24media.az-ın budəfəki qonağı sosioloq Lalə Mehralıdır. O, modanın sosial statusa, şəxsiyyətə və fərdi üsluba təsiri haqqında danışıb.

– Moda sosial status və şəxsiyyət haqqında nə ifadə edir?
Moda, əslində, qlobal istehsalçıların insanlara davamlı istehlak vərdişi aşılamaq üçün yaratdığı bir tələdir. Yəni insanları müəyyən qaydalar və çərçivələr daxilində saxlayaraq onlardan kənara çıxmağa imkan vermirlər. Halbuki əsl moda insanın özünə yaraşanı geyinməsidir – fərqi yoxdur, bu il, bu ay və ya bu gün. Lakin moda anlayışı cəmiyyətə təsir edərək məcburi bir davamlılıq tələb etməyə başladı. Artıq illik deyil, aylıq və mövsümlük dəb anlayışları yarandı. Beynəlxalq güclər modanın tez-tez dəyişməsini insanlara qəbul etdirdi və bununla da onların düşüncələrinə təsir etməyə başladı.
Bu gün moda adı altında insanlara öz seçimlərinə zidd davranmaq təlqin edilir. Dünən geyinmək istəmədiyi bir paltarı bu gün məcburiyyət qarşısında qalaraq geyinir. Bəs onu buna vadar edən nədir? Seçilməmək qorxusu, müasir görünmək arzusu və cəmiyyətin ona baxışı. Yəni insan fərqində olmadan, öz iradəsinə qarşı çıxır. Halbuki bir insanın geyimi onun həqiqi şəxsiyyətini müəyyənləşdirmir.
Bizdə bir misal var: "İnsanı geyiminə görə qarşılayır, danışığına görə yola salırlar". Bu, əslində, insanın geyimindən çox, düşüncələri və şəxsiyyəti ilə qiymətləndirildiyini göstərir. Lakin moda toruna düşən insanların sayı nə qədər çox olarsa, qlobal istehsalçılar üçün bir o qədər sərfəlidir. Çünki bu insanlar şüursuz istehlakçılara çevrilir və hər fəsildə yeni geyim almağa məcbur olurlar. Əks halda, moda sənayesi milyonlarla insana hər mövsüm yeni məhsullar satmaq şansı əldə edə bilməzdi.
– Qloballaşma fərdi üslub anlayışına necə təsir edir?
Bu təsir o qədər güclüdür ki, artıq insanların üslubunu özləri deyil, moda mafiyası müəyyənləşdirir. Məsələn, ötən il böyük ölçülü pencəklər dəbə mindi. Əsl ölçüsü S olan, 45 kilo çəkisi olan bir xanım XL ölçülü pencək geyinməyə məcbur hiss etdi. Niyə? Çünki qlobal moda mafiyasının təsiri altına düşdü. Beləcə, insanlar öz rahatlıqlarını və fərdi üslublarını unudaraq, modanın diqtə etdiyi qaydalara tabe olurlar.
İnsan üçün normal olan özünə yaraşanı geyinməkdir. Amma hər il fərqli bir geyim forması dəbə düşür və insanlar onu almaq məcburiyyətində qalırsa, bu artıq normal deyil. Bu, fərdi üslubun yox olması və böyük güclərin insanların geyim seçimlərini idarə etməsidir.
Zeynəb Yunuszadə
