Musiqi həyatımızın ayrılmaz hissəsidir. Səhər yuxudan duranda, işləyərkən, idman edərkən və ya sadəcə istirahət edərkən əhvalımıza uyğun mahnını açıb qulaq asmaq çox insanda vərdişə çevrilib. Bəs dinlədiyiniz musiqi növünün sizə necə təsir etdiyini heç düşünmüsünüzmü? Elmi araşdırmalar göstərir ki, musiqi bizim duyğularımızı, motivasiyamızı və hətta davranışlarımızı formalaşdıra bilir. Yaxşı, bu təsirlər nədir?

Musiqi və duyğular: Onlar əhvalımızı necə dəyişir?
Musiqinin ən əsas təsirlərindən biri duyğularımızı birbaşa dəyişdirə bilməsidir. Araşdırmalar göstərir ki, sürətli və enerjili melodiyalar xoşbəxtliyi, motivasiyanı artırır, melanxolik və yavaş mahnılar isə kədər və nostalji hisslərini tətikləyir. Məsələn, bir təcrübədə iştirakçılar müxtəlif növ musiqilərə qulaq asıblar və onların emosional reaksiyaları ölçülüb. Nəticədə müsbət çalarlı musiqi dinləyən insanların əhval-ruhiyyəsinin xeyli yaxşılaşdığı, melanxolik melodiyaları dinləyənlərin isə daha introvert və düşüncəli olduğu müşahidə edilib. Bu da musiqinin müalicəvi təsirini vurğulayır.
Motivasiya və məhsuldarlıq: Musiqi iş performansını artırırmı?
Musiqi təkcə duyğularımıza deyil, həm də iş fəaliyyətinə təsir edə bilər. Diqqəti asanlaşdıran və motivasiyanı artıran musiqi janrları məhsuldarlığı artırmaq üçün bir çox insanlar tərəfindən üstünlük verilir. Kanadada aparılan bir araşdırma proqram şirkətlərində çalışan şəxslərin daha uzun müddət öz işlərinə fokuslandığını və musiqi dinləyərkən işdən məmnunluqlarının artdığını müəyyən edib. Eynilə, musiqi dinləmənin öyrənmə proseslərinə təsirini araşdıran bir araşdırmada xarici dil öyrənən şagirdlərin musiqi müşayiəti ilə daha yaxşı fəaliyyət göstərdikləri müəyyən edilib.
Ancaq yadda saxlamaq lazımdır ki, bir musiqi hamıya eyni cür təsir etmir. Bəzi insanlar üçün sözləri olmayan klassik musiqi konsentrasiyanı artırır, digərləri üçün isə elektron və ya lo-fi melodiyalar daha təsirli ola bilər. Burada önəmli olan insanın özünə uyğun olan musiqini kəşf etməsidir.
Şəxsiyyət və musiqi zövqü: Musiqi seçimlərimiz bizi əks etdirirmi?
Musiqi seçimlərimiz şəxsiyyətlərimiz haqqında ipuclarını ortaya qoya bilərmi? Araşdırmaya görə, açıq fikirli və intellektual şəxslər, ümumiyyətlə, caz, klassik və ya eksperimental musiqiyə üstünlük verirlər, ekstrovert və enerjili insanlar isə daha çox pop və rəqs musiqisinə qulaq asırlar. Müəyyən edilmişdir ki, introvert insanlar isə melanxolik və sözləri ağır mahnılara üstünlük verirlər.
Bundan əlavə, musiqinin insan davranışına təsiri də maraqlıdır. Məsələn, restoranlarda aparılan eksperimentdə müştərilər sosial yönümlü sözləri olan mahnılar eşitdikdə bəxşiş faizləri də artıb. Bu onu göstərir ki, musiqi təkcə fərdi səviyyədə deyil, sosial əlaqələrimizə rəhbərlik edə bilər.
Musiqi və istehlak vərdişləri: reklamlarda musiqinin gücü
Eyni zamanda musiqidən kommersiya aləmində də güclü alət kimi istifadə olunur. Reklam və marketinq sənayesi istehlakçıların satın alma qərarlarına təsir etmək üçün musiqinin gücündən istifadə edir. Tədqiqatlar göstərir ki, düzgün seçilmiş musiqi müştərilərin məhsullara marağını artıra və onların alışa meylinə təsir edə bilər. Xüsusilə, emosional əlaqə yaradan musiqilər brendləri daha yaddaqalan edir.
Bizi formalaşdıran musiqinin gücü
Dinlədiyimiz musiqi təkcə həzz almaq üçün deyil, həm də əhval-ruhiyyəmizi tənzimləmək, motivasiyamızı artırmaq və hətta sosial əlaqələrimizə rəhbərlik etmək üçün güclü bir vasitədir. Öz musiqi seçimlərinizi nəzərdən keçirərək, hansı janrların sizə uyğun olduğunu müəyyən edə və həyatınızı daha şüurlu şəkildə istiqamətləndirə bilərsiniz. Musiqi yalnız əyləncə vasitəsi deyil, həm də psixologiyamızı formalaşdıran güclü elementdir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
