Ovey adası Doneqal sahillərində yerləşən və avtomobillərin olmadığı bir yerdir. 1970-ci illərdə insanlar buranı tamamilə tərk edib. Ancaq indi yerli sakinlər buradakı həyat tərzini yenidən canlandırmağa çalışırlar. Macəra sevən səyahətçilər isə bu unudulan adada səmimi qarşılanır.
Atlantik Okeanının qərb Doneqal sahillərində yerləşən uzaq Ovey adası Cruit adasından təxminən 15 dəqiqəlik qayıq yolu məsafəsindədir. Cruit adası isə qısa bir avtomobil körpüsü vasitəsilə materiklə birləşir. Ovey adasına bərə xidməti yoxdur, ora yalnız kayak və ya şəxsi qayıqla gedə bilərsiniz. Elektrik və axar su olmadığı üçün yalnız materikdən uzaqda parıldayan uzaq işıqlar var və onlar müasir sivilizasiyanın və onun yaratdığı təzyiqlərin mövcudluğunu xatırladır.
Unudulan illər və yeni başlanğıc
Ovey adasında 1970-ci illərə qədər təxminən 100 nəfər yaşayıb və əhalisi 30 ailədən ibarət olub. Lakin materikdəki müasir rahatlıqların cazibəsi səbəbindən burada yaşayanların sayı azalmağa başlayıb və sonuncu sakinlər 1977-ci ildə adanı tərk ediblər. Bundan sonra ada 25 ildən çox müddətə tamamilə tənha və kimsəsiz qalıb.
Adanın yenidən canlanması
Adanın ilk dirçəliş dalğasında iştirak edənlərdən biri Paul Covan olub. O, yeniyetməlik illərini burada keçirib. Covan ailəsi 1970-ci illərdə Belfastdakı qarışıqlıqlardan (Troubles) qaçaraq Ovey adasına köçüb. Sonradan Covan və qardaşı ailələri ilə birlikdə Belfastda məskunlaşsalar da, 2000-ci illərin əvvəlində övladları üçün fərqli bir mühit yaratmaq məqsədilə qayıqla Ovey adasına qayıtmağa qərar veriblər. O vaxtlar ada tamamilə boşalıb və küləklər və Atlantik havası nəticəsində köhnə kotteclər dağılıb. Buna baxmayaraq, Covan və qardaşı adanın sakit və sülh dolu atmosferini bəyəniblər. Beləliklə, ailə evi bərpa etməyə və yeni evlər tikməyə başlayıb. Bu canlanmanı görən digər ada sakinlərinin nəsilləri də geri qayıdıb və köhnə evləri təmir etməyə başlayıblar. Materialların qayıqla gətirilməsi çətin olduğundan, bərpa prosesi asan olmayıb. Buna baxmayaraq, hazırda adada təxminən 20 ev bərpa olunub və yay aylarında 20-30 nəfər burada yaşayır. Adada bir hostel və çadır qurmaq üçün yer var, lakin mağazalar və digər obyektlər yoxdur.
Səyahətçiləri cəlb edən bir ada
Oveyin təcrid olunması həm yerli sakinləri, həm də səyahətçiləri buraya cəlb edir. Adanın mövsümi sakinləri müasir dünyanın təsirindən uzaq qalmaq istəyirlər. Bura gələn turistlər isə adətən gündəlik həyatın sürətindən uzaqlaşmaq və macəra yaşamaq üçün buranı seçirlər. Adanın dəniz mağaraları kayakçılar üçün qayalıqları isə alpinistlər üçün cəlbedicidir. Bundan əlavə, təbiət yürüşlərini sevənlər də buranı gəzməkdən zövq alırlar.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
