Bu gün:

117 yaşına qədər yaşayan qadının hüceyrələri araşdırılıb


ABŞ-da anadan olmuş və dünyanın ən uzunömürlü insanlarından biri hesab edilən qadın İspaniyada 117 yaşında vəfat edib. O, uzunömürlülüyünü “şansa və yaxşı genetikaya” bağlayıb. Görünür ki, Mariya Branyas Morera haqlı olub.  

Branyasın ölümündən əvvəl alimlər tərəfindən başladılan mikrobiom və DNT araşdırmaları göstərib ki, onun irsən aldığı genlər hüceyrələrinin öz yaşından 17 il daha gənc kimi davranmasına səbəb olub. Barselona Universitetinin genetika üzrə professoru, yaşlanma sahəsində aparıcı mütəxəssislərdən biri olan Manel Estellerin rəhbərlik etdiyi araşdırmaya əsasən, Branyasın mikrobiotası – əsasən bağırsaqlardakı faydalı bakteriyalar – sağlamlığın qorunmasında mühüm rol oynayıb və yeni doğulmuş körpənin mikrobiotasına bənzəyib.  


Branyasın ömrünün böyük hissəsini keçirdiyi bölgəni işıqlandıran «Ara» qəzeti ilk dəfə olaraq onun “imtiyazlı genomu” ilə bağlı araşdırmanın nəticələrini dərc edib. Estellerin komandası müəyyən edib ki, Branyas həyatının sonuna qədər demək olar ki, zəka və düşüncə aydınlığını qoruyub.  


Onun uzun illər ərzində qarşılaşdığı xəstəliklər isə əsasən oynaq ağrıları və eşitmə itkisi ilə məhdudlaşıb. Tədqiqatçılar vurğulayıb ki, Branyas sağlam həyat tərzi sürüb və bu da onun unikal genetik imkanlarından maksimum istifadə etməsinə kömək edib. O, Aralıq dənizi pəhrizinə riayət edib və gündə üç qatıq yeyib.  


Araşdırmanın nəticələrinə görə, Branyas spirtli içkilərdən və siqaretdən uzaq olub, mütəmadi gəzintilərə çıxıb və hər zaman ailəsinin və sevdiklərinin əhatəsində yaşayıb. Görünür, bu amillər həm fiziki, həm də zehni geriləmənin qarşısını almaqda ona kömək edib və ömrünü uzadıb.  


Esteller və onun həmkarları Branyas üzərində aparılan araşdırmanın yaşlanma ilə bağlı xəstəliklərə qarşı yeni dərman və müalicə üsullarının hazırlanmasına faydalı töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.  


Branyas 4 mart 1907-ci ildə San-Fransiskoda doğulub. Onun valideynləri İspaniya və Meksikadan ABŞ-a köçüb. O, bir müddət Texas və Yeni Orleanda yaşadıqdan sonra ailəsi 1915-ci ildə – Birinci Dünya müharibəsi zamanı – yenidən İspaniyaya qayıdıb və Kataloniyada məskunlaşıb. O, öz ömrü boyunca İspaniya Vətəndaş Müharibəsi, İkinci Dünya Müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID-19 kimi bir çox mühüm qlobal hadisələri görüb.  


Branyas 2020-ci ildə COVID-ə yoluxub və bu, onun adını beynəlxalq xəbərlərin gündəminə gətirib. O dövrdə İspaniya pandemiyadan ən çox təsirlənən ölkələrdən biri olub və qoruyucu peyvəndlər hələ mövcud olmayıb. Ancaq onun xəstəliyi simptomsuz keçib və o, asanlıqla sağalıb.  


Branyas, 118 yaşında vəfat etmiş fransız rahibə Lüsil Randonun ölümündən sonra dünyanın ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Ginnesin veb-saytında ondan uzunömürlülüyü barədə soruşublar.  


“Düşünürəm ki, uzun yaşamaq bir qədər də şans məsələsidir”, – deyə Branyas cavab verib və daha sonra fikrini səsdən mətnə çevirən cihaz vasitəsilə ifadə edib: “Şans və yaxşı genetika.”


Mənbə: www.theguardian.com

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et