Bu gün:

Bütün okeanlar buz bağlasa, dünya necə dəyişərdi?


Okeanlar Yer kürəsinin həyat mənbəyidir. Onlar iqlimi tənzimləyir, oksigen istehsal edir və ən böyük ekosistemə sahibdir. Bəs əgər bütün okeanlar birdən-birə buz bağlasaydı? 

Əvvəlcə balıqçılıq və dəniz nəqliyyatı iflasa uğrayar, sonra qlobal iqtisadiyyat sarsılar, ən təhlükəlisi isə oksigen tükənməyə başlayardı. Tarix boyu okeanlar heç vaxt tamamilə donmayıb. Bunun əsas səbəbi suyun yüksək duzluluğu, geotermal istilik və okeanların böyük həcmidir. Əgər bu amillər aradan qalxarsa, okeanlar sürətlə buz bağlayar və bu, su dövranının dayanmasına səbəb olar. 

Yağıntılar dayanar, torpaqlar sürətlə səhralaşar, kənd təsərrüfatı çökər və su qıtlığı böyüyər. Okean səthinin buzla örtülməsi Günəş işığının dərinliklərə çatmasına mane olar, nəticədə planktonlar məhv olar və okean ekosistemləri tamamilə çökməyə başlayar. Bu isə qida zəncirinin pozulmasına və dəniz canlılarının yox olmasına gətirib çıxarar. Daha böyük təhlükə oksigenin azalmasıdır. Okeanlar atmosferdəki oksigenin 50-85%-ni istehsal edir.

Digər bir problem iqtisadi böhrandır. Dünya ticarətinin 80%-i dəniz yolu ilə həyata keçirilir. Okeanlar donduqda beynəlxalq ticarət dayanacaq, enerji və ərzaq məhsullarının daşınmaması ciddi böhrana səbəb olacaq. Neft qiymətləri yüksələr, enerji qıtlığı yaranar və bir çox ölkələr iqtisadi iflasla üzləşər. 650 milyon il əvvəl Yer kürəsi demək olar ki, tamamilə buzla örtülüb və bu dövr "Kartopu Yer" adlanır. Lakin dərin dənizlərdəki hidrotermal mənbələr sayəsində bəzi bakteriyalar sağ qala bilib.

Əgər bu ssenari təkrarlanarsa, insanlığın sağ qalması demək olar ki, mümkünsüz olar. Buzla örtülmüş okeanlar qlobal ekoloji və iqtisadi fəlakətə səbəb olardı, lakin bunun baş vermə ehtimalı çox aşağıdır.

Mənbə: Onedio 

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et