Disneyin yeni “Qar Ağ və Yeddi Cırtdan” filmi qarışıq reaksiyalarla qarşılanıb. Filmin bəzi hissələri klassik nağılı xatırlatsa da, digərləri daha müasir və siyasi bir yanaşma sərgiləyir. Bu fərqli üslubların bir araya gətirilməsi nəticəsində film bəzən köhnə nağılı xatırladan bir fantaziya, bəzən isə inqilabi bir drama kimi hiss olunur.
Filmin başlanğıcında Qar Ağ (Rachel Zegler) klassik versiyadan fərqli olaraq, adını dərisinin rənginə görə yox, anadan olduğu zaman yağan qar tufanına görə aldığını öyrənirik. Onun valideynləri “hər kəsin azad və bərabər olduğu bir krallıq” qurublar, amma pis Kraliça (Gal Gadot) hakimiyyətə gəldikdən sonra xalqın sərvətini özününküləşdirir. Burada film açıq şəkildə siyasi mesajlar verir.
Lakin Qar Ağ meşəyə qaçdıqdan sonra film birdən-birə klassik 1937-ci il animasiyasının sadiq bir təkrarı kimi davam edir. Parlaq rəngli çiçəklər, böyük gözlü meşə heyvanları və cizgi filmindən ilhamlanan geyimlər bizi bir anda nostalji atmosferə aparır. Bununla belə, CGI texnologiyası ilə yaradılan cırtdanlar bir qədər qəribə və süni görünür.
Daha sonra film yenidən siyasi bir macəraya çevrilir. Qar Ağ yeni dostu Conatan (Andrew Burnap) və onun üsyançılar dəstəsi ilə birləşir. Onlar birlikdə “Princess Problems” adlı yeni mahnını oxuyurlar. Burada da film iki fərqli yanaşmanı qarışdırır: həm klassik cırtdanları saxlayır, həm də yeni bir üsyançı qrup əlavə edir.
Nəticədə, film nə tamamilə nağılvari sehrini qoruyur, nə də inqilabi hekayəsini tam inkişaf etdirir. Sanki iki fərqli film bir araya gətirilib, amma heç biri tam istənilən effekti vermir. Buna baxmayaraq, film maraqlı təcrübə təqdim edir və xüsusilə kino və siyasət həvəskarları üçün izləməyə dəyər. Lakin kiçik yaşlı tamaşaçılar üçün o qədər də cəlbedici olmaya bilər.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova