24media.az saytının budəfəki müsahibi Ekoloq Fikrət Cəfərovdur. O, sənayeləşmə və nəqliyyatın artmasının hava keyfiyyətini pisləşdirməsi və sağlamlığa təsir etməsi ilə bağlı fikirlərə aydınlıq gətirib.
Azərbaycanın ən böyük sənaye mərkəzlərində neft və qaz sahələrində hava çirkliliyi nə dərəcədə kritikdir və bu vəziyyəti yaxşılaşdırmaq üçün hansı islahatlar lazımdır?

-Bu gün atmosferə atılan çirkləndirici maddələrin səviyyəsi o qədər də yüksək deyil. Əgər sovet dövrünün 90-cı illərini nəzərə alsaq, o zaman Sumqayıt və Bakı şəhərlərində böyük sənaye müəssisələri fəaliyyət göstərirdi. Həmin dövrdə çirklənmə səviyyəsi kifayət qədər yüksək idi. Lakin bu gün vəziyyət dəyişməkdədir. Yeni müəssisələr inşa edilir, onlar müasir texnologiyalar əsasında qurulur və çirkləndirici maddələri tutmaq üçün xüsusi filtrlərlə təmin edilir.
Hazırda Azərbaycanda atmosferin çirklənməsinə ən çox təsir edən amillərdən biri nəqliyyatdır. Xüsusilə də bunu Sumqayıt, Gəncə və Bakı kimi böyük şəhərlərdə görürük. Dövlət bu problemin qarşısını almaq üçün müəyyən addımlar atır. Lakin bu tədbirlər vəziyyəti köklü şəkildə dəyişmir. Nəqliyyat və logistika infrastrukturu tamamilə yenidən qurulmalıdır. Hazırda əsas diqqət yolların genişləndirilməsinə və yeni yolların çəkilməsinə yönəldilir. Ancaq bu, problemi tamamilə həll etmir. Çünki küçələr nə qədər genişləndirilsə də, tıxaclar yenidən yaranır.
Məsələn, Sumqayıt istiqamətində yeni yol çəkilməsi və şəhərin mərkəzində, eləcə də kənar hissələrində yolların genişləndirilməsi nəzərəçarpacaq bir fərq yaratmır. Çünki geniş yollar dar yerlərə çatdıqda tıxaclar qaçılmaz olur. Şəhərin mərkəzini götürdükdə isə hər tərəfdən geniş yollar gəlsə də, onlar mərkəzdəki küçələrə birləşəndə sıxlıq yaranır. Bu gün biz bütün istiqamətlərdə tıxacları müşahidə edirik.
Azneft Meydanı, 20 Yanvar dairəsi və Zığ yolunda normalda 20-25 dəqiqə çəkən yolun tıxac səbəbindən 1,5-2 saat vaxt aparması vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bu problemin həlli üçün alternativ yollar nəzərdən keçirilməlidir. Məsələn, tramvay xətlərinin bərpası, hava limanı ilə nəqliyyat əlaqələrinin gücləndirilməsi, yük maşınları üçün xüsusi yolların çəkilməsi kimi təkliflər var. Əsas məqsəd yol infrastrukturunun yükünü azaltmaq və nəqliyyat axınını tənzimləməkdir.
Mina Yadigarlı
