
Günəşin çox isti olmasına baxmayaraq, kosmosun böyük hissəsi soyuq qalır. Bunun əsas səbəbi kosmosun demək olar ki, tamamilə boş olması və istiliyin ötürülməsi üçün lazım olan maddi mühitin olmamasıdır.
İstilik ötürülməsi üç əsas üsulla baş verir:
1. Keçiricilik (konduksiya) – bərk cisimlərdə molekulların titrəməsi ilə istilik ötürülür.
2. Konveksiya (daşınma) – maye və qazlarda temperatur fərqləri nəticəsində istilik axınları yaranır.
3. Şüalanma (radiyasiya) – istilik elektromaqnit dalğaları vasitəsilə yayılır.
İlk iki üsul maddi mühit tələb edir, lakin şüalanma boşluqda da baş verə bilər.
Kosmosda maddə sıxlığı çox aşağı olduğuna görə, keçiricilik və konveksiya ilə istilik ötürülməsi mümkün deyil. Bu səbəbdən istilik əsasən Günəşdən gələn elektromaqnit dalğaları şəklində yayılır. Bu enerji planetlər və digər maddi obyektlər tərəfindən udulub istiliyə çevrilir. Lakin kosmosun böyük boşluqlarında bu enerjini udan heç nə olmadığı üçün həmin bölgələr soyuq qalır.
Yəni, Günəşin yüksək temperaturuna baxmayaraq, kosmosda istilik ötürmək üçün mühit olmadığından onun böyük hissəsi soyuq qalır.
Mənbə: bilim up
Tərcümə etdi: Sevil Azər
