Alimlər 2013-cü ildə fəaliyyətini dayandıran Avropa Kosmik Agentliyinə məxsus "Gravity field and Ocean Circulation Explorer" GOCE peykindən əldə edilən məlumatlar əsasında Antarktida buzlaqlarının altında qədim bir qitənin qalıqlarını aşkar ediblər.

GOCE peyki 2009-2013-cü illər arasında Yerin cazibə sahəsini yüksək dəqiqliklə xəritələndirib. Bu məlumatlar sayəsində tədqiqatçılar Antarktidanın litosferasını, yəni Yerin daxili geologiyasının xarici qatını xəritələndirə biliblər. Bu yeni tədqiqat Antarktidanın son 200 milyon il ərzində necə hərəkət etdiyini və digər qitələrlə əlaqəsini anlamağa kömək edib.
Məlum olub ki, Antarktida bir zamanlar superqitə olan Qondvananın bir hissəsi olub və təxminən 180 milyon il əvvəl Hindistan və Avstraliya ilə birlikdə ayrılıb. Tədqiqatçılar Antarktida buzlaqlarının altında kraton adlanan qədim kontinental plitələrin parçalarını aşkar ediblər ki, bu da onun bir zamanlar Hindistan və Avstraliya ilə bağlı olduğunu göstərib.
Bu kəşf, həmçinin Antarktidanın geoloji tərkibinin buz təbəqələrinə necə təsir etdiyini və iqlim dəyişikliyi nəticəsində bu təbəqələrin necə reaksiya verəcəyini anlamağa kömək edib.
Mənbə: All That's Interesting
Tərcümə etdi: Səidə Abasova
