Bu gün:

"Yaşıl iqtisadiyyat dairəvi modelin əhəmiyyətini daha da artırır"


24media.az-ın budəfəki qonağı iqtisadçı ekspert Eldəniz Əmirovdur. O, yaşıl iqtisadiyyatın mahiyyəti və ənənəvi iqtisadiyyatdan əsas fərqləri barədə danışıb. 

- Yaşıl iqtisadiyyatın yaranmasına hansı amillər səbəb olub?

Son illərdə ekoloji problemlərin artması yaşıl iqtisadiyyatın inkişafını zəruri edib. Yaşıl iqtisadiyyat təkcə iqtisadi artımı deyil, həm də ekoloji tarazlığın qorunmasını təmin edir. Bu model, təbii ehtiyatların davamlı istifadəsini dəstəkləyərək ətraf mühitə dəyən zərəri minimuma endirir.

Əsas məqsəd iqtisadi fəaliyyətin ekosistemə mənfi təsirini azaltmaq və bərpa olunan enerji mənbələrindən istifadəni təşviq etməkdir. Bu baxımdan, yaşıl iqtisadiyyatın əsas prinsipləri tullantısız istehsal, resursların səmərəli idarə olunması və ekoloji dayanıqlılıqdır.

- Yaşıl iqtisadiyyatı ənənəvi iqtisadiyyatdan fərqləndirən cəhətlər hansılardır?

Ənənəvi iqtisadiyyat əsasən düzxətli modelə əsaslanır: təbii resurslar çıxarılır, emal edilir, istifadə olunur və nəhayət tullantıya çevrilir. Bu prosesdə ekoloji amillər tez-tez nəzərə alınmır, nəticədə təbiətə ciddi ziyan dəyir.

Yaşıl iqtisadiyyat isə dairəvi iqtisadi modelə əsaslanır. Burada məqsəd resursların davamlı istifadəsini təmin etmək və tullantıları minimuma endirməkdir. Məsələn, kənd təsərrüfatında fındıq istehsalını götürsək, fındıq ləpəsi əsas məhsul hesab edilsə də, qabıqları tullantı kimi atılmır, əksinə, mebel sənayesində və ya enerji istehsalında xammal kimi istifadə edilə bilər. Bu yanaşma iqtisadi resurslardan daha effektiv istifadə etməyə və ətraf mühiti qorumağa imkan yaradır.

Dünyada iqlim dəyişikliyi və ekoloji problemlər dərinləşdikcə, yaşıl iqtisadiyyata keçid qaçılmaz olur. Bu model həm ekoloji, həm də iqtisadi baxımdan uzunmüddətli perspektivdə dayanıqlılığı təmin edir.

Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et