90-cı illərin ikonik rep ulduzu Tupak Şakur adətən üsyankar və aqressiv üslubu ilə tanınıb. Amma “Dear Mama” (Əziz Ana) mahnısı onun həssas tərəfini göstərib və illər keçsə də, dinləyiciləri hələ də göz yaşına boğur.
DJ Master Tee-nin yaratdığı bu musiqi parçası sonradan prodüser Toni Pizarro tərəfindən təkmilləşdirilib. Mahnı Tupakın anası Afeni Şakura həsr olunub. O, bir vaxtlar Qara Panteralar siyasi hərəkatının fəal üzvü olub, lakin narkotik asılılığı və maddi çətinliklərlə mübarizə aparıb. Mahnı Tupakın 1995-ci ildə çıxan “Me Against the World” albomunun ən parlaq hissəsidir. Bu albomda Tupak tez-tez ümidsizlik və ölüm haqqında danışsa da, “Dear Mama” ümid və sevgi dolu bir parça kimi seçilir.
Mahnının sözlərində Tupak anasının çətinliklərinə baxmayaraq, ona olan dərin sevgisini vurğulayır.
O dövrdə rep musiqisində narkotik asılılığına məruz qalan insanlar təhqiramiz sözlərlə xatırlanıb. Amma Tupak bu insanları “dövlətin qurbanları” adlandıraraq onlara anlayış və mərhəmətlə yanaşıb.
Afeni Şakur 1947-ci ildə irqçiliklə dolu bir dövrdə dünyaya gəlib. Daha sonra o, Nyu-Yorka köçüb və Qara Panteralar hərəkatına qoşulub. Hərəkatın fəal üzvü kimi o, kasıb uşaqlar üçün pulsuz səhər yeməyi proqramı yaradıb və hüquqsuz insanları müdafiə edib. 1971-ci ildə Afeni və digər 20 Pantera üzvü polisə qarşı hücum planlaşdırmaqda ittiham olunub. Amma o, məhkəmədə özünü uğurla müdafiə edərək azadlığa çıxıb. Elə həmin il də oğlu Tupak dünyaya gəlib.
Tupakın uşaqlığı çətin keçib. O, narkotikdən əziyyət çəkən, daim polis nəzarəti altında olan bir ailədə böyüyüb. Anasının ona verdiyi tərbiyə onu dünyaya fərqli baxmağa vadar edib. O, erkən yaşlarında siyasətlə maraqlanıb, Şekspir və Makiyavellini oxuyub.
DJ Master Tee mahnının əsas musiqisini yaratdıqdan sonra Tupak bu parça üzərində işləməyə başlayıb.
Tupak mahnını qeydə alarkən bir çox mahnılarında olduğu kimi səsini üst-üstə yığmayıb. Bunun əvəzinə, onun səsi burada daha sakit və emosionaldır, elə bil ki, dinləyici ilə təkbətək söhbət edir.
Mahnı 1995-ci ildə Billboard siyahılarında zirvəyə qalxıb və ABŞ Konqres Kitabxanasının Milli Qeydlər Reyestrinə daxil edilən ilk solo rep mahnısı olub.
Tupak həyatının son illərində qarışıq və çətin bir dövr keçirib. O, 1996-cı ildə Las-Veqasda baş verən atışmada həyatını itirib. Amma “Dear Mama” mahnısı onun həqiqi hisslərini və anasına olan sevgisini əbədiləşdirib.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
