Şotlandiyada aparılan arxeoloji qazıntılar zamanı 1000 illik uçurtma formalı üzük aşkar edilib. Üzük, könüllülər tərəfindən Burqhed şəhərindəki qala qazıntılarının son günündə tapılıb və mütəxəssislər onu erkən orta əsrlərdə ərazidə yaşamış Picts qrupuna aid edirlər.

Aberdin Universitetinin arxeoloqu və qazıntı rəhbəri Qordon Noble verdiyi açıqlamada bildirib ki, könüllülər bir vaxtlar "çox əhəmiyyətsiz görünən bir evin ərazisini" araşdırıblar. Qazıntı zamanı könüllülərdən biri üzük taparaq, tapıntını dərhal arxeoloqa təqdim edib. Noble, üzüyü görən kimi bunun xüsusi bir tapıntı olduğunu anlamış və artefaktın üzərindəki qranat qatının hələ də parıldadığını qeyd edib.

Piktlər, IV-X əsrlər arasında Şotlandiyanın şimal-şərq və şərq hissələrində yaşamış və bədənlərini boyayaraq bəzəyən bir xalq olaraq tanınırlar. Onlar Roma hücumlarına qarşı müqavimət göstərib və Roma tarixçiləri tərəfindən barbar döyüşçülər kimi təsvir edilib. Piktlər Burghead qalasında ən böyük məskunlaşmalarını qurublar, lakin cəmiyyətləri sonradan dağılmağa başlayıb.
Son illərdə aparılan araşdırmalar Burghead qalasında Pictlərə dair əhəmiyyətli məlumatlar ortaya çıxarıb. Noble bu tapıntının Pictlərin gündəlik həyatına dair yeni məlumatlar verə biləcəyini söyləyib. Üzüyün hansı məqsədlə istifadə olunduğu və kimlər üçün hazırlandığı haqqında araşdırmalar davam edir.

Qazıntılara könüllü qatılan Ralf, üzüyü tapdığını və bu tapıntının onun üçün sürpriz olduğunu qeyd edib. O, arxeologiya sahəsinə maraq göstərdiyini və Facebook-da Burqhed qazıntısı üçün könüllü çağırışını gördükdən sonra qatıldığını bildirib.
Hazırda üzük, Şotlandiya Milli Muzeyinə göndərilib və mütəxəssislər tərəfindən daha dərin təhlil ediləcək.
Mənbə: smithsonianmag
Tərcümə etdi: Aysu Əsgərzadə
