Mars öz sirli gözəlliyi və fərqli qırmızı rəngi ilə daim diqqət çəkir. Bəs bu planetin qırmızı rəngdə olmasının səbəbi nədir? Alimlər hələ də bu sualın cavabını araşdırırlar. Bu günkü bloq yazımızda Marsın məşhur qırmızı rənginin elmi səbəblərini və son kəşfləri incələyəcəyik.

Mars niyə qırmızıdır?
Marsın qırmızı rəngi uzun illərdir alimləri və astronomiya həvəskarlarını heyran edir. Qırmızı Planetin bu unikal rəngi, səthində olan müxtəlif dəmir oksid növləri ilə əlaqələndirilir. Əvvəllər bu rənglənmənin əsas səbəbi kimi hematit adlı dəmir oksidi göstərilirdi. Hematit zamanla atmosferdəki dəmir və oksigenin reaksiyası nəticəsində əmələ gəlir və Marsın səthinə qırmızımtıl çalar verir.
Bununla belə, son tədqiqatlar Marsın səthində gözləniləndən fərqli bir dəmir oksidinin üstünlük təşkil etdiyini göstərib. Yeni tapıntılara əsasən, Marsın səthində əsasən ferrihidrit adlı dəmir oksidi mövcuddur. Ferrihidrit adətən soyuq su mühitlərində sürətlə əmələ gələn bir mineraldır. Bu da Marsın daha soyuq və su ilə zəngin bir mühitə malik olduğunu göstərir. Bu kəşf, Marsın keçmişdə daha çox Yerə bənzəyən, maye suyun mövcud olduğu və hətta potensial olaraq yaşamaq üçün əlverişli bir planet ola biləcəyinə dair mühüm sübutlar təqdim edir.
Alimlər bu nəzəriyyələri “NASA”nın Perseverance roveri və “ESA”nın Rosalind Franklin roveri kimi missiyalardan əldə edilən məlumatlarla daha da yoxlamaq imkanı əldə edəcəklər. Xüsusilə, Marsın səthindən götürülən nümunələrin Yerə qaytarılması, planetin qədim iqlimi və yaşama potensialı barədə daha çox məlumat əldə etməyə kömək edəcək.
Planetlərin rəngləri hansılardır?
Planetlər səth xüsusiyyətlərindən tutmuş atmosferlərinə qədər bir çox faktordan asılı olaraq müxtəlif rənglərə malikdir. Bu rənglər planetlərin kimyəvi tərkibinə, səth quruluşuna və günəş işığı ilə qarşılıqlı təsirinə görə dəyişir. İndi isə Günəş sistemimizdəki hər bir planetin rənginə daha yaxından nəzər salaq.
Merkuri
Merkuri Günəş sisteminə ən yaxın planetdir və ümumiyyətlə, boz və ya bir qədər qəhvəyi rəngdədir. Bu rəng planetin səthini əhatə edən sıx kraterlərin və tozlu qayaların nəticəsidir. Günəş işığı altında bu toz səthi tutqun və düz görünür.
Venera
Sıx və zəhərli atmosferi ilə tanınan Venera kənardan baxdıqda parlaq sarı-ağ görünür. Bu rəng atmosferdəki sulfat turşusu və digər qazların buludları ilə bağlıdır.
Dünya
Mavi və yaşıl tonların üstünlük təşkil etdiyi Yer kürəsi su və quru sahələrinin bolluğuna görə bu rəngləri daşıyır. Mavi, okeanlar; Yaşıl meşələrin və bol bitki örtüyü olan ərazilərin rəngidir.
Mars
Qırmızı Planet olaraq da bilinən Mars, səthində dəmir oksidinin bolluğuna görə xarakterik qırmızı rəngə malikdir. Bu, planetin torpağının və tozunun əks etdirdiyi rəngdir.
Yupiter
Yupiter müxtəlif rəngli zolaqlar və ləkələrlə örtülmüşdür. Bu nəhəng qaz planeti qəhvəyi, ağ, qırmızı və sarı çalarlarda bulud təbəqələri ilə diqqəti cəlb edir. Bu rənglərə müxtəlif kimyəvi tərkibli buludlar səbəb olur.
Saturn
Saturnun solğun qızılı görünüşü var. Planetin halqaları və bulud sistemləri açıq sarı, krem tonlarında olmaqla ona zərif görünüş verir.
Uran
Uran atmosferində metanın üstünlük təşkil etdiyinə görə parlaq mavi-yaşıl görünür. Bu qaz planetin əks etdirdiyi işığı udur və mavi bir çalar buraxır.
Neptun
Uran kimi Neptun da sıx metan atmosferinə malikdir, buna görə də, parlaq mavi rəng nümayiş etdirir. Bununla belə, Neptunun Urandan bir qədər tünd mavi rəngi var ki, bu da onun atmosfer tərkibindəki fərqlərlə bağlıdır.
Bu rənglər planetlərin səthi və atmosfer şəraiti haqqında mühüm məlumatlar verir və onları daha yaxşı anlamağa kömək edir.
Mənbə: Fikrimicit
Tərcümə etdi: Səidə Əsədli
