Sinaesteziya insanların ətraf aləmi fərqli hisslər vasitəsilə qəbul etməsinə səbəb olan bir nevroloji fenomendir. Məsələn, bəzi insanlar sözləri və ya səsləri rənglər kimi görür, bəzi rəqəmləri isə müəyyən məkanlarda yerləşdirilən kimi hiss edirlər. Bu fenomen dünyada təxminən 4.4% insanda mövcuddur və onların yaddaşını, öyrənmə qabiliyyətini gücləndirə bilər.
Sinaesteziyanın fərqli növləri var. Məsələn, qrafem-rəng sinaesteziyasında insanlar hər hərfi və ya rəqəmi müəyyən bir rəngdə görürlər. Səs-rəng sinaesteziyasında isə səslər müəyyən rənglərlə əlaqələndirilir.
Smadar Frisch bu fenomenə sahib olan insanlardan biridir və dilləri rənglər vasitəsilə daha sürətli öyrəndiyini söyləyir. Əvvəllər bu xüsusiyyət onun üçün çətinlik yaratsa da, rənglərə əsaslanan bir öyrənmə sistemi hazırlayaraq bir neçə dili qısa müddətdə mənimsəyə bilib.
Alimlərin araşdırmalarına görə, sinaesteziyaya sahib insanlar daha geniş söz bazasına, yaxşı qısa müddətli yaddaşa və yüksək diqqət qabiliyyətinə malik olurlar. Bu bacarıqlar isə yeni dilləri daha asan öyrənməyə kömək edə bilər. Məsələn, İngiltərənin Sussex Universitetində 6-10 yaşlı 6,000 uşaq üzərində aparılan bir araşdırma sinaesteziyaya sahib uşaqların dil öyrənmə bacarıqlarının daha yüksək olduğunu göstərib.
Kanada Universitetində aparılan başqa bir təcrübə göstərib ki, qrafem-rəng sinaesteziyası olan insanlar iki fərqli “süni dil” arasındakı fərqi daha tez anlayırlar. Bu da onların beyninin dilləri daha yaxşı strukturlaşdırdığını göstərir.
Bəzi tədqiqatçılar düşünür ki, sinaesteziya, xüsusilə, ikinci dili öyrənən insanlar arasında daha çox yayılıb. Digər bir araşdırma isə göstərib ki, uşaqlar 4-7 yaş aralığında rəngləri daha yaxşı ayırd etməyə başlayır və bu, onların sinaesteziya vasitəsilə dilləri daha yaxşı mənimsəməsinə kömək edə bilər. Ancaq sinaesteziya hər zaman üstünlük yaratmır. Məsələn, bəzi insanlar üçün bu fenomen çaşdırıcı ola bilər və hətta gündəlik ünsiyyəti çətinləşdirə bilər. Buna baxmayaraq, sinaesteziyanın insan beyninin dili və qavrayışı necə işlətdiyini anlamaqda vacib rol oynadığı düşünülür.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
