
Bəzən təsadüfən birini görürsən ki, o, sənin valideynlərinlə dost olub, ya da iş yoldaşlarının biri ilə bir yerdə oxuyub. Belə anlarda "Dünya kiçikdir" ya da "Yer yuvarlaqdır" deyirik. Belə bir əlaqə zəncirinin nə qədər uzağa gedə biləcəyini təsəvvür etmək olar? Məsələn, "dostlarımın dostları" vasitəsilə Papa ilə əlaqə saxlamaq mümkündürmü? Ümumiyyətlə, altı əl sıxışması nəzəriyyəsi nə deməkdir?
İlk dəfə bu ideyanı, dünyanın istənilən iki insanının şəxsi əlaqələr silsiləsi ilə birləşdirilə biləcəyini və bu zəncirin əksər hallarda müəyyən bir saydan (yəni beş) çox olmayacağını, Macar yazıçısı Fridyeş Karinti 1929-cu ildə irəli sürüb. Onun "Zəncirin Üzvləri" adlı hekayəsində dünyanın 1.5 milyard sakininin arasında istənilən məşhur və ya tanımadığımız bir adamın adını çəkməklə, həmin adamla əlaqəni beş adamdan ibarət bir zəncir vasitəsilə qurmağın mümkünlüyü göstərilirdi.
Amma bu fərziyyənin eksperimental sübutları olmadan, sadəcə, düşüncə oyunu olaraq qalırdı. Həqiqətən də bir çox eksperimentlər keçirilib. İlk olaraq, ABŞ-ın tanınmış psixoloqu Stenli Milqram 1967-ci ildə bu fərziyyəni yoxlayıb. Onun təcrübəsi "Kiçik dünya" adlanırdı.
Eksperimentin gedişatında, Milqram iştirakçılardan müəyyən bir ünvana, məsələn, müəyyən bir şəxsə, paket göndərmələrini xahiş edib. İştirakçılar bu şəxsi tanımırdılar. Paketin ünvanına çatması üçün iştirakçılar onu tanıdıqları insanlara verməli idilər. Əsas şərt ondan ibarət idi ki, hər kəs yalnız şəxsən tanıdığı adama bu paketi verə bilərdi. Eksperimentin nəticələri təəccüblü olub: İnsanlar hədəf şəxsi tanımadıqları halda, paket altı addımda ünvanına çatırdı ki, bu da "kiçik dünya" anlayışını təsdiq edirdi — dünyanın hər bir sakininin bir neçə tanış vasitəsilə bir-birinə bağlandığını göstərirdi.
Bugün "altı əl sıxışması" fərziyyəsi geniş yayılıb. Bu ideya sənət filmlərində, televiziya şoularında və digər kütləvi mədəniyyət hadisələrində populyarlaşır, "kiçik dünya" prinsipi internet sosial şəbəkələrində aydın şəkildə nümayiş olunur. Hətta hər hansı bir məşhur insanla, məsələn, Bill Gates, Johnny Depp və ya Fidel Kastronun "dostunun dostunun dostu" olmaq ideyası belə cazibədardır... Lakin bu fərziyyə bəzən düzgün başa düşülmür: "Mən yer üzündəki hər bir insanla altı əl sıxışması vasitəsilə tanışam" — adətən belə deyilir. Amma "altı" — bu zəncirin orta uzunluğudur, və əgər hansısa bir Afrikada yaşayan pigmeya, ya da Tibet rahibinə və ya Polineziya balıqçısına qədər gedirsənsə, bu zəncir on, bəlkə də, on beş "əl sıxışması"na çatacaq, bəlkə də heç bir zəncir qurulmayacaq.
2006-cı ildə Cudit Kleynfild, Alyaskanın Fərbanks Universitetinin psixologiya professoru, Milqramın təcrübəsində göndərilən məktubların 95%-nin ünvanına çatmadığına diqqət yetirib — yəni onlar yolun ortasında itmişdi. O, başqa bənzər tədqiqatların nəticələrini də yoxlayıb və orada da eyni vəziyyəti görüb. Məsələn, Uotts və Stroqatsın təcrübəsində 24,000 məktubdan yalnız 384-ü ünvanına çatmışdı. "Əgər hər 100 məktubdan 95-97-si yerə düşürsə, belə bir eksperimentin doğruluğundan danışmaq olarmı? — Kleynfild soruşur. — Niyə biz buna inanırıq? Çox cəlbedici olan ideya, yəni biz 'kiçik dünyada' yaşayırıq, hər kəsin altı tanış vasitəsilə bir-biri ilə tanış olduğu düşüncəsi".
"Altı əl sıxışması nəzəriyyəsi" nədir — fakt, yoxsa mif, bunu dəqiq demək mümkün deyil. Həqiqət, çox güman ki, arada bir yerdədir. Amma hər halda, "altı əl sıxışması nəzəriyyəsi" maraqlı bir fərziyyədir və ehtimal olunur ki, gələcəkdə, dünya əhalisinin sıxlığının artması ilə, internetin yayılması və mədəniyyətlərin qarşılıqlı təsiri nəticəsində insanlar bir-birinə daha yaxın olacaq.
Mənbə: www.techinsider.ru
Tərcümə etdi: Fatimə Kərimli
