Bu gün:

"Enerji siyasətində Azərbaycan mühüm irəliləyişlər əldə edib"


24media.az-ın budəfəki qonağı ekoloq Zəfər Vəliyevdir. O, yaşıl enerji və onun əhəmiyyətindən danışıb. 

- Yaşıl enerji nədir və onun əhəmiyyəti nədən ibarətdir?

Müasir dövrdə ənənəvi enerji mənbələrindən "yaşıl enerji"yə keçid qlobal miqyasda əsas prioritetlərdən birinə çevrilib. Yaşıl enerji dedikdə, ekoloji cəhətdən təmiz və bərpa olunan enerji mənbələri nəzərdə tutulur. Bu mənbələr iqlim dəyişikliyinin əsas səbəblərindən biri olan neft, kömür və qaz kimi karbohidrogen yanacaqlarının istifadəsini azaltmaq və mərhələli şəkildə dayandırmaq məqsədi daşıyır.

Son onilliklərdə Azərbaycan, əsasən neft-qaz ehtiyatları və ixrac potensialı ilə qlobal enerji bazarında diqqət mərkəzində olub. Lakin 2014-cü ildən başlayaraq, Azərbaycanın enerji siyasəti yeni bir mərhələyə qədəm qoyub və əhəmiyyətli dəyişikliklərə uğrayıb. Bu yeni enerji siyasətinin başlıca məqsədi, bərpa olunan enerji mənbələri vasitəsilə ekoloji təmiz elektrik enerjisi istehsalını artırmaq, atmosferə atılan zərərli qaz emissiyalarını azaltmaq, ölkənin iqlim öhdəliklərini yerinə yetirmək və həm regional ölkələrə, həm də Avropa İttifaqı ölkələrinə yaşıl enerji ixracını təmin etməklə, bölgədə yeni bir yaşıl enerji dəhlizinin formalaşmasına nail olmaqdır.

- Azərbaycanda yaşıl enerjiyə keçidin qarşısında duran əsas çətinliklər hansılardır?

Bərpa olunan enerji mənbələrinə keçid zamanı qarşıya çıxan bəzi çətinliklərdən biri fasiləli işlənmə qaydalarıdır. Bərpa olunan enerjinin qəbulu ilə bağlı ən mühüm problemlərdən biri, Günəş və külək kimi bərpa olunan mənbələrinin fasilələrlə işləməsidir. Bu dəyişkənlik elektrik şəbəkəsinin dayanıqlığını poza bilər. 

İkinci bir səbəb kimi saxlama məhdudiyyəti deyə bilərik. Enerjinin saxlanması mühüm yenilik ola bilər, lakin onun da məhdudiyyətləri var. Çox günəşli və ya güclü küləklər olduqda, yaranan artıq enerji yığılmalıdır. Litium-ion əsaslı və digər qabaqcıl batareya texnologiyaları fasilələrlə bağlı problemlərə əhatəli həll yöntəmləri təklif edir. Bu batareyalar istehsalın ən yüksək dövrlərində artıq enerji saxlaya bilər və tələbat yüksək olduqda, onu şəbəkəyə buraxaraq şəbəkəni tarazlaşdırmağa kömək edir.

Digər bir səbəb, infrastrukturun modernləşdirilməsidir. Köhnə enerji infrastrukturu əhəmiyyətli problem yaradır, çünki bərpa olunan enerjinin səmərəli paylanması üçün optimallaşdırılmamış ola bilər. Sabitlik və etibarlılığı təmin etmək üçün, qabaqcıl şəbəkə idarəetməsi və enerji saxlama texnologiyalarını daxil etməklə, şəbəkə infrastrukturu modernləşdirilməlidir. 

Yeni enerji keçidi nəqliyyat və  kommunal sektor daxil olmaqla, iqtisadiyyatın bütün sahələrində ənənəvi enerjini mərhələli şəkildə yaşıl enerji ilə əvəzləməkdir. Keçid uzun müddətli proses olmaqla yanaşı , böyük investisiya yönümlüdür. Bunun üçün inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin milli iqlim hədəflərinə dəstək olmalıdırlar.

Səidə Əsədli


Paylaş
Şərh əlavə et