
İncəsənət tarixi müxtəlif dövrlər və üslublarla zəngindir. Hər bir dövr özünəməxsus xüsusiyyətləri ilə fərqlənir və cəmiyyətin düşüncə tərzini əks etdirir. 17-ci əsrin əvvəllərində Avropada meydana gələn Barok sənəti, öz dramatik ifadə tərzi, dinamik kompozisiyaları və möhtəşəm detallar ilə incəsənət tarixində dərin iz buraxmışdır.
Barok təkcə bir incəsənət axını deyil, eyni zamanda dövrün mədəni, siyasi və dini baxışlarını da əks etdirən bir üslub idi. Həmin dövrdə Avropada Katolik Kilsəsi və monarxiyalar güclənirdi və sənət bu gücün nümayiş etdirilməsində mühüm rol oynayırdı. Məhz buna görə də Barok sənətində möhtəşəmlik, dramatizm və hisslərin güclü ifadəsi əsas elementlərdən biri olmuşdur.
Bu məqalədə Barok axınının yaranma səbəbləri, əsas xüsusiyyətləri, sənət sahələrinə təsiri və onun ən tanınmış nümayəndələri haqqında ətraflı məlumat verəcəyik.
Barok sənətinin yaranmasını şərtləndirən bir neçə mühüm faktor mövcud idi:
1. Dini Təsirlər: Barok sənəti Katolik Kilsəsinin reformalarına cavab olaraq inkişaf etmişdi. Protestanlıq yayıldıqca Katolik Kilsəsi incəsənətdən güclü bir vasitə kimi istifadə edərək insanlara təsir etmək və onları dinə daha da yaxınlaşdırmaq istəyirdi. Kilsələrdəki rəsmlər və heykəllər dramatik səhnələri təsvir edərək insanlara dini duyğuları daha dərindən hiss etdirməyi hədəfləyirdi.
2. Monarxiyanın Güclənməsi: Barok dövrü, Avropada monarxiyaların ən güclü olduğu dövrlərdən biridir. Krallar və imperatorlar öz güclərini və ehtişamlarını göstərmək üçün möhtəşəm saraylar, kilsələr və abidələr inşa etdirirdilər.
3. Elmi Kəşflər və İnsanın Dünya Görüşü: Barok dövrü həm də elmi kəşflərin sürətlə inkişaf etdiyi bir zamana təsadüf edirdi. Bu dövrdə Kopernik, Qalileo və Nyuton kimi alimlərin kəşfləri insanın dünyaya baxışını dəyişdirdi. Bu dəyişikliklər sənətə də təsir etdi və kompozisiyalarda daha realistik təsvirlər, perspektiv texnikaları və işıq-kölgə oyunları geniş istifadə olunmağa başladı.
Barok üslubu digər incəsənət axınlarından fərqli olaraq güclü emosional təsir və dinamizm ilə seçilirdi. Onun əsas xüsusiyyətləri aşağıdakılardır:
1. Hərəkət və dinamizm
Barok sənətində hərəkət və enerji hissi ön plandadır. Rəsmlər, heykəllər və memarlıq abidələri sanki canlıdır və izləyicini hadisələrin içində hiss etdirməyə çalışır. Kompozisiyalar çox vaxt qeyri-adi rakurslarla və mürəkkəb strukturlarla hazırlanırdı.
2. Dramatik işıqlandırma və kölgələr
Barok rəssamları işıq və kölgədən ustalıqla istifadə edərək dramatik effektlər yaradırdılar. Xüsusilə “Chiaroscuro” (işıq-kölgə) texnikası bu dövrdə inkişaf etmişdir. Bu texnikada kəskin işıq və kölgə kontrastları yaradılaraq fiqurlar və obyektlər daha realistik və təsirli görünürdü.
3. Emosional ekspressiya
İnsanların üz ifadələri və bədən dili vasitəsilə duyğuların güclü şəkildə ifadə edilməsi Barok sənətinin əsas xüsusiyyətlərindən biridir. Həmin dövrdə çəkilmiş rəsmlərdə və heykəllərdə insanlar qorxu, sevgi, kədər və ya heyrət kimi hissləri çox açıq şəkildə nümayiş etdirirlər.
4. Möhtəşəmlik və təmtəraq
Barok sənəti təmtəraq və ehtişamı ilə seçilir. Bu dövrdə inşa edilən binalar, kilsələr və saraylar çox zəngin dekorasiyalar və qızıl işləmələrlə bəzədilirdi.
Barok axınının əsas nümayəndələri
Bu üslubun ən məşhur sənətkarları arasında aşağıdakı isimlər yer alır:
Caravaggio (1571–1610): İtalyan rəssamı olub, realist təsvirləri və işıq-kölgə texnikası ilə tanınır. Onun əsərləri dramatik və emosional təsirliliyi ilə seçilir.
Gian Lorenzo Bernini (1598–1680): İtalyan heykəltəraşı və memarıdır. Onun Barok heykəlləri dinamik hərəkətlər və güclü emosional ifadələr ilə diqqət çəkir.
Peter Paul Rubens (1577–1640): Flamand rəssamıdır. O, zəngin rəng palitrası və dinamik fiqurları ilə tanınır.
Barok axınının musiqi və memarlığa təsiri
Barok yalnız rəssamlıq və heykəltəraşlıqda deyil, həm də musiqi və memarlıqda mühüm iz buraxmışdır.
Musiqidə: Johann Sebastian Bach və Antonio Vivaldi kimi bəstəkarlar bu dövrün əsas nümayəndələridir. Onların əsərləri mürəkkəb melodiyalar, sürətli dəyişən ritmlər və emosional gücü ilə seçilir.
Memarlıqda: Barok memarlığı təmtəraqlı və monumental üslubu ilə tanınır. Bu üslubun ən məşhur nümunələrindən biri Versal Sarayı və Roma’dakı Müqəddəs Pyotr Bazilikasıdır.
Barok sənəti, dinamikliyi, emosional dərinliyi və vizual zənginliyi ilə incəsənət tarixində mühüm bir mərhələ təşkil edir. Bu üslub, sadəcə bir dövrün sənət anlayışı olmaqla kifayətlənmir, həm də sonrakı incəsənət cərəyanlarına böyük təsir göstərmişdir.
Mənbə:trt2
Tərcümə edən:Fatimə Cabbarlı
