Bu gün:

Sirr pərdəsi altında: Dünyanı idarə edən təşkilatlar


Dünyada bir çox sirli və gizli təşkilatlar mövcuddur ki, onların fəaliyyəti zaman-zaman geniş müzakirələrə səbəb olub. Bu təşkilatlar adətən gizlilik və sirr pərdəsi altında fəaliyyət göstərərək, cəmiyyətə və dünya hadisələrinə mühüm təsirlərini göstərməyə çalışırlar. Bir çoxu müasir dövrə qədər öz mövqelərini qoruyub saxlayaraq müxtəlif siyasi, iqtisadi və sosial hadisələrə yön verməkdə iddia olunur. Belə təşkilatlar bəzən tənqidçiləri tərəfindən gücün mərkəzləşdirilməsi və yeni dünya nizamının qurulması məqsədilə fəaliyyət göstərən qruplar olaraq görülür. Onların sıx qapalı strukturları və daxilindəki xüsusi ayinlər, mübahisəli sualların yaranmasına səbəb olur.


1. Bilderberq qrupu
Bilderberq qrupu sözün əsl mənasında gizli bir cəmiyyət deyil, lakin gizlilik pərdəsi altında fəaliyyət göstərir. Buna görə də müxtəlif konspirasiya nəzəriyyələrinin mövzusu olur. Qrup 1954-cü ildə qurulub və o vaxtdan bəri üzvləri hər il xüsusi bir konfransda bir araya gəlirlər. Buraya dünya liderləri, bankirlər, iqtisadçılar və media maqnatları qatılır.
Cəmiyyət İkinci Dünya müharibəsindən sonra anti-Amerika hisslərinin yayılmasından narahat olan insanlar tərəfindən yaradılıb. Lakin illər keçdikcə onların məqsədinin müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı inkişaf etdirmək olduğu deyilir. Onların konfranslarına media buraxılmır, heç bir mətbuat açıqlaması verilmir. Görüş yeri silahlı mühafizəçilərlə dolu olur və hətta döyüş təyyarələri yerləşdirilir. Bu səbəbdən onlar sərt tənqidlərə məruz qalırlar.


2. İlluminati
İlluminati tarixdəki ən məşhur gizli cəmiyyətdir. 1 may 1776-cı ildə Almaniyada təsis edilib və xurafat, önyarğı, ictimai həyatda dini təsirlər, hakimiyyətin sui-istifadəsi ilə mübarizə aparmaq, eyni zamanda qadın təhsilini və gender bərabərliyini dəstəkləmək məqsədini daşıyırdı.
Bu təşkilatın yaradılmasından bəri İlluminatinin fəlakətlərə və iqtisadi böhranlara səbəb olduğu iddia edilir. Onların Fransız inqilabının əsas səbəbkarı olduğu düşünülür.
Rəsmi olaraq 1785-ci ildə buraxılsalar da, bu gün onların mövcudluğunu sübut edən heç bir dəlil yoxdur. Lakin bu "yox olma" onları daha da sirli edib. Deyilənə görə, onlar yeni dünya nizamı yaratmaq üçün qlobal hadisələri idarə edirlər. Konspirasiya nəzəriyyəçiləri bildirirlər ki, ABŞ prezidentləri də daxil olmaqla, bir çox mühüm şəxs bu təşkilatın üzvüdür.

3. Tule Cəmiyyəti
Bir çox gizli təşkilatın pis niyyətləri olduğu iddia edilsə də, Tule cəmiyyəti bunu sübut edib.
1918-ci ildə Münhendə yaradılmış bu təşkilat əvvəlcə okkultizmlə məşğul olurdu, lakin tezliklə yəhudilərə və digər xalqlara qarşı irqçi münasibət bəsləyən, Ari irqinin ideologiyasını yaymağa çalışan bir təşkilata çevrildi.
1919-cu ildə Almaniyanın Fəhlə Partiyasını təsis etdilər və Adolf Hitler bu partiyanın üzvü oldu. Cəmiyyətin üzvləri inanırdılar ki, almanlar Atlantisdən gələn üstün irqin nümayəndələridir və Hitler uzun zamandır gözlənilən xilaskardır. Həmçinin onlar svastikanı (faşist simvolu) və "Sieg Heil" salamını təklif etdilər.


4. Assassinlər
Assassinlər ("Haşiş istifadəçiləri") 13-cü əsrdə Yaxın Şərqdə fəaliyyət göstərmiş sirli müsəlman sui-qəsdçilər qrupu idi. Şiə müsəlmanları tərəfindən utopik bir şiə dövləti qurmaq məqsədilə yaradılmışdı. Onlar düşmənə qarşı partizan taktikalarından istifadə edirdilər ki, bunlara casusluq, sabotaj və siyasi qətllər daxil idi.
Əfsanələrə görə, sui-qəsd etməzdən əvvəl haşiş istifadə edirdilər. Düşmən liderləri isə çox vaxt yuxudan yastıqlarının yanında bir bıçaq və edam mesajı ilə oyanırdılar. Onların İranda Əlamut adlı keçilməz bir qalası var idi. Orden 1090-cı ildə Həsən Sabbah tərəfindən burada qurulmuşdu. Ancaq 1256-cı ildə monqollar bu qalaya hücum edərək onu məhv etdilər.


5. Masonlar
Dünyanın ən nüfuzlu təşkilatlarından biri olan masonların təxminən altı milyon üzvü var. Bu gizli cəmiyyət 1717-ci ildə yaradılıb, lakin onların mövcudluğuna dair sənədlər daha əvvəl, XVII əsrə qədər gedib çıxır. Masonlar Cəmiyyəti eyni fəlsəfi ideyalara sahib insanların qardaşlığı kimi formalaşmışdı və ali varlığa inancı əsas götürürdü.
Hər yeni üzv usta dərəcəsinə yüksəlmədən əvvəl üç fərqli mərhələdən keçməlidir. Üzvlər arasında xüsusi salamlaşma qaydaları var ki, bunlara əl sıxma, jestlər və müxtəlif kodlar daxildir. Məşhur masonlar arasında Goethe, Atatürk, Corc Vaşinqton və başqaları olmuşdur.


Mənbə: Telegraph
Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et