Qol düymələrinin dəqiq mənşəyini müəyyənləşdirmək çətindir. Bu mövzu ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Ən məşhurları hərbi və dünyəvi nəzəriyyələrdir.
Hərbi nəzəriyyə
Bu nəzəriyyəyə görə, pencəklərin qollarına düymələrin əlavə edilməsi hərbi mühitdə baş verib. Tarixi mənbələr bunu bir neçə məşhur şəxsiyyətlə əlaqələndirir: Kraliça I Yelizaveta, Prussiya kralı II Fridrix, Napoleon və admiral Nelson.
Düymələrin tətbiqinin əsas səbəbi əsgərlərin uniformalarını təmiz saxlaması olub. Əsgərlər adətən qollarını burunlarını silmək, göz yaşlarını təmizləmək və ya yaralarını bağlamaq üçün istifadə edirdilər. Bu vərdiş formanın görünüşünü pozub. Mis və digər materiallardan düzəldilmiş düymələr bu vərdişi çətinləşdirirdi və əsgərləri qollarını dəsmal kimi istifadə etməkdən çəkindirib. Bu üsul, eyni zamanda, hərbi geyimdə ədəb-ərkan qaydalarının qorunmasına kömək edib.
Dünyəvi nəzəriyyə
Bu nəzəriyyəyə görə, düymələr paltarların qollarının açıq olduğu dövrlərdə praktik məqsədlə istifadə olunmağa başlayıb. Tarix boyu kişilər hər yerdə – oxuyarkən, dağa qalxarkən, hətta torpaqda işləyərkən pencək geyiniblər. XIX əsrin sonlarında bağında işləyən bir centlmeni təsəvvür edin – o, köynəkdə deyil, məhz pencəkdə olmalı idi.
Düymələr bu problemi həll edib. Onların sayəsində insanlar gödəkçələrini çirkləndirmədən qollarını çırmalaya biliblər. Ancaq pencəyi çıxarmaq etiket qaydalarına zidd sayılırdı, çünki ictimai yerdə pencəksiz qalmaq alt paltarda olmaq kimi qəbul edilib.
Müasir dövrdə isə əksər hazır gödəkçələrin düymələri işlək olmur. Bunun əsas səbəbi, onları fərqli bədən quruluşlarına uyğun hazırlamaqdır. Əgər düymələr həqiqətən funksional olsaydı, qol uzunluğunu tənzimləmək çətin olardı.

Bununla yanaşı, işlək düymələrin olması gödəkçənin fərdi sifarişlə hazırlanmasına işarədir. Əgər gödəkçənin qollarında fessino (plaket, yəni üst-üstə düşən parça hissə) yoxdursa, düymələr də işlək olmur. Əgər işlək düymələr yoxdursa, bu, gödəkçənin hazır məhsul olduğunu göstərir.
Düymələrin sayı: 3, yoxsa 4?
Fərdi sifarişlə hazırlanmış kostyumlarda qol düymələrinin sayı iki əsas variantda olur: 3 düymə və ya 4 düymə.
• 3 düyməli qol – daha idman üslubuna malikdir. Xüsusilə blazer tipli gödəkçələr üçün idealdır və gündəlik, rahat tərzə daha çox uyğundur.
• 4 düyməli qol – daha klassik və rəsmi görünüş üçün nəzərdə tutulub. İşgüzar və ciddi geyimlər üçün uyğun hesab edilir. Bəzən xüsusi sifarişlə tikilmiş gödəkçələrdə qolun son düyməsi açıq buraxılır. Bu, düymə dəliyinin əl işləməsi ilə hazırlandığını vurğulamaq üçün edilir və xüsusilə 4 düyməli qollar üçün daha uyğun hesab edilir.
Mənbə: Lanieri
Tərcümə: Aysu Əsgərzadə
