Bu gün:

Eynək icad olunmadan əvvəl görmə qüsurlu insanlar necə görürdü?


Hər birimiz zaman-zaman eynəklərin həyatımızı necə asanlaşdırdığını düşünürük. Lakin tarix boyu insanların belə bir imkanı olmayıb. Görmə problemləri olan şəxslər üçün gündəlik həyat daha çətin idi. Bəs o dövrdə onlar bu problemi necə həll edirdilər? Bu sualın cavabı tarixin dərinliklərində gizlidir.

Gözlük icad olunmazdan əvvəl insanlar görmə qüsurlarını aradan qaldırmaq üçün böyüdücü şüşə tipli sadə vasitələrdən istifadə edirdilər. Bu alətlər, əsasən, kiçik hərfləri və əşyaları daha aydın görmək üçün işlədilirdi. Lakin bu üsullar yalnız yaxından görmə problemi olanlar üçün yararlı idi. Miyopiya (uzağı yaxşı görməmə) problemi olan insanlar isə bu vasitələrdən faydalana bilmirdi.

O dövrdə insanların əksəriyyəti görmə problemləri ilə barışaraq gündəlik həyatlarına davam edirdi. Bununla belə, miyopiya bəzi peşələr üçün üstünlük hesab olunurdu. Xüsusilə Orta Əsrlərdə əlyazmaların köçürülməsi və miniatür rəsmlərin hazırlanması ilə məşğul olanlar üçün bu, faydalı xüsusiyyət idi. Çünki miyop şəxslər yaxın məsafəni daha aydın görə bilirdi. Hətta bəzi hallarda gözlüksüz işləmək daha uğurlu nəticələr verirdi. Nəticədə, müəyyən sahələrdə miyopiya üstünlük verilən xüsusiyyətlərdən birinə çevrilmişdi.

1286-cı ildə ilk eynək icad edildikdə bu böyük yenilik kimi qarşılanıb. Lakin ilkin gözlüklər ağır, kövrək və istifadəsi çətin idi. Üstəlik, gözlük taxan insanlar cəmiyyətdə qeyri-adi qarşılanıb. Hətta bəzi şəxslər sehr və cadugərliklə məşğul olmaqda ittiham olunub. Zaman keçdikcə bu düşüncə dəyişib və XV əsrdən etibarən gözlüklər daha geniş yayılmağa başladı.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et