24 mart 1944-cü il gecəsi 76 müttəfiq zabiti Almaniyanın qaçılmaz hesab etdiyi Stalag Luft III əsir düşərgəsindən gizli bir tunel vasitəsilə azadlığa çıxıb. Bu, müharibənin ən cəsarətli və ən yaxşı planlaşdırılan qaçışlarından biri olub. Hadisə sonradan “The Great Escape” (Böyük Qaçış) filmində canlandırılsa da, film gerçək dəhşəti və gərginliyi tam əks etməyib.
Almanlar bu düşərgəni xüsusi təhlükəsizlik tədbirləri ilə qurublar. Onlar düşünürdü ki, bu tədbirlər əsirlərin hər hansı qaçış cəhdini mümkünsüz edəcək.
“Böyük X” – Qaçışın arxasındakı dahi
Əsirlər arasında Roger Bushell adlı bir zabit olub. Müharibənin əvvəlində əsir düşən Bushell artıq bir neçə dəfə qaçmağa cəhd edib və bu dəfə o, daha böyük plan qurub. O hər şeyi hərbi dəqiqliklə təşkil edib və məxfi bir plan hazırlayıb:
Eyni anda üç tunel qazılacaq- Tom, Dick, Harry
Planın məntiqi sadə idi: əgər almanlar bir tuneli tapsalar, digər ikisini axtarmaq ağıllarına gəlməyəcək. Hətta Bushell “tunel” sözünü işlədən hər kəsi cəzalandıracağını elan edib.
Bu sadəcə yer qazmaq deyil – bu müharibə şəraitində qurulan ən böyük yeraltı əməliyyatlardan biri olub.
Hava sistemləri qurulub: Tunellərdə nəfəs almaq üçün Qırmızı Xaç-ın göndərdiyi boş süd qutularından borular düzəldilib.
Təhlükəsizlik tədbirləri görülüb: Tunelin girişləri yataqların altında gizlədilib. Əsirlər əllərindəki hər şeyi – hətta köhnə corabları belə bir iş üçün istifadə ediblər.
Torpaq gizlədilib: Qazılan torpaq düşərgədə gözdən yayındırılmalı idi. Buna görə də əsirlər alt paltarlarının içinə gizli kisələr tikib, torpağı yavaş-yavaş düşərgəyə səpələyiblər.
Saxta sənədlər hazırlanıb: Qaçan hər bir əsir saxta pasport, şəxsiyyət vəsiqəsi, biletlər və hətta saxta möhürlər əldə etməli idi. Bunlar əllə oyulan ağac və rezin möhürlərdən hazırlanıb.
Hər şey mükəmməl idi. 220 nəfər tuneldən keçərək qaçmalı idi. Lakin plan istənilən kimi getməyib…
Tunelin çıxışı düşərgə hasarından 20 fut (6 metr) aralıda idi. Əsirlər tələsə bilməyib – hər kəsin diqqətlə çıxması lazım idi. Nəticədə, cəmi 76 nəfər qaçmağa nail olub . 77-ci şəxs keçərkən gözətçi tərəfindən fərq edilib və həyəcan siqnalı verilib.
Təqib və nəticə
5 milyon alman əsgəri və polis qüvvəsi qaçan əsirləri tapmaq üçün səfərbər edilib. Yalnız 3 nəfər qaçışda uğur qazanıb. Digər 73 nəfər isə tutulub və onların taleyi dəhşətli olub.
Hitler hamısının edam edilməsini əmr edib. Yalnız yüksək rütbəli alman zabitləri onu 50 nəfəri güllələməyə razı sala biliblər. Onları kiçik qruplar halında aparıb güllələyiblər və almanlar cinayətlərini ört-basdır etmək üçün bütün cəsədləri yandırıblar.
İngiltərə hökuməti bu edamların intiqamını almağa and içib. Müharibədən sonra 13 Gestapo zabiti edam edilib.
Bu hadisə ilk dəfə 1950-ci ildə Paul Brickhill tərəfindən yazılan kitabda dərc edilib. Daha sonra isə 1963-cü ildə “The Great Escape” filmi çəkilib.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
