Bu gün:

İnsan və təbiət arasındakı emosional əlaqə nədir?


Ekoloji problemlər və iqlim dəyişikliyi artdıqca, insanın təbiətlə əlaqəsi sual altına düşür. Bu kontekst də emosional ekologiya insan əhval-ruhiyyəsi ilə təbiət arasındakı əlaqəni dərindən araşdırır.

Emosional ekologiya tam olaraq nədir?

Bu anlayış, insanların emosional dünyası ilə təbii mühit arasındakı qarşılıqlı əlaqəni araşdıran bir sahə kimi müəyyən edilə bilər. Emosional ekologiya təkcə təbiətin fiziki ehtiyatlarından deyil, həm də onun insan əhval-ruhiyyəsinə göstərdiyi dərin təsirdən bəhs edir.


Araşdırmalar göstərir ki, təbii mühitin çirklənməsi, iqlim böhranları və ekosistem dəyişiklikləri insanlarda narahatlıq, stress, qorxu və hətta depressiya kimi emosional reaksiyalara səbəb ola bilər.


Emosional ekologiya, təbii mühitdəki dövrlərin insanın emosional sağlamlığına təsirini araşdırır və bu qarşılıqlı təsirləri dərk edərək təbiətlə yenidən əlaqə qurmağın vacibliyini vurğulayır. Bununla yanaşı, emosional ekologiya təkcə təbiətin bizə pozitiv təsirlərindən deyil, həm də ekoloji problemlərin yaratdığı mənfi emosional reaksiyalardan bəhs edir. Məsələn, ətraf mühitin məhv olması qarşısında hiss edilən “ekoloji kədər” və “iqlim narahatlığı” kimi anlayışlar bu sahənin əsas mövzularından biridir. 


İnsanların təbii mühitə verdiyi emosional reaksiyalar təkcə fərdi deyil, həm də cəmiyyət səviyyəsində mühüm əhəmiyyət daşıyır. Bir çox insan ekoloji itkilərin fərqinə vardıqda dərin bir matəm hissi keçirir və təbiət qarşısında acizlik duyur. Bu məqamda emosional ekologiya insanları yalnız ətraf mühiti qorumaq üçün deyil, həm də emosional sağalma prosesinə başlamağa və təbiətlə daha balanslı bir əlaqə qurmağa təşviq edir.


Emosional ekologiya insan, emosiyalar və mühit arasındakı əlaqəyə yeni bir baxış gətirir. Bu konsepsiya vurğulayır ki, ekoloji problemlərlə mübarizə apararkən emosional sağlamlığımıza da diqqət yetirməliyik.


İqlim dəyişikliyi, ətraf mühitin məhv edilməsi və ekoloji böhranlarla qarşılaşdığımız bu dövrdə, təbiətlə qurduğumuz emosional bağların gücünü anlamaq həm fərdlər, həm də planetimiz üçün həyati əhəmiyyət daşıyır. 


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et