"Qırx fil" adlı yalnız qadınlardan ibarət qrup öz xüsusi oğurluq və cibgirlik qaydalarına əsasən yaşayıb. İndi isə Peaky Blinders-in yaradıcılarından olan yeni Disney+ serialı bu dəstənin və onun “kraliçası” Meri Karrın vəhşi həqiqi hekayəsini izah edir.
Böyük bir şəhərdə fəaliyyət göstərən mütəşəkkil cinayət qrupu qeyri-adi bir şey deyil. Məsələn, mafiya, yakuzalar və triadlar kimi qruplar dünyanın müxtəlif şəhərlərində mövcuddur. "Qırx fil" dəstəsini fərqləndirən xüsusiyyətlər isə adlarının qeyri-adi olması, yalnız qadınlardan ibarət olması və bir “kraliça” tərəfindən idarə olunması olub.
"Min zərbə" serialı Disney+ platformasında yayımlanacaq və Peaky Blinders-in yaradıcılarından olan Stiven Nayt tərəfindən hazırlanıb. Serialın əsas personajları Meri Karr və Hezekiah Moskvadır.
Hezekiah Moskva XIX əsrin sonlarında Yamaykadan Londona gələn real tarixi şəxsiyyətdir. O, əvvəlcə aslan tərbiyəçisi olmaq istəyir, amma sonra məşhur boksçuya çevrilir. Bu maraqlı hekayə Naytı serialı yaratmağa ilhamlandırıb.
"Qırx fil" dəstəsinin əsas cinayət fəaliyyəti cibgirlik və mağazalardan oğurluq olub. Serialın ilk bölümü Moskva və dostunun Londona yeni gəldiyi vaxt başlayır. Onlar liman yaxınlığında Karr və onun dəstəsinin insanları soyduğunu görürlər. Ancaq Karrın planları daha böyükdür. O, cəsarətli bir soyğun hazırlayır. Karr öz dəstəsinə deyir: “Hər kəs aşağıdan oğurlaya bilər. Artıq zirvədən oğurlamaq vaxtıdır.” O, Moskva və döyüşçü Henri “Şəkər” Qudsonla Blue Coat Boy pabında görüşür və özünü belə tanıdır: “Qırx filin kraliçası, Londondakı ən böyük, ən çevik və ən müstəqil qadın oğrular dəstəsi”.
Meri Karr haqqında etibarlı tarixi məlumat azdır. Bilinən odur ki, Meri Karr 1862-ci ildə Londonda anadan olub. Onun həyatı çətin keçib. 14 yaşında mağaza oğurluğuna görə mühakimə olunub və 1881-ci ildə sərt qaydaları olan bir müəssisəyə göndərilib. Anası vəfat edib, atası isə ya həbsdə olub, ya da ölkədən çıxarılıb. Meri Covent Garden bazarında çiçək satıb. O, rəssamlar üçün model kimi də işləyib. Məşhur “Flaming June” tablosunun modeli olduğu deyilir. Sonralar o, təxminən 40 qadından ibarət “Qırx fil” adlı cinayətkar dəstənin lideri olub.
Fillərin qaydaları
Yazıçı Hallie Rubenholdun sözlərinə görə, "Qırx fil" dəstəsi haqqında uzun müddət ciddi araşdırma aparılmayıb. Onlar çox maraqlı, amma sirli bir qrupdur. Bəzi mənbələr onların XVIII əsrdən mövcud olduğunu desə də, bunun dəqiq sübutu yoxdur. Onlar haqqında ilk məlumatlar ancaq 1870-ci illərdə ortaya çıxıb.
Bu dəstə Londondakı Elephant and Castle bölgəsində fəaliyyət göstərib. Çox vaxt oğru kişilərdən ibarət Elephant Boys qrupunun sevgililəri və qohumları olub. Əsas işləri cibgirlik və mağaza soyğunçuluğu olub.
"Qırx fil" dəstəsinin xüsusi bir etik kodeksi – “hoister’s code” (hoist – oğurluq etmək) adlanan bir qaydalar toplusu mövcud olub. Bu qaydalardan bəziləri belə olub:
“Reyddən əvvəl içki içmək olmaz, erkən yatmaq vacibdir”
“Bir işdən əldə edilən qazanc iştirak edən hər kəs arasında bərabər bölünür”
“Üzvlər bir-birindən nə pul, nə də sevgili oğurlaya bilməzlər”
Meri Karr 1896-cı ildə altı yaşlı bir uşağı oğurladığı üçün həbs olunduqdan sonra onun dəstə üzərindəki nüfuzu zəifləməyə başlayıb. O, 1900-cü ildə yenidən oğurlanan malları almaqda günahlandırılıb və iki il həbs cəzası alıb. Bundan sonra onun həyatı aşağı düşüb və 1924-cü ildə öldüyü ehtimal olunur.
Karrın ölümündən sonra onun yerini Alice Diamond adlı bir qadın tutub. Diamond 1886-cı ildə cinayətkar valideynlərin ailəsində anadan olub. 17 yaşında bir papaq mağazasından oğurluq etdiyinə görə mühakimə olunub, 20 yaşında isə üzərində brilyant üzükdən hazırlanan “boks əlcəyi” daşıyıb. Diamond rəhbərliyi dövründə dəstə daha çox zorakılığa meyilli olub və onun idarəçiliyi "Min zərbə" serialında da əks olunub.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
