24media.az-ın budəfəki müsahibi ekspert Ayan Nəcəfdir. O, enerji mənbələrinin perspektivliyindən, onun problemlərindən, fayda və yeniliklərindən danışıb.

- Hansı bərpa olunan enerji mənbələri yaxın gələcəkdə ən perspektivli olacaq?
Düşünürəm ki, bu baş verən tendensiyaların gedişatına bağlı olan bir məsələdir. Belə ki, qaynağından və ehtiyatların həcmindən asılı olmayaraq, bərpa olunan enerjidən geniş istifadə və onun effektivliyi müxtəlif faktorlara bağlıdır. Bu sahədə bilavasitə müvafiq texnologiyaların inkişafı və əlçatanlığı, dövlətlərin milli və qlobal səviyyədə təşəbbüsləri - qanunvericilik, icra mexanizmləri, investisiya və eləcə də şəffaf formada təşkil olunmuş ictimai müzakirələr, təşviqat və maarifləndirmə əsas amillərdəndir.
Yaşıl enerji mənbələrinin növlərinə gəldikdə isə, istehsal üçün geniş həcmli təbii ehtiyata və daha yaxşı inkişaf etmiş texnoloji ekosistemə dayanan günəş enerjisinin istifadəsi yaxın perspektivdə aparıcı mövqedədir. Təsəvvür edin, yer üzünə bir saat ərzində Günəşdən daxil olan insolasiyanın miqdarı Yer kürəsində istehlak olunan illik qlobal enerji ehtiyacının həcmini üstələyir. Günəş enerjisinə dayanan yaşıl enerjinin istehsalı, saxlanması, satışı və istehlakı getdikcə daha da təkmilləşir.
Bərpa olunan enerji mənbələrindən danışarkən quruda və su üzərində geniş istehsal olunan külək enerjisinin artan istifadəsindən də söz açmaq yerinə düşərdi. Belə ki, potensialı böyük olan regionlarda iri şəhərlərin və aqrar ərazilərin ətraf mühit, flora və faunası nəzərə alınmaqla külək enerjisi istehsalı son illərdə kəskin şəkildə artmışdır.
Beynəlxalq Enerji Agentliyinin 2028-ci ilədək verdiyi proqnozlar vəd edir ki, günəş və külək enerjisinin payı 25 faiz olmaqla qlobal enerji istehsalının 42 faizi bərpa olunan enerji mənbələrinin payına düşəcəkdir.
- Böyük şəhərlərdə bərpa olunan enerji mənbələrinin tətbiqi zamanı hansı əsas problemlər meydana gəlir?
Son onillikdə inşa olunan müasir tipli şəhərlər istisna olmaqla böyük şəhərlərin infrastrukturunun enerji təchizatı bir qayda olaraq ənənəvi yanacaq enerjisi mənbələrinə dayanır. Bu səbəbdən də bərpa olunan enerjinin mövcud enerji şəbəkələrinə inteqrasiyası mürəkkəb və məsrəfli bir prosesdir və bu yüklü məsrəflər həm dövlət, həmçinin də sıravi şəhər sakinləri üçün çətinlik yaradır. Çox zaman iri şəhərlərdə və sənaye zonalarında kompleks şəkildə deyil, ayrı-ayrı obyektlərin və ya yaşayış komplekslərinin timsalında infrastruktur predmetinin tam və ya qismən alternativ enerji ilə təchizatının şahidi oluruq.
Bərpa olunan enerji mənbələrindən istifadəni çətinləşdirən amillərdən biri də saxlanc və kəsintisiz təchizatın təminatıdır ki, bu da şəhər infrastrukturunun yaşıl enerji sisteminə transformasiyasında əlavə xərclərə səbəb olur. Şəhər ərazilərində infrastrukturun bərpa olunan enerji təchizatına keçid prosesində qanun və tənzimləyici çərçivənin təkmilləşməsi də ciddi faktorlardan biridir. Şəhərlərdə yaşıl enerji həllərinin tətbiqini ləngidən əngəllər və tənzimləyici çətinliklər çox rast gəlinən amillərdəndir. Bundan əlavə, müxtəlif coğrafiyalarda bərpa olunan enerji təchizatına keçid zamanı təbii enerji potensialının və investisiyanın mövcudluğu bəzən yetərli olmaya bilir. Bəzi iri şəhərlərin bərpa olunan enerji ilə, xüsusən də külək enerjisi ilə təchizatında ərazi və ətraf mühitə yaranan risklər sıxıntı yaradır. Belə ki, külək turbinlərinin quraşdırıldığı bölgələrdə qurğunun flora və faunaya təsirləri də hesablanır. Nümunə olaraq, quşların təbii miqrasiya prosesinə dəyən zərərin faiz nisbəti yüksək olduqda həmin ərazilərdə külək enerjisi infrastrukturu artıq planlama mərhələsində dəyişdirilməli olur. Nəhayət, müqavimət faktoru vardır ki, yuxarı məsrəflər, alternativ enerji təchizatına keçiddə müşahidə olunan bəzi qeyri-müəyyənliklər, şəhərlərin estetik görünüşünə potensial mənfi təsirlər, kiçik miqyaslı ekoloji böhran riskləri və s. fonunda yaşıl enerji infrastrukturuna münasibətdə ictimaiyyət tərəfindən skeptik yanaşmalar müşahidə oluna bilər. Bu və bu kimi problemlərin həllində adətən dayanıqlılığı təşviq edən innovativ həllər və siyasətlər yaratmaq üçün hökumət, özəl sektor və icmalar arasında çoxtərəfli davamlı əməkdaşlıq əhəmiyyətli rol oynayır.
- Davamlı enerji təcrübələrinin tətbiqi ilə bağlı iqtisadi faydaları necə qiymətləndirirsiniz?
Dayanıqlı enerji istifadəsi ayrı-ayrı fərdlər, bizneslər və dövlət qarşısında yuxarıda sadalanan əngəllərlə yanaşı, birbaşa faydalar da təqdim edir.
Fərdi enerji istehlakında xərclərə qənaət göstəricilərinə baxsaq, görünür ki, mənzil təsərrüfatında günəş enerjisi qurğuları müəyyən ilkin investisiya tələb etsə də, elektrik enerjisi ödənişlərində əhəmiyyətli qənaətə səbəb olur. Nümunə olaraq, Böyük Britaniyada fərdi istifadəçilər yaşayış sahələrində günəş panellərindən istifadə zamanı hər il kommunal ödənişlərdə 525 funt-sterlinq (təqribi 1157 AZN) dəyərində qənaət etdiklərini bildirirlər. Bundan əlavə, elektrik avtomobillərinin enerji ilə təchizatı qalıq yanacaq enerjisi xərcləri ilə müqayisədə 1 il ərzində 4 və ya 6 dəfə qənaətə səbəb olur.
Bundan əlavə, bərpa olunan enerji infrastrukturunun salınması xüsusilə quraşdırma və texniki xidmət sahələrində yeni iş yerlərinin yaradılması vasitəsilə işsizlik nisbətlərinin azalmasına xidmət edir və bununla da yerli iqtisadiyyatlara töhfə vermiş olur.
Dünyadakı geosiyasi və iqtisadi qeyri-stabillik fonunda qiymət artımlarına qarşı dayanıqlılıq yaşıl enerjiyə keçidin təqdim etdiyi üstünlüklərdən biridir. Bərpa olunan enerjiyə doğru üz tutan istifadəçilər dəyişkən yanacaq enerjisi qiymətlərindən sığortalana və öz büdcələrini daha yaxşı proqnozlaşdıra bilirlər.
Davamlı enerji həllərinə keçməklə həm fərdlər, həm də təşkilatlar bu cür maliyyə faydalarından istifadə etməklə yanaşı, ekoloji böhranın aradan qaldırılmasına töhfə vermiş olurlar.
Əmlak xərclərinə qənaət və artan əmlak dəyəri haqqında danışsaq, qeyd etmək olar ki, alternativ enerji infrastrukturunun quraşdırıldığı əmlak növləri adətən daha səmərəli istifadə xərclərinə malikdir. Eləcə də günəş panelləri kimi bərpa olunan enerji qurğuları olan ev və müəssisə binalarının əmlak dəyərində müşahidə olunan artım bu tip tikililəri potensial alıcılar üçün daha cəlbedici edə bilir.
- Sizin fikrinizcə, davamlı enerjinin təşviqi sahəsində hansı yeniliklər ən təsirli olacaq?
Davamlı enerji istifadəsinin təşviqi müvafiq hüquqi baza, texnologiya və davranışların kompleks şəkildə tətbiqini əhatə edir.
Hər şeydən öncə, növündən asılı olmayaraq enerjidən ağıllı istifadə və qənaət tədbirlərinin təbliğatı önəmlidir. Ümumi enerji istehlakını azaltmaq üçün enerjiyə qənaətə xidmət edən texnoloji avadanlıqların sərfəli şərtlərlə pərakəndə satışı buna yaxşı nümunədir.
Ümumi enerji istifadəsini və karbon emissiyalarını azaltmaq üçün nəqliyyat vasitələri, biznes və istehsalat obyektləri və yaşayış binaları üçün enerji səmərəliliyi standartlarının müəyyən olunması çox zaman effektiv rol oynayır. Sırf bərpa olunan enerjinin təşviqindən danışdıqda isə, yerli, regional və milli səviyyələrdə davamlı enerji keçidlərini özündə birləşdirən hərtərəfli İqlim Fəaliyyət Planlarının hazırlanıb həyata keçirilməsi önəmlidir.
Bərpa olunan enerji qurğularından istifadə edən fərdi şəxslər və biznes sahibləri üçün müəyyən vergi güzəştləri, ilkin infrastruktur üçün nəzərdə tutulmuş subsidiyalar və qrantlar alternativ enerji mənbələrindən istifadəyə keçiddə effektiv təşviqat mexanizmi sayıla bilər.
Dayanıqlı nəqliyyat və mikromobillik proqramlarını da nümunə gətirmək olar. Yanacaq enerjisindən asılılığı və eyni zamanda emissiyaları azaltmaq üçün ictimai nəqliyyat, elektrik nəqliyyat vasitələri və velosiped proqramlarının təşviqi də yaşıl enerjiyə keçiddə uğurlu kampaniyalardan biridir. Son bir ildə Bakı şəhəri və ətraf kəndlərdə yeni yaradılan infrastruktur və təşviqat proqramı artıq öz müsbət nəticələrini göstərir.
Bu məsələdə icmanın və gənc nəslin maariflənməsi də vacib istiqamətlərdən hesab olunur. Müxtəlif seminarlar, interaktiv sərgilərin təşkili, bundan əlavə, qəsəbə və icmaların bərpa olunan enerji layihələrinə dəstək, yerli icmaların davamlılıq təşəbbüslərinə cəlb edilməsində effektiv vasitədir. Daha da önəmlisi, məktəblərdə və ali təhsil ocaqlarında yaşıl enerji konseptinin tədrisi və təşviqi istər müvafiq peşə sahiblərinin, istərsə də fərdi istehlakçı ordusunun formalaşmasında əhəmiyyətli rol oynayır. Davamlı enerjinin təşviqindən bəhs edərkən innovasiya və tədqiqatların maliyyələşməsinə də diqqət ayırmaq lazımdır. Dayanıqlı enerji istehsalı və saxlanmasını asanlaşdıran innovativ həllər, yeni enerji texnologiyaları üçün elmi tədqiqata və beynəlxalq konfranslara investisiya qoyuluşu adətən bu sahənin uğurlu təşviqinə töhfə verir. Ümumilikdə enerji həlləri istiqamətində kollektiv səyləri artırmaq üçün hökumət, biznes və qeyri-kommersiya təşkilatları arasında tərəfdaşlığın gücləndirilməsi ən vacib faktorlardan biridir.
- Hansı beynəlxalq nümunələri davamlı enerji təcrübələrinin uğurlu tətbiqi ilə əlaqədar ən effektiv hesab edirsiniz?
Sözsüz ki, beynəlxalq müstəvidə konkret milli öhdəliklərə, effektiv enerji siyasəti və innovasiyalara dayanan uğurlu yaşıl transformasiya nümunələri mövcuddur.
Lakin dayanıqlı enerjiyə keçidin uğurlu tətbiqi müxtəlif faktorlara görə ölçüldüyü üçün bu sahədə hər hansısa bir ölkənin mütləq üstünlüyündən bəhs etmək çətindir. Misal üçün, ölkənin yaşıl enerji üzrə ümumi istehsal gücü, elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payı, karbon emissiyalarının baza ili ilə müqayisədə ixtisar faizi və s. kimi müxtəlif müqayisə meyarları mövcuddur.
Skandinaviya ölkələrinin uğurlu təcrübəsindən bəhs etsək, iddialı külək enerjisi siyasəti ilə tanınan Danimarkanı nümunə gətirmək olar. Ölkə elektrik enerjisi təchizatının təxminən 47%-ni külək turbinlərindən istehsal edir. Danimarkanın dənizdəki külək stansiyalarına böyük sərmayə qoyulmuş və 2050-ci ilə qədər qalıq yanacaq enerjisi istifadəsini sıfırlamaq hədəfləmişdir. Görünür, 2009-cu ildən bəri külək enerjisi istehsalında xərclərin təqribən 70 faizədək aşağı düşməsi bu bərpa olunan enerji növünə marağı artırmışdır.
İsveç də həmçinin 2045-ci ilə qədər bərpa olunan enerjiyə tam keçidi və karbon neytrallığına keçidi hədəfləmiş, bu istiqamətdə su elektrik enerjisi, külək və bioenerji daxil olmaqla bərpa olunan mənbələrə sərmayə yatırmışdır. İslandiyanın elektrik və istilik enerjisinin artıq demək olar ki, 100%-i bərpa olunan mənbələrdən, ilk növbədə geotermal və hidroenergetikadan əldə edilir. Hazırda ölkə istilik və elektrik enerjisi üçün öz geotermal ehtiyatlarından səmərəli istifadə edir. Böyük Britaniyanı misal gətirsək, ən son 2024-cü il hesabatında elektrik enerjisi təchizatının 30 faizinin külək enerjisi hesabına təmin olunduğu göstərilmişdir. Bu nümunələr müxtəlif ölkələrdə siyasətlər, investisiya və texnoloji innovasiyalar vasitəsilə bərpa olunan enerjidən səmərəli istifadəni nümayiş etdirir.
- Sizcə, Azərbaycanın regionda və dünyada davamlı enerji gələcəyi necə olacaq?
Düşünürəm ki, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir. Ölkəmiz zəngin bərpa olunan enerji resurslarına malik olmaqla yanaşı, yaşıl enerjiyə keçid və dekarbonizasiya istiqamətində ciddi təşəbbüslər irəli sürmüşdür. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.
Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfə vermək məqsədilə baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qaz emissiyalarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılması hədəf götürülmüşdür. Həmçinin 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dekarbonizasiya zonasına çevrilməsinin hədəfləndiyi elan edilmişdir. Bütövlükdə Azərbaycanda bu sahədə zəruri strateji addımların atıldığı nəzərə alınmaqla yanaşı, həm regional dinamika, həm də qlobal bazar tendensiyaları fonunda zəngin günəş və külək enerjisi potensialından istifadənin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Təbii ki, qlobal istiləşmənin 1.5 dərəcə Selsi civarında saxlanması və beynəlxalq dayanıqlılıq hərəkatı ölkəmizin enerji ixracatçısı kimi bərpa olunan enerji istehsalı və ixracı prosesini sürətləndirəcəkdir.
Bu məsələdə milli mütəxəssislərin yetişdirilməsi yolu ilə “yaşıl səriştələrin” artırılması, dayanıqlı investisiya qoyuluşu və zəruri hüquqi normativlərin tətbiqi qısa zamanda öz müsbət təsirlərini göstərə bilər.
İbrahim Çobanlı
