Bu gün:

Tomas Kromvel: Qəhrəman, yoxsa zalım?


Kasıb bir ailədən çıxıb kralın sağ əlinə çevrilən Tomas Kromvel tarixdə həm ağıllı dövlət adamı, həm də amansız siyasətçi kimi tanınır. Lakin Hilari Mantelin məşhur “Wolf Hall” trilogiyası onu daha insani və simpatiya doğuran biri kimi təqdim edib.

Kromvelin iki fərqli portreti

Tomas Kromvel uzun müddət tarixdə zalım və hiyləgər siyasətçi kimi qəbul olunub. Onun 1534-cü ildə çəkilən məşhur portreti də bu imici gücləndirib: sərt baxışlı, ağır və soyuqqanlı bir insan. Lakin Hilari Mantelin romanlarında və Mark Raylansın serialdakı ifasında biz tamamilə fərqli bir Kromvellə qarşılaşırıq: iti zəkalı, məharətli, hətta bəzi məqamlarda romantik bir obraz.

Məhz bu fərqli yanaşma Wolf Hall romanlarına böyük populyarlıq qazandırıb. Tarixçi Treysi Borman deyir ki, o da ilk dəfə Mantelin romanlarını oxuyanda Kromvelə fərqli bir nəzərlə baxmağa başlayıb. Çünki əsərlərdə Kromvelin şəxsi həyatı, sevdiyi şərablar, qulluqçularının adları kimi detallar incəliklə işlənib. Lakin Mantelin bəzi məqamları bilərəkdən yumşaltdığını da vurğulayır.

Tarixi faktlar və bədii azadlıq

Mantelin Kromvel obrazını nə qədər dəyişdirdiyini görmək üçün ən bariz nümunə Anne Boleynin edamıdır. Tarixi mənbələrə görə, Kromvel Anne Boleynə qarşı ittihamların təşkilində və məhkəmədə əsas fiqur olub. Hətta musiqiçi Mark Smeatonun işgəncəyə məruz qalaraq etiraf etməsinə də şəxsən nəzarət etdiyi deyilir. Amma “Bring Up the Bodies” romanında Smeaton sadəcə qaranlıq bir otağa salınır və ona fiziki zorakılıq tətbiq olunmur.

Vanderbilt Universitetinin tarixçisi Samanta Rocers deyir ki, Mantelin Kromveli bu qədər müsbət göstərmək üçün bəzi mühüm tarixi həqiqətləri kənara qoyduğu açıq-aşkardır.

Bəs niyə Mantel Kromveli daha müsbət bir obraz kimi təqdim edib? Bunun bir səbəbi onun tarix boyu aşağı təbəqədən gəlib zirvəyə qalxan insanların hekayələrinə maraq göstərməsidir. 16-cı əsrin İngiltərəsi aristokratların hökm sürdüyü bir məkan olub, amma Kromvel adi bir dəmirçinin oğlu kimi kralın ən güclü adamına çevrilib. Bu, bugünkü dünyada sosial ədalətsizliklə mübarizə aparan insanlar üçün cəlbedici bir hekayədir.

Bunu Lin-Manuel Mirandanın Hamilton musiqili ilə müqayisə etmək olar. Hamilton da eyni şəkildə sadə bir insandan qəhrəman yaratmaqla tamaşaçıların simpatiyasını qazanır.

Bir başqa məqam isə Kromvelin dini baxışlarının əsərlərdə çox az vurğulanmasıdır. Tarixçilər onun Protestant islahatlarını səmimi qəlbdən dəstəklədiyini və İngiltərədə Katolik kilsəsinə qarşı apardığı mübarizənin təkcə siyasi yox, həm də dini səbəblərə söykəndiyini düşünürlər. Lakin Mantelin romanlarında bu mövzu kifayət qədər qabardılmır.

Hilari Mantel özü də etiraf edirdi ki, tarixi roman yazmaq həm keçmişi anlamaq, həm də bədii azadlıqdan istifadə etmək deməkdir. O öz versiyasını yaratmaq üçün tarixdəki boşluqları doldurub.

Bu gün tamaşaçılar və oxucular Kromveli çox güman ki, Hilari Mantelin yaratdığı obraz kimi xatırlayacaqlar – iti zəkalı, istedadlı və iradəli bir insan. Amma gerçək Kromvelin necə biri olduğunu bilmək üçün tarixə daha dərindən baxmaq lazımdır.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et