Antarktidanın uzaq okean axınları iqlim, qida və müxtəlif ekosistemlərə böyük təsir göstərir.

Antarktika ətrafında saat əqrəbi istiqamətində hərəkət edən Antarktika Qütb Cərəyanı dünyanın ən güclü cərəyanıdır. O, Gulf Stream-dən beş dəfə, Amazon çayından isə 100 dəfə güclüdür. Bu cərəyan Sakit, Atlantik və Hind okeanlarını birləşdirən qlobal okean "konveyer kəmərinin" vacib bir hissəsidir və Yer kürəsinin iqlimini tənzimləyərək su, istilik və qida maddələrini dünyaya nəql edir.
Lakin Antarktidada əriməkdə olan buzların buraxdığı təzə, soyuq su okean suyunun duzluluğunu azaldır və bu həyati əhəmiyyət kəsb edən axını təhdid edir. Yeni araşdırmalara görə, Antarktika Qütb Cərəyanı 2050-ci ilə qədər qlobal istiləşmə nəticəsində 20% zəifləyəcək.
Qütb cərəyanının rolu
Antarktika Qütb Cərəyanı buzla örtülmüş qitənin ətrafında bir xəndək kimi fəaliyyət göstərərək, isti suyu kənarda saxlayır və buzlaqları qoruyur. Bundan əlavə, invaziv öküz laminariyasına və bu yosun təbəqələrində yaşayan heyvanlara qarşı maneə rolunu oynayır. Cərəyan Antarktidaya yaxınlaşan laminariya döşəklərini parçalayaraq ekosistem balansını qoruyur.
Dünya iqliminin tənzimlənməsində böyük rola malik olan bu cərəyan Gulfstream, Kuroshio və Aqulhas kimi daha yaxşı tanınan cərəyanlardan fərqli olaraq, uzaq coğrafi mövqeyinə görə tam olaraq öyrənilməmişdir. Bu, onun birbaşa ölçülməsini çətinləşdirir.
Nəzəri olaraq, Antarktida ətrafında suyun istiləşməsi cərəyanın sürətlənməsinə səbəb olmalıdır. Bununla belə, sıxlıq dəyişir və küləklər də cərəyanın gücünə təsir göstərir. İsti su daha az sıx olduğu üçün cərəyanı sürətləndirməlidir, lakin müşahidələr göstərir ki, son illərdə onun gücü nisbətən sabit qalıb.
Bu sabitliyin ətrafdakı buzların əriməsinə baxmayaraq davam etməsi hələ də elmi müzakirələrin tam şəkildə izah etmədiyi məsələlərdən biridir.
Zəifləmənin nəticələri
Antarktika Qütb Cərəyanının zəifləməsi ciddi və geniş miqyaslı təsirlərə malik ola bilər. O, Antarktika ekosistemində mühüm rol oynayır və qida ilə zəngin suların dövr etməsinə kömək edir. Bu cərəyanın zəifləməsi sahil icmalarının asılı olduğu bioloji müxtəliflik və balıqçılıq məhsuldarlığının azalmasına səbəb ola bilər.
Bu dəyişikliklər təkcə Antarktida ətrafındakı ekosistemlərə deyil, həm də qlobal iqlimə və okean sirkulyasiyasına təsir göstərəcək. Qlobal istiləşmə ilə mübarizə tədbirləri görülmədiyi təqdirdə, bu dəyişikliklər gələcəkdə daha da sürətlənə bilər.
Mənbə: BBC. News
Tərcümə etdi: Mina Yadigarlı
