Akustik levitasiya səs dalğalarından istifadə edərək obyektləri havada saxlamağa imkan verir. Səsin bizi rəqs etdirmə və əhvalımızı dəyişdirmə gücünü hamımız bilirik, lakin o, həm də obyektləri havaya qaldıracaq qədər güclü fiziki qüvvəyə malikdir. Alimlər bu üsulu həşəratlar kimi kiçik obyektləri, eləcə də fərdi hüceyrələr kimi son dərəcə kiçik hissəcikləri havada saxlamaq üçün istifadə ediblər. Bu obyektlər mexaniki hissələr olmadan bir robot kimi idarə edilə bilər. İndiyə qədər yalnız nisbətən kiçik levitasiya qüvvələri yaradılıb, lakin nəzəri cəhətdən daha güclü qüvvələr də əldə edilə bilər və hətta insan ölçüsündə obyektlərin havada saxlanması mümkün ola bilər.

Akustik levitasiya nədir?
Havada sakitcə süzə bilmək fikri olduqca həyəcanvericidir. Bu, az və ya heç bir səy göstərmədən uzun məsafələri qət etməyə, əlçatmaz yerləri ziyarət etməyə və ya sadəcə arxaya söykənib istirahət etməyə imkan verə bilər. İnsanlar çoxdan özlərini və ya əşyaları havada saxlamağın yollarını düşünürlər, lakin bu ideyalar hələ də reallıqdan uzaq görünür.
Levitasiya filmlərdə də populyardır, lakin onun necə işlədiyinə dair izah adətən verilmir. Bəzi insanlar sehr kimi görünən bu gücə sahib olduqlarını iddia ediblər, lakin bu iddialar elmi araşdırmalara dözməyib. Bununla belə, akustik levitasiya, yəni səs dalğalarından istifadə edərək obyektləri havada saxlamaq elmi cəhətdən sübut olunmuş bir hadisədir.
Səs bir şey titrədikdə və enerji dalğaları yaratdıqda meydana gəlir. Bu titrəyişlər hava vasitəsilə qulaqlarımıza çatır. Hava molekullarının titrəyişləri nə qədər güclü olarsa, səs bir o qədər yüksək olur. Səs dalğaları müəyyən qüvvələr daşıyır, lakin adətən bunlar hiss edilməyəcək qədər zəif olur. Bunun ən ekstremal nümunəsi partlayışdır. Partlayış gücü çox yüksək amplitudalı səs dalğası olan zərbə dalğası vasitəsilə yayılır. Bu isə bizə göstərir ki, səs dalğaları havada qüvvələr daşıya və kifayət qədər güclü təsir göstərə bilər. Təsəvvür edə biləcəyiniz kimi, bu qüvvələr istənilən materiallara, o cümlədən canlı orqanizmlərə də təsir edə bilər.
Maqnitlər levitasiyaya təsir edə bilərmi?
Maqnit istifadə edərkən müəyyən metal obyektlərə uzaqdan qüvvə tətbiq olunduğunu tez bir zamanda görürsünüz. Maqnit müəyyən metalları özünə çəkmə gücünə malikdir ki, bu gücü dayandırmaq çox çətindir. Alimlər sübut ediblər ki, bu maqnit qüvvələrindən obyektləri levitasiya etmək üçün istifadə oluna bilər, amma yalnız maqnit materiallardan, məsələn, dəmirdən hazırlanan obyektlərdə işləyir. Adi maqnitlər canlı varlıqlara təsir edə bilmir. Lakin maqnitin gücü çox yüksək olarsa, diamaqnetik levitasiya adlanan bir effekt baş verə bilər və bu effekt canlı varlıqlara təsir edə bilər. Diamaqnetik levitasiyada maqnitin gücü o qədər yüksək olur ki, bu, canlı orqanizmdəki su molekullarını uzadıb onları kiçik maqnitlərə çevirir. Kiçik maqnitləşdirilmiş su molekulları daha sonra ilkin maqnit tərəfindən itələnə bilər.
Akustik levitasiyanın gələcəyi
Akustik levitasiyanın sahəsində gələcək illərdə maraqlı kəşflərin baş verməsi gözlənilir. Hazırda akustik levitasiyadan sadə toxumaların, məsələn, əzələlərin yaradılmasında istifadə olunur, növbəti addım isə daha mürəkkəb strukturların, məsələn, süni ürəklərin yığılması olacaq. Belə ideyalar mühəndislərin tibbi tədqiqatçılarla sıx əməkdaşlıq etməsinə gətirib çıxara bilər.
Mənbə: Frontiers for Young Minds
Tərcümə etdi: Arzu Qafarova
