmi tərəfi ilə deyil, eyni zamanda insani baxımdan da əhəmiyyətlidir. Ailələr üçün bağlanış anlayışı nə qədər çətin və fərqli olsa da, sevdiklərinin kimliyini bilmək və onların qalıqlarını geri almaq bəziləri üçün vacibdir. Axı, bilinməyən həqiqətlər ən böyük əzablardan biridir.

Mənbə: psychology today 

Tərcümə etdi: Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et