
17 fevral 1992-ci ildən etibarən insanlar və pişiklər arasında əlaqəni gücləndirmək və pişiklərin problemlərinə diqqəti artırmaq məqsədilə hər il dünyanın bir çox ölkəsində 17 fevral Dünya Pişik Günü kimi qeyd olunur. Bizimlə yaşayan tüklü dostlarımızın insan sağlamlığına nə faydası var?
1. STRESS SƏVİYYƏSİNİN AZALMASI
Pişiklərin insanlara verdiyi ən mühüm təsirlərdən biri onların stress və narahatlığı azaltmaq qabiliyyətidir. Pişiklərlə yaşamayan insanlar belə, gün ərzində internetdə vaxt keçirərkən baş rollarda pişiklərin yer aldığı videolara baxanda gülümsəməyə bilmirlər. Onlarla yaşamaq özlüyündə xoş və rahat bir təcrübə hesab olunur. Aparılan araşdırma pişiklərin insanların həyat keyfiyyətini artırdığını və stressi azaldığını göstərir. Sakitcə uzanıb mırıldayan pişiyin olması insan ruhuna sakitləşdirici təsir göstərir.
Pişiklərin itlərdən daha az reaktiv olduğuna inanılsa da, pişiklər də insanların duyğularını anlaya və reaksiyalarını onların əhval-ruhiyyəsinə uyğunlaşdıra bilirlər. 2015-ci ildə Animal Cognition jurnalında dərc edilən bir araşdırma, evdə yaşayan pişiklərin bəzi duyğuları insanların üz ifadələrindən ayıra bildiyini vurğulayır. Bu son dərəcə maraqlı araşdırma onu başa düşməyə imkan verir ki, pişiklərimiz özümüzü pis hiss etdiyimiz zaman bizə gəlməyə həmişəkindən daha çox hazırdır. Pişiklərin stress və narahatlığı azaltmasının səbəbi insan sağlamlığına zərər verən stress hormonlarının səviyyəsini aşağı salmasıdır. Kortizol səviyyələrində azalma gün ərzində yaşanan hadisələrə cavab olaraq hiss olunan stressi idarə etməyə imkan verir.
2. ÜRƏK TƏZYİQİNƏ VƏ ÜRƏK SAĞLAMLIĞINA TƏSİRİ
Pişiklərin insanlara digər mühüm töhfəsi onların stressi azaltma qabiliyyəti ilə sıx bağlıdır. Araşdırmalar göstərib ki, pişiklərlə yaşayan insanların infarkt riski, pişiklərlə yaşamayanlara nisbətən daha azdır. Bir pişik sahibi olması nəticəsində insanlar stresslə daha asan öhdəsindən gələ və daha sakit ola bilərlər ki, bu da ürək sağlamlığını dəstəkləyir. Pişiklərlə vaxt keçirmək kortizol səviyyəsini azaltmağa kömək edir və serotonin və dopamin kimi xoşbəxtliklə əlaqəli nörotransmitterlərin salınmasını artırır. Bütün bu təsirlər qan təzyiqini balanslaşdırmağa kömək edir. Stressin azaldılması və qan təzyiqinin tarazlaşdırılması nəticəsində infarkt riski azala bilər.
3. EMOSİONAL DƏSTƏK
Pişiklər, xüsusilə tək yaşayan və tənha hiss edən insanlar üçün emosional dəstək verə bilər. Bir pişiklə dostluq depressiyanı və narahatlığı azaltmağa və ya hətta tamamilə aradan qaldırmağa kömək edə bilər, Journal of Gerontology-də dərc olunan bir araşdırma göstərib ki, bir pişiklə yaşayan yaşlı yetkinlər pişik yoldaşı olmayanlara nisbətən daha az tənha və daha yaxşı psixi sağlamlıq vəziyyətinə malikdirlər.
4. YUXU KEYFİYYƏTİNƏ TƏSİRİ
Pişiklərin yuxu keyfiyyətinə təsirlərini müxtəlif aspektlərdən nəzərdən keçirmək mümkündür. Mənfi perspektiv pişiklərin səhər saatlarında ən aktiv olması faktına əsaslanır. Gecələr qəfildən evin ətrafında qaçmağa başlayan və insanlarla ünsiyyətdə səbirsiz olan pişiklərin yuxunu poza biləcəyi məlum bir həqiqətdir.
Başqa bir fikir budur ki, pişiklər insanların yanında yatdıqda, yuxuya getməyə daha az vaxt lazımdır və insanların daha rahat yatmasına kömək edir. Stressi azaltmaqla, yatmaq üçün daha rahat mühit yaratmaqla, təzyiqi tarazlaşdırmağa kömək etməklə insanların yuxu keyfiyyətini artıra biləcəklərini vurğulayan alimlər var.
Mənbə: Habertürk
Tərcümə etdi: Sona Osmanova
