Bu gün:

Heyvanlara qarşı ittiham: Məhkəmə tarixinə qeyri-adi baxışı


Heyvan məhkəmələri həmişə cəmiyyətin bir parçası olub, amma biz laboratoriya siçanları ilə aparılan sınaqlardan danışmırıq. Orta əsrlərdə onlarla heyvan insan məhkəmələrində insan cinayətlərinə görə mühakimə olunurdu. Bu, gülməli səslənsə də, bu təcrübə bu gün də mübarizə apardığımız narahat edici bir sual doğurur: əgər biz heyvanları məhkəmədə məsuliyyətə cəlb ediriksə, bu, onların müəyyən hüquqi qorunmaya layiq olduqları anlamına gəlmir? Axı biz onları qida üçün öldürür və dərilərini geyim üçün istifadə edirik. Bəs illər keçdikcə getdikcə daha az effektiv olan tibbi və məhsul sınaqları uğrunda qurban verilən minlərlə heyvan necə?


Heyvanların insan sahiblərini məhkəməyə verməsi ideyası ən azı minillik bir tarixi olan anlayışdır. Bu fikir ilk dəfə 10-cu əsr İraqında dissident sünni alimlər tərəfindən yazıya alınmışdır. Daha da maraqlısı isə heyvanların məhkəmədə ittiham olunan tərəf kimi mühakimə edilməsi ən azı qədim Afina dövrünə qədər gedib çıxır və bu praktika Avropada 18-ci əsrə qədər davam edib.
Heyvanların məhkəmə qarşısında dayanmasının tarixi sadəcə maraqlı bir fakt deyil. Bu, insanın heyvanlara qarşı münasibətinin daim dəyişdiyini və onların sadəcə mülkiyyət hesab edildiyi hazırkı hüquqi yanaşmanın özü də keçmiş sistemlər qədər qəribə olduğunu xatırladır.
Yüzlərlə il ərzində Avropada heyvanlar tez-tez iddia olunan "cinayətlərinə" görə məhkəməyə çıxarılırdı. Kilsə məhkəmələri gəmiriciləri və digər zərərvericiləri məhsullara ziyan vurduqları üçün mühakimə edirdi. Bu məhkəmələr çəyirtkələr, ilanlar, taxıl böcəkləri, siçovullar və milçəkləri sadəcə cərimələməklə və ya sürgün etməklə kifayətlənmir, həm də onları kilsədən xaric edirdi.
Dünyəvi cinayət məhkəmələri isə insanlara qarşı zorakılıq törədən ev heyvanlarını mühakimə edirdi. Tarixi qeydlərə əsasən, donuzlar xüsusilə körpə öldürməyə meyilli idilər. Belə hadisələrdən birində, 1386-cı ildə bir donuz insan paltarına büründürülərək edam edilmişdi—bu isə "şirin, amma qorxunc" ifadəsinin məna daşıya biləcəyi barədə suallar doğurur.
Orta əsr hüquq sistemində heyvanlara münasibət, heç olmasa qismən, onları ədalətli şəkildə mühakimə etmək istəyindən irəli gəlirdi. Lakin heyvanların yalnız müdafiə olunan tərəf kimi hüquqlara malik olması, xristian inancına əsaslanan, insanlarla heyvanlar arasında mənəvi fərqin mövcudluğu düşüncəsini də əks etdirirdi.
Aristoteldən ilhamlanan Tomas Akvinski belə bir nəticəyə gəlmişdi ki, insanlardan fərqli olaraq, heyvanların ölümsüz ruhu yoxdur. Orta əsr Avropasının çox az sakini Akvinskinin fikirləri ilə birbaşa tanış olsa da, onun təsiri nəticəsində insanların heyvanların adından şikayətçi qismində məhkəməyə müraciət etməsi ideyası heç kimin ağlına gəlməyib.

Mənbə: Salon.com
Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et