İtaliya yalnız tarixi abidələri və möhtəşəm mətbəxi ilə deyil, həm də unikal adət-ənənələri ilə tanınan bir ölkədir. Bu ölkədə gündəlik həyat, ailə dəyərləri və bayramlar dərin köklərə malikdir və hər biri İtaliya mədəniyyətinin ayrılmaz hissəsidir. 
İtaliyada ailə münasibətləri çox dəyərlidir. Ailə üzvləri arasında sıx əlaqə var və həftəsonları böyük ailə yeməkləri adi bir haldır. Xüsusilə bazar günləri nənə və babaların evində toplaşaraq birlikdə vaxt keçirmək vacib sayılır. Bu, ailə əlaqələrini gücləndirir və nəsillərarası əlaqəni qoruyur.
İtalyanlar səmimi və dostcanlı insanlardır. Onlar bir-birilərini salamlayarkən yanaqdan iki və ya üç dəfə öpüşmək ənənəsinə sadiqdirlər. Əgər İtaliyaya səfər etsəniz, rəsmi mühitdə əl sıxmaq, dostlar arasında isə öpüşlə salamlaşmaq adi haldır.
İtalyanlar üçün kofe yalnız içki deyil, adət halını almış bir ənənədir. Onlar günə espresso ilə başlayır və gün ərzində dəfələrlə kofe içirlər. Maraqlıdır ki, nahardan sonra kapuçino içmək qeyri-adi bir hadisə kimi qəbul edilir, çünki bu içki yalnız səhər saatlarına uyğun hesab edilir.
İtaliya toyları çox dəbdəbəli və rəngarəng keçir. Gəlinin taxdığı ağ lent uğur gətirdiyinə inanılır. Toydan sonra isə qonaqlara “konfetti” adlanan şəkərli badam paylanır. Bu, yeni ailənin xoşbəxt və şirin həyat sürməsini simvolizə edir.
İtaliyada müxtəlif bayramlar böyük həvəslə qeyd edilir. Məsələn:
Ferragosto (15 avqust): Yayın ən isti vaxtlarında qeyd edilən bu bayramda insanlar çimərliklərə və dağlara üz tuturlar.
Karneval di Venesiya: Venesiya karnavalı məşhur maskalar və möhtəşəm paradlarla tanınır.
İtalyanlar bəzi batil inanclara da sadiqdirlər. Məsələn, masanın üzərində papaq qoymaq uğursuzluq gətirdiyinə inanılır. Eyni zamanda, mavi göz muncuğu və ya qırmızı ip bədnəzərdən qorunmaq üçün istifadə edilir.
İtaliya adətləri, qədim ənənələrin müasir həyatla qovuşduğu rəngarəng bir mədəniyyətə malikdir. Bu ölkəni daha yaxşı tanımaq üçün onların gündəlik vərdişlərini və bayramlarını anlamaq kifayətdir. Əgər bir gün İtaliyaya yolunuz düşsə, onların səmimiyyətini və ənənələrini yaxından hiss edə bilərsiniz.
Mənbə: İtaliano Bello
Tərcümə etdi: Zeynəb Həsənova
