Jean-Luc Godardın 65 il əvvəl çəkdiyi “Breathless” sadəcə bir film olmayıb. O, kinonun bütün qaydalarını sındıraraq yeni bir dövrün başlanğıcını qoyub. O dövr üçün inqilabi hesab olunan montaj texnikası, qəhrəmanlarının soyuqqanlı üslubu və küçələrdə çəkilən səhnələri ilə “Breathless” kinonun ənənəvi çərçivələrini dağıdıb.
1950-ci illərin əvvəllərində Fransada kinoya yanaşma çox klassik olub. Əsasən, studiya şəraitində çəkilən, ədəbi əsərlərə əsaslanan filmlər üstünlük təşkil edib. Gənc tənqidçilər-Fransua Trüffo, Erik Romer, Klod Şabrol və Jean-Luc Godard bu sistemə qarşı çıxaraq “Yeni Dalğa” adlı kino hərəkatının əsasını qoyublar. Onlar inanıblarki, kino daha sərbəst, canlı və real həyatla daha bağlı olmalıdır.
Bu dövrdə Fransa kinoteatrlarında İkinci Dünya Müharibəsi zamanı qadağan olunan Amerika filmləri yenidən nümayiş etdirilməyə başlanıb. Xüsusilə, film noir janrına aid filmlər (qaranlıq, cinayət dolu hekayələr) “Yeni Dalğa” rejissorlarını çox təsirləndirib. Onlar Holivudun böyük ustadları – Alfred Hiçkok, Orson Uells, Hovard Hoks kimi rejissorları “auteur” (müəllif) adlandırıblar və inanıblar ki, film rejissorun şəxsi dünyagörüşünü əks etdirməlidir.
“Breathless” məhz bu düşüncələrin nəticəsi olub. Godard dostu Fransua Trüffonun yazdığı bir ssenari üzərində işləyərək, onu tamamilə dəyişdirib və improvizasiyaya əsaslanan, qaydaları sındıran bir film yaradıb.
Paris küçələrində çəkilən gerçək film
Godard filmi mümkün qədər az büdcə ilə çəkmək istəyib. O, studiyaların süni mühitindən imtina edərək, Paris küçələrində real mühitdə çəkiliş aparıb. Kameraman Raoul Coutard portativ, yüngül bir kamera istifadə edərək, filmin hərəkətli və enerjili atmosferini yaradıb.
Çəkilişlərin icazəsiz aparılması isə filmi daha təbii göstərib. Küçədə gəzişən, kafedə oturan adi insanlar da kadrda yer alıb və bu, filmin sənədli filmə bənzər həqiqi atmosfer yaratmasına səbəb olub.
Bəzi səhnələrdə isə kameranı əl arabasına və ya hətta təkərli kürsüyə yerləşdirərək çəkiliş ediblər. Məsələn, filmin ən məşhur səhnələrindən birində, Godard kameramanı əl arabasında itələyərək çəkilişi reallaşdırıb.
İmprovizasiya və dəyişən ssenari
“Breathless” filminin başqa bir yeniliyi aktyorların dialoqlarının çoxunun improvizasiya olunması olub. Godard ssenarini daim dəyişir, hətta aktyorlara səhnə əsnasında yeni replikalar deyib. Buna görə film çox canlı və səmimi hiss olunub. Lakin bu yanaşma bir çətinlik də yaradıb – səslər səs yazma cihazı ilə sinxron yazılmadığı üçün bütün dialoqlar sonradan dublyaj edilməli olubdur.
Bu texniki məhdudiyyətlər filmi daha da unikal hala gətirib: bəzi səhnələrdə aktyorların dodaq hərəkətləri ilə sözlər uyğun gəlmiyib, bu isə filmin atmosferini daha qeyri-adi edib.
Godard filmdə ənənəvi montaj qaydalarını sındıraraq yeni bir montaj texnikası olan jump cut (tullanma montajı) üslubunu tətbiq edib. Bu texnikada bir səhnə içində zaman sıçrayışları edərək, kadrları birdən-birə kəsib. Normalda bu, klassik kinoda “səhv” hesab edilib, amma Godard bunu qəsdən edib və filmin ritmini qeyri-adi hala gətirib.
Məsələn, Mişelin maşın sürdüyü səhnədə kamera onun üzündə qalır, lakin fon birdən dəyişir. Bu, vaxtın keçməsini göstərmək üçün istifadə edilən jump cut effektidir. Bu montaj texnikası həm tamaşaçıya təzə bir baxış bucağı verib, həm də filmin tempini sürətləndirib.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
