Bu gün:

Astronavtlar necə nəfəs alır?


Kosmosda yer atmosferindəki kimi oksigen yoxdur. Buna baxmayaraq, astronavtlar Beynəlxalq Kosmik Stansiya (BKS) və digər kosmik gəmilərdə təhlükəsiz şəkildə nəfəs ala bilirlər. Bunun üçün xüsusi hazırlanmış həyat dəstəkləmə sistemlərindən istifadə olunur. Bu sistemlər astronavtların ehtiyac duyduğu oksigeni təmin edir, karbon qazını təmizləyir və yaşamaq üçün zəruri olan sabit mühiti yaradır.

Kosmik stansiyalarda oksigen istehsalının əsas üsullarından biri elektroliz prosesidir. Bu prosesdə su (H₂O) elektrik cərəyanı vasitəsilə hidrogen (H₂) və oksigenə (O₂) ayrılır. İstehsal olunan oksigen astronavtların nəfəs alması üçün istifadə olunur, hidrogen isə ətraf mühitə buraxılır və ya digər proseslərdə istifadə edilir.

Kosmosda oksigen tükəndikcə bu proses davamlı olaraq təkrarlanır və astronavtların ehtiyac duyduğu təmiz hava təmin edilir.

Astronavtlar nəfəs aldıqda oksigen qəbul edib karbon qazı (CO₂) buraxırlar. Karbon qazının həddindən artıq toplanması zəhərlənməyə və sağlamlıq problemlərinə səbəb ola bilər. Bu problemin qarşısını almaq üçün kosmik stansiyalarda karbon qazını udan xüsusi sistemlər var. Bu sistemlər karbon qazını tutub zərərsizləşdirir və stansiyada havanın keyfiyyətini qoruyur.

Karbon qazını təmizləmək üçün əsasən Zeolit filtrlərindən istifadə olunur. Bu filtrlər karbon qazını udaraq astronavtların sağlam qalmasını təmin edir.

Astronavtlar kosmik stansiyadan kənarda işləyərkən, yəni kosmik gəzinti (EVA) etdikdə xüsusi skafandrlar geyinirlər. Bu skafandrlar daxilində oksigen saxlayan sistem var. Astronavtlar bu sistem vasitəsilə nəfəs alır və skafandrın içində təzyiq sabit saxlanılır. Skafandrlar təkcə nəfəs almağa kömək etmir, həm də onları kosmosun təhlükəli şərtlərindən – şiddətli soyuq, yüksək istilik və zərərli radiasiyadan qoruyur. Kosmik gəzinti zamanı skafandrlar astronavtlara 6-8 saatlıq oksigen təmin edə bilir.

Bəzən kosmik gəmidə nasazlıq baş verə bilər və bu halda astronavtların nəfəs alması üçün ehtiyat oksigen balonları mövcuddur. Bu balonlar təcili hallarda istifadə olunur və qısa müddət ərzində astronavtların oksigen ehtiyacını qarşılayır.

Gələcək kosmik missiyalar, xüsusən də Mars və Ay bazaları üçün yeni oksigen istehsal sistemləri inkişaf etdirilir. NASA və digər kosmik agentliklər Marsda oksigen istehsal etmək üçün xüsusi texnologiyalar üzərində işləyir. Məsələn, Marsın atmosferindəki karbon qazından oksigen əldə etmək üçün MOXIE (Mars Oxygen In-Situ Resource Utilization Experiment) adlı cihaz sınaqdan keçirilir.

Bu texnologiyalar uğurla işlədikdə, astronavtlar özləri ilə çox miqdarda oksigen daşımağa ehtiyac duymayacaqlar və səfərlər daha təhlükəsiz və uzunmüddətli olacaq.

Kosmosda nəfəs almaq üçün xüsusi sistemlərə ehtiyac var. Beynəlxalq Kosmik Stansiyada suyun elektrolizi ilə oksigen istehsal olunur, karbon qazı isə filtrlərlə təmizlənir. Kosmik gəzinti zamanı astronavtlar oksigenlə təmin olunan skafandrlar geyinir. Gələcəkdə Mars və digər planetlərdə oksigen istehsalı üçün yeni texnologiyalar tətbiq ediləcək. Bu sistemlər sayəsində astronavtlar kosmosun çətin şərtlərində təhlükəsiz və sağlam qalmağı bacarırlar.

Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et