Bu gün:

Reenkarnasiya: Yenidən doğum gerçək ola bilərmi?


Hər şey bitdimi?Ölüm gələndə səssizlik və sakinlik hakim olacaq?Yoxsa cənnətə ya da cəhənnəmə,ya da bəzilərin dediyi kimi valhalaya gedəcəyik?Bəs başqa bir bədəndə yenidən doğulsanız,necə olardı?Heç tarixin başqa bir dönəmində yaşamaq istədiyinizi düşündünüzmü?Bu duyğuların səbəbi əvvəlki həyatınızla bağlı ola bilər.

Reenkarnasiya yəni ruhun bir bədəndən digərinə keçməsi, tarixin ən sirli və maraqlı mövzularından biridir. Qədim dövrlərdən bəri müxtəlif mədəniyyətlərdə və dinlərdə rast gəlinən bu inanc, həm elmi, həm də mistik aspektlərdən geniş şəkildə müzakirə olunur.

Reenkarnasiya tarixi və mədəni konteksti

Reenkarnasiya inancı qədim Misir, Hindistan, Yunanıstan və bir çox şərq fəlsəfələrində rast gəlinir. Hindistanın Vedik ənənələrində ruhun karma qanununa əsasən yeni bir bədəndə doğulacağına inanılır. Buddizm və Hinduizmdə bu anlayış insanın keçmiş həyatdakı əməllərinin (karmanın) gələcək həyatda necə bir varlıq kimi dünyaya gələcəyini müəyyən etdiyini bildirir.

Qərb fəlsəfəsində isə Platon və Pifagor kimi filosoflar ruhun bir ömürdən digərinə keçdiyini müdafiə ediblər. Xristianlıq və İslam kimi monoteist dinlərdə reenkarnasiya rəsmi doktrina kimi qəbul olunmasa da, bəzi mistik cərəyanlar, məsələn, Sufi və Gnostik qruplar, ruhun yenidən doğula biləcəyi fikrini müdafiə edirlər.

Reenkarnasiya hadisələri və araşdırmalar

 Ən çox müzakirə olunan məsələlərdən biri reenkarnasiya ilə bağlı aparılan araşdırmalardır. Xüsusilə, ABŞ-lı psixiatr Ian Stevenson illər boyunca uşaqların keçmiş həyatlarına dair xatirələri ilə bağlı minlərlə hadisəni araşdırıb. Onun tədqiqatları, xüsusilə keçmiş həyatına aid xatirələri olan uşaqların əvvəlki həyatlarına dair detalları doğrulayan faktlarla dəstəklənməsi baxımından maraqlıdır.

Bəzi uşaqlar tanımadıqları insanların adlarını, keçmiş həyatlarında yaşadıqları evləri, ailələrini və hətta ölüm səbəblərini xatırlayırlar. Məsələn, Hindistanda doğulmuş bir uşaq özünü keçmiş həyatında başqa bir şəhərdə öldürülmüş şəxs kimi xatırlayırdı və sonradan aparılan araşdırmalarda onun verdiyi detalların real hadisəyə uyğun gəldiyi aşkar olunmuşdu.

Elmi və skeptik yanaşmalar 

Bütün bu hadisələrə baxmayaraq, elm adamları reenkarnasiyanı sübut edən konkret bir dəlil olmadığını bildirirlər. Beyin və yaddaş mexanizmlərinin öyrənilməsi nəticəsində bəzi alimlər bu fenomeni kriptoamneziya (şüursuz şəkildə öyrənilən informasiyanın sonradan xatirə kimi qavranılması) və ya fantaziya yaratma meyli ilə izah etməyə çalışırlar.

Bəzi skeptiklər isə bildirirlər ki, uşaqların keçmiş həyatları xatırlaması valideynlərin təsiri və ya mediadan əldə edilən məlumatlar sayəsində formalaşa bilər. Digər nəzəriyyələrdən biri isə kollektiv şüuraltı anlayışıdır. Psixoanalitik Carl Jung bu nəzəriyyəni irəli sürərək insanların dərin şüur qatlarında bəşəriyyətin ümumi yaddaşına sahib ola biləcəyini iddia edirdi.

Reenkarnasiya və ruhun sirləri

 Bəzi insanlar trans vəziyyətində və ya meditasiya zamanı keçmiş həyatlarına dair görüntülər gördüklərini iddia edirlər. Ruhun ölümdən sonra yox olmadığını, başqa bir bədəndə yenidən dünyaya gəldiyini düşünənlər üçün bu, həyatın davamlılığını və insanın öz inkişafını anlaması üçün vacib bir anlayışdır.

Nəticə

Reenkarnasiya hələ də elm və din arasında müzakirə edilən sirli bir mövzudur. Tarix boyu bu inanca sahib olan insanlar olmuş və bir çox insan keçmiş həyatına dair xatirələr yaşadığını iddia etmişdir. Lakin elmi cəhətdən bunu tam şəkildə sübut edən konkret dəlillər yoxdur.

Buna baxmayaraq, reenkarnasiya düşüncəsi insana mənəvi rahatlıq verən və həyatın mənasını daha dərindən anlamağa kömək edən bir anlayışdır. Bu fenomenin gerçək olub-olmaması hər kəsin şəxsi inancına bağlıdır və hər bir insan öz təcrübə və dünyagörüşünə əsasən buna münasibət bildirə bilər.


Mənbə:Engin Deniz videoları 
Tərcümə etdi:Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et