Bu gün:

Brawl Stars təhlükəsi: Telefona gələn mesajlar daha təhlükəlidir


Mobil oyunlarla bağlı təhlükələr getdikcə daha çox gündəmə gəlir. Roblox-un bloklanmasından sonra milyonlarla uşaq və gənc indi "Brawl Stars" oyununda şantaj və təhdidlərlə üzləşir. Mütəxəssis astroloq Aygül Aydının oğlu oyunda bir dəstə tərəfindən hədələnib və bu da uşaqların onlayn mühitdə nə qədər qorunmasız olduğunu göstərir. Aygül Aydın bildirib ki, oğlu “Ananızı və atanızı tapacağam, evinizi tanıyıram, gələcəm” kimi qorxulu mesajlar alıb. Bəs uşaqlar bu cür təhlükələrdən necə qoruna bilər? Valideynlər nələrə diqqət etməlidir?


Son zamanlar rəqəmsal oyunlarla bağlı təhlükələr daha çox müzakirə olunur. Xüsusilə uşaqlar üçün hazırlanan mobil oyunlar yalnız əyləncə məqsədi daşımır, eyni zamanda onları müxtəlif risklərlə qarşı-qarşıya qoyur. Oyundaxili ünsiyyət fişinq, zorakılıq və fırıldaqçılıq kimi təhlükələrə yol aça bilər. Mütəxəssis astroloq Aygül Aydın da bu problemlərlə şəxsən qarşılaşıb – oğlu oyunda ciddi təhdidlərlə üzləşib. 


Aygül Aydın oğlunun oynadığı “Brawl Stars” oyununda uşaqları hədəf alan təhlükəli bir dəstə ilə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, bu qrup uşaqları pul verməyə məcbur edir və hətta ailələrini tapmaqla hədələyir. Yaşadığı hadisəni belə izah edib: “Oğlumu oyunda hədələyib pul tələb ediblər. Müdaxilə edərək ‘anam icazə vermir’ deməklə vəziyyəti yumşaltmağa çalışdım. Lakin cavab qorxunc oldu: ‘Mən sənin ananı və atanı tapacağam. Evinizi bilirəm, gələcəm.’ Bu hədələrdən cəmi 10 dəqiqə sonra WhatsApp-da ‘Oğluna ədəb öyrət, məni aldatdı’ mesajı aldım". 


Aygül Aydın, rəqəmsal oyunlardakı tanımadığı insanlarla qurulan əlaqələrin nə qədər təhlükəli ola biləcəyini vurğulayaraq bildirib ki, hətta evə yemək göndərmək kimi günahsız bir hərəkət belə risk daşıya bilər. Onun sözlərinə görə, uşaqların oyunda tanış olduğu şəxslər ailələrin dincliyini poza və ciddi psixoloji təsirlər yarada bilərlər.


Bəs belə xüsusi məlumatları necə tapırlar?

Fırıldaqçılar hədəf aldıqları insanların məlumatlarına müxtəlif yollarla daxil ola bilərlər. Bunlardan ən əhəmiyyətlisi daha əvvəl sızdırılmış telefon nömrələri, e-poçt ünvanları və digər şəxsi məlumatların internetdə satışıdır.


Məlumat sızmaları müxtəlif platformalarda baş verdiyi üçün təcavüzkarlar bu məlumatları asanlıqla ələ keçirə bilirlər. Bununla yanaşı, sosial mühəndislik metodlarından istifadə edərək insanların sosial media hesablarını araşdırır və ünvan, ailə məlumatları kimi həssas bilgilərə çıxış əldə edirlər. Digər tərəfdən, onlar oyunlar və digər platformalar vasitəsilə uşaqlardan birbaşa şəxsi məlumatlarını soruşaraq bu bilgiləri öyrənə bilirlər.


Ailələr necə tədbir görməlidir?

Bu baxımdan ailələrin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan Prof. Dr. Əli Murat Kırık belə xəbərdarlıq edib:

“Ailələr uşaqlarını rəqəmsal dünyada qorumaq üçün bəzi ehtiyat tədbirləri görməlidirlər. İlk olaraq, valideyn nəzarəti aktivləşdirilməli və uşaqların hansı məzmuna daxil ola biləcəyi nəzarət altında olmalıdır. Uşaqlara virtual oyunlarda tanımadığı insanlarla ünsiyyətin riskləri izah edilməli və hər hansı təhlükə və ya pul tələbi ilə qarşılaşdıqları halda dərhal valideynlərinə məlumat vermələri öyrədilməlidir. Oyundaxili mesajlaşmalar mütəmadi olaraq yoxlanılmalı və şübhəli yazışmalar aşkar edilərsə, lazımi tədbirlər görülməlidir. Bundan əlavə, uşaqlara telefon nömrələrini və şəxsi məlumatlarını heç kimlə paylaşmamaları öyrədilməli, onların məlumatlılığı artırılmalıdır. Daha təhlükəsiz və idarə olunan oyun platformalarının seçilməsi də riskləri azaltmağa kömək edə bilər". 


Mənbə: Hüriyyet


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et