Bu gün:

Diqqət dağınıqlığına qarşı mübarizə yolları


Beynin emal prosesini yavaşladan bir sıra mənfi təsirlər var. Bu, qan damarlarının zədələnməsi, anormal proteinlərin yığılması və beyində təbii kiçilmə kimi müxtəlif fizioloji stress amilləri ilə bağlı ola bilər.

Aşağıdakı amillər də konsentrasiyanıza təsir edə bilər:

• Əsas xəstəliklər

 Depressiya və ya yuxu pozğunluqları diqqətinizi cəmləmək qabiliyyətinizi zəiflədə bilər. Görmə və ya eşitmə itkisi də eyni təsirə malikdir.

• Dərmanların yan təsirləri

Bəzi dərmanlar, xüsusilə antixolinergiklər (depressiya və ya allergiya müalicəsi üçün istifadə edilənlər), emal sürətini və aydın düşünmə qabiliyyətinizi azalda bilər.

• Həddindən artıq içki

Çox miqdarda spirtli içki qəbul etmək düşünmə qabiliyyətini zəiflədir və yuxunu pozur, bu da konsentrasiyaya təsir edir.

• Məlumatın həddindən artıq olması

Televizor, kompüter və mesajlar (məsələn, SMS və ya e-poçtlar) vasitəsilə davamlı olaraq informasiyaya məruz qalırıq. Həddindən artıq material filtrasiya sistemimizi yükləyir və diqqətin yayılması asanlaşır.

Diqqəti qoruma strategiyaları

Diqqətinizi artırmaq üçün aşağıdakı addımlara diqqət edin:

• Diqqətlilik

"Diqqətlilik indiki anı dərk etməyə yönəlməkdir və bunu tətbiq etmək beynin strukturunu dəyişdirərək gündəlik həyatda diqqəti gücləndirə bilər," – deyə Brigham və Qadınlar Xəstəxanasının neyropsixoloqu Kim Willment bildirir. O, hər gün bir neçə dəqiqə sakit oturmağı, gözləri bağlayıb nəfəs almağı, ətrafdakı səslərə və hisslərə diqqət yetirməyi tövsiyə edir.

• Koqnitiv təlim 

Kompüter əsaslı koqnitiv təlim oyunları reaksiya sürətini və diqqəti yaxşılaşdırmağa yönəlib. Bunun effektivliyi ilə bağlı nəticələr müxtəlifdir.  

• Daha sağlam həyat tərzi

Sağlam həyat tərzinin bir çox aspektləri diqqət qabiliyyətini artırmağa kömək edə bilər, ilk növbədə yuxu və fiziki fəaliyyət. İdman etdikdə beyində yeni neyron əlaqələrinin yaranmasını dəstəkləyən kimyəvi maddələrin səviyyəsi artır, stress azalır və yuxu keyfiyyəti yaxşılaşır. Yuxu zamanı isə beyni zədələyə bilən stress hormonları azalır və ona zərər verən zülallar təmizlənir.

Mənbə: Harvard Health

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et